03 Dekabr 2025 08:20
291
CƏMİYYƏT
A- A+
Cümhuriyyət dövrü "Azərbaycan"da ordu quruculuğu məsələləri

Cümhuriyyət dövrü "Azərbaycan"da ordu quruculuğu məsələləri


Ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamış mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğı ilə bərabər, ölkənin ictimai fikir və dövlətçilik tarixində, eləcə də milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi qiymətləndirilən mətbuatımızın dünəninə, bu gününə və gələcəyinə böyük dəyərin nəticəsidir. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsinin - Cümhuriyyətin Konstitusiya aktı statusuna malik ilk hüquqi sənədin qəbul edilməsi ilə müstəqil Azərbaycan dövlətinin yarandığını bəyan etmiş, onun ərazisinin hüdudları müəyyənləşdirilmiş, dövlətin quruluşu, əsas fəaliyyət prinsipləri əksini tapmışdır.

Demokratik dövlətə məxsus atributların inkişafı üçün şəraitin yaradılması, suveren, demokratik, hüquqi dövlət quruculuğu işlərinin təbliğində dövrün aparıcı mətbu orqanları - "Açıq söz", "İstiqlal", "Bəsirət", "Şeypur", "Zənbur", "Övraqi-nəfisə", "Əfkari-mütəəllimin", xüsusilə "Azərbaycan" böyük rol oynamışdır. Həmin illər "Azərbaycan" qəzeti özünün yüksək inkişaf mərhələsi kimi ölkənin siyasi şüurunda istiqlal düşüncəsinin möhkəmləndirilməsinə də zəmin yaratmışdır. "Azərbaycan" milli dövlət quruculuğu prosesində həmişə ön mövqedə dayanmış və qəzetin uğurları da birbaşa Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi və aparılan islahatlarla bağlı olmuşdur. 

"Azərbaycan" qəzeti yeni yaranmış müstəqil dövlətdə baş verən demokratik dövlət quruculuğu prosesinin, parlamentdə qəbul olunan ən vacib qərarların öyrənilməsində bir arxiv, mənbə kimi istər mətbuat, istərsə də parlament tariximizin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

Ordu quruculuğu Azərbaycan parlamentində qəbul olunan ən vacib qərarlardan biri idi. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında olmaqla bərabər, əsarətdə yaşamağa da məhkum edilir. "Azərbaycanın istiqlaliyyətini hər növ müdafiə və istər daxildən və istərsə də xaricdən üzərinə gələn qara qüvvələrdən mühafizə edəcək" nizami orduya - özünün silahlı qüvvələrinə malik olmaq məsələsini təxirəsalınmaz bir məsələ olaraq qarşıya qoyur: "Tez bir zamanda istiqlaliyyətimizi müdafiə edə biləcək qüvvətli ordu təşkil edilsin" ("Azərbaycan" qəzeti, 20 yanvar 1919, N92). 

Azərbaycan milli istiqlal hərəkatının öncüllərindən olan M.B.Məhəmmədzadə yazırdı ki, istiqlalını elan edən azərbaycanlıların ilk məqsədi Milli Ordu təşkil etmək idi. Azərbaycanlıların çarizm dövründə əsgəri xidmətdən azad edilməsini yeni yaranmış hökuməti milli ordu təşkil etmək barəsində çox böyük çətinlik qarşısında qoymasını qeyd edən ədib vurğulayırdı ki, gürcü və ermənilərin Rusiyadan ayrılaraq istiqlal elan etdikləri vaxt hər növ silahla təmin edilmiş milli əsgəri hissələrə malik olduqları bir zamanda azərbaycanlılar yalnız dünya müharibəsinin əvvəllərində könüllü olaraq azərbaycanlılardan təşkil edilən 600 nəfərlik bir süvari alayına malik idi. Elə bu qüvvət də siyasi həyatımızın ilk titrək və çətin dövründə böyük xidmət göstərən müntəzəm və yeganə əsgəri qüvvəmiz idi. 

"Azərbaycan" qəzetinin ilk sayında Daxiliyyə naziri Behbud xan Cavanşir tərəfindən ordu quruculuğunda fərarilik hallarının, eləcə də imkanlı şəxslərin öz övladlarını hərbi xidmətdən müxtəlif vasitələrlə yayındırmalarının qarşısının alınması üçün elan verilir: "Əsgərliyə alınacaq yaşda olan bütün müsəlmanlar, yanlarında həmişəlik surətdə, uyezd Əxzi-Əsgər [hərbi qulluğa çağırış] İdarəsi tərəfindən verilmiş və özlərinin əsgərlikdən azad olduqlarını göstərən bir bilet saxlamağa məcburdur. Yanlarında böylə bir bileti olmayan şəxslər əsgərlikdən boyun qaçırmış hesab olunacaq və bunlar polis tərəfindən tövqif [həbs] ediləcəkdirlər". 

Ölkədə ordu quruculuğunun yaranması, ölkə əhalisinin bu işdə dəstəyini qazanmaq üçün xalqda milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyğusunun formalaşdırılmasında "Azərbaycan" qəzeti üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirdi: "Əhali anlamışdır ki, öz hüququnu ancaq silah ilə saxlaya bilər...Bir millət öz cümhuriyyət və istiqlalını müdafiə üçün cidası (süngüsü) cavan əsgərləri... olmalıdır" ("Azərbaycan", 28 fevral 1919).

"Azərbaycan" qəzetinin 5-ci sayında Nəsib bəy Yusifbəyli Qafqaz İslam Ordusuna, türk-islam birliyinin ən böyük ümid yeri olan türk qəhrəmanlarına - Nuru Paşa və onun əsgərlərinə qardaşlıq əllərini uzatdıqları və sevgili Azəbaycanı xain və zalım düşmənlərdən xilas etdiyinə görə minnətdarlıq ifadə edən bir müraciət dərc etdirir: "...üç kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir Azərbaycanlı türk qəlbində yaşadacaq və dilində təkrar edəcəkdir:

"Millət sizə minnətdardır".

Bu məqamda Nəsib bəyin Azərbaycan gəncliyinə müraciəti ilə ordu sıralarına qəzet vasitəsilə çağırışı da səfərbəredici funksiya mahiyyəti kəsb edir: "Şimdi sizə, ey Azərbaycan dəliqanlıları, sizə müraciət edirəm. Üzərinizdə nə qədər böyük və ağır vəzifə olduğunu bilirmisiniz? Artıq meydanda heç bir bəhanə qalmadı. Vətəniniz düşməndən xilas oldu və olur. Silah istəyirsiniz...Top istəyirsiniz, hazır. Digər ləvazimat istəyirsiniz, hazır. Hərbi məktəb istəyirsiniz, hazır. Müəllimlər və zabitlər istəyirsiniz, o da hazır...Haydı, yavrularım, haydı, silah başına! ...Yüz min qəhrəman omuz-omuza [çiyin-çiyinə] versin, ötəsi qolaydır".

Qəzetin 7-ci sayında Rza Zakir "Əsgərlik" məqaləsində Nəsib bəyin bu müraciətinə qoşulur, gəncləri yeni müstəqillik əldə etmiş Azərbaycanımızı mühafizə və o müqəddəs yurdumuzu müdafiə etməyə və dərhal hərəkətə keçməyə çağırır. "...dərhal əsgərliyə, əsgərliyə, yavrum, qoşmalısınız!" Əsgəri dünyada ən böyük bir fəzilət, ən ali bir şərafət zirvəsi kimi qiymətləndirir, onu millətin şanlı bir firqəsi, vətənin canlı bir qalası adlandırır. Müəllifə görə vətən üçün yaşayan, millətЃüçün dağlar aşan, düşməni yurduna soxmamaq üçün canını meydana qoyan əsgər vətənindən başqa bir şeyi düşünməz, onun uğrunda ölməkdən çəkinməz. Müəllif vətən övladlarına torpaq, millət sevgisini aşılayan bu məqalə ilə gələcəyin əsgərlərinin qarşısında müqəddəs vəzifə qoyur: "Əsgərlik vəzifəsi öylə bir vəzifədir ki, onu ancaq vətənin ən namuslu, ən qeyrətli övladları icra edə bilər. Fəqət vətən onun anası, millət isə qardaşı olduğunu bilməyənlər, bu vəzifə ilə mükəlləf olamazlar. ... ümid etməm ki, bir türk övladı bu izzü şərəfdən məhrum olmaq istəsin ... vətən imdadına qoşmaq istəməsin, ... vətənin namuslu övladı olmaq arzusunda bulunmasın. Fəqət iş burasındadır ki, bu gözəl arzular, bu müqəddəs vəzifələr həp, həp əsgərliklə hüsulpəzir olacaqdır [hasilə gələcəkdir]" (1918, N7). 

Qəzetin səhifələrində dərc edilən bu çağırışlar gənc nəsildə böyük ruh yüksəkliyi yaradır, vətənpərvərlik hisslərini oyatmaqla onların könüllü orduya qoşulmasında böyük rol oynayırdı. 

1918-ci il oktyabrın 11-də "Azərbaycan" qəzetində Azərbaycan Hökumətinin rəisi Fətəli xan Xoyskinin imzaladığı "Azərbaycan Hökuməti Mükəlləfiyyəti-Əsgəriyyə Qanuni-Müvəqqəti [Hərbi Mükəlləfiyyət Haqqında Müvəqqəti Qanun]" dərc edilir. Bu, AXC dövründə imzalanan ilk hərbi qanunverici hüquqi akt idi. 26 müddəanı əks etdirən bu hüquqi sənəddə hərbi xidmətə çağırışla bağlı yaş həddi, möhlət və güzəştlər, komissiyalar, aidiyyəti təşkilatlar və digər mühüm və əhəmiyyətli maddələr öz əksini tapmışdır. 

Qəzet (15 oktyabr 1918, N15) böyük türk şairi Məmməd Əmin bəyin türk millətinə ünvanlanan duyğularının ifadəsi olan və Çanaqqala qəhrəmanlarına ithaf olunan "Zəfər yolunda ordu" dastanını cövhər, hər bir türk üçün saxlanacaq, əzbərlənəcək böyük və qiymətli əsər kimi təqdim edir:

Bu gün xaqan səfərbərlik elan etdi,

Əziz yurdun vaqur səsli davulları,

Babaları, qardaşları, oğulları

Ay-yıldızlı al bayrağın

O müqəddəs kölgəsinə çağırıyor,

"Ey qazilər" söylənilən hər soqağın

İçərsində "Hərbə!" deyə bağırıyor.

"Azərbaycan" qəzeti növbəti saylarında da hərbi xidmətə çağırış ərəfəsində milli ruhun yüksəlməsinə köklənən bu əsərdən parçalar dərc etməklə vətən oğullarını torpaqlarını erməni-daşnak və bolşevik birləşmələrindən təmizləmək üçün orduya - birliyə, qeyrətə səsləyir.

1918-ci ilin noyabr ayına qədər hərbi nazir vəzifəsi icra olunsa da, ayrıca Hərbi Nazirlik yaradılmamışdı. "Azərbaycan" qəzetinin 27 oktyabr 1918-ci il tarixli sayında Azərbaycan hökumətinin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərarına dair məlumat dərc edilmişdir. Bu qərar noyabrın 1-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə olundu. Dekabrın 29-da isə artilleriya general-leytenantı S.Mehmandarov hərbi nazir elan edildi ("Azərbaycan" qəzeti, 29 dekabr 1918, N73).

"Azərbaycan" qəzetində ordu ilə bağlı qəbul olunan qanun və qərarlar mütəmadi dərc olunurdu. Qəzetin 1919-cu il martın 1-də 46-cı sayında "Hərbi nazirliyin ştatları haqqında " qanun dərc edilib. Fevralın 25-də qəbul olunan 16 saylı bu qanunda nazirliyin ştatları müəyyən olunub. 

Qəzetin 1918-ci il 22 sentyabr nömrəsində isə "Hərbi xidmətdə olmayanların siyahıya alınması və hərbi xidmətə çağırışa nəzarətin təşkili üçün vəsait ayrılması haqqında" qərar dərc edilib. Qərarda deyilir: "Hərbi xidmətdə olmayanların siyahıya alınması və hərbi xidmətə çağırışa nəzarətin təşkili üçün daxili işlər nazirliyinin sərəncamına 5 000 rubl məbləğində kredit açılsın" ("Azərbaycan" qəzeti, 1918, N3).

"Azərbaycan" qəzetinin aparıcı publisisti Ü.Hacıbəyli "Cəmaət köməkligi" məqaləsində müstəqilliyinə qovuşmuş Azərbaycan hökumətinə bütün dövləti işlərdə xalq birliyinin, əhali köməyinin vacibliyinin əhəmiyyəti vurğulanır. Xalqın müxtəlif cəmiyyətlərinin dövləti işlərdə, əsasən də hərbi işlərdə iştirakında məsuliyyətli olmağa çağırır, bu dəstəyin millət və vətənimiz üçün əhəmiyyətindən danışır: "...hərbi işlərimizdə əsgərlərimizin əgnini layiqincə geydirən, əsgəri işlərə məxsus bir fond əmələ gətirən, fərarilik kimi rəzalətlərin qabağını alan, vətən müdafiəsi yolunda bir çox işlər görə bilən "müdafieyi-milliyyə" kimi cəmiyyətimiz olarsa" mədəni və azad bir cümhuriyyət olmaqla nəinki qonşularımızın, hətta Avropa əhlinin də etiram edəcəyi bir məmləkət olarıq (8 yanvar, 1919, N82).

Azərbaycan Ordusunun yaranması, bu işdə qarşıya çıxan çətinliklər barədə Üzeyir bəyin "Ordumuz" başlıqlı yazısı yeni yaranmış Azərbaycan Ordusunun qarşısında duran çətinliklərdən söhbət açmaqla bərabər, millətin qəhrəmanlıq ruhunu da təqdir edir: "Ordu görməmiş, rəsmi əsgərliyə adət etməmiş olan millətimiz içində birinci qədəm olaraq ordu təşkil etmək işinin nə qədər çətin bir əmr və bu işin bu qat-qat qarışıq zəmanda nə tövr müşkilat və maniələr qarşısında əngəllərə düçar olduğunu eşidib, bütün çətinliklərini təsəvvürə gətirməklə bu çətinlikləri rəf və izalə edəcək olan zatın nə qədər sahibi-qüdrət və maliki-qüvvət bir orqanizator olması lüzumunu da dərk etdik" ("Azərbaycan" qəzeti, Bakı, 1919, N145).

Müəllif məqalədə ordu təşkili işinin gedişatına da nəzər salır və vurğulayır ki, Səməd bəy ümidləri doğrultmağı bacarıb, Azərbaycanda ordu quruculuğu işinə nail ola bilmişdi. 

Üzeyir bəy Hacıbəylinin "Fitnələr qarşısında" məqaləsində isə Azərbaycanın ordu quruculuğuna, eləcə də yeni qurulmuş dövlətimizə qarşı əks-təbliğat aparan mətbu orqanların fitnəkar hiylələrinə qarşı cavab verilir: "Guya Azərbaycan qoşunu və "müsəlləh tatarlar" səbəbsiz olaraq erməni kəndləri üzərinə hücumlar edib, əhalini qətlu qarət edirlər deyə şikayətin dəxi ətraflı bir surətdə təhqiqə böyük bir ehtiyac vardır. Bu təhqiqin nəticəsi meydana çıxıncaya qədər haman şikayətlərin bizim gözümüzdə iftira və böhtandan ibarət olacağı da dəlil və əsassız deyildir" (1919, N93).

"Ümidvar olmağımızda da səhv etmədik. Həqiqət Gəncədə "Novruz" münasibətilə qurulmuş olan Azərbaycan ordusu rəsmi keçidini gördükdən sonra ordu təşkili işimizin kəmali-intizam ilə irəli getdiyini bilayən müşahidə edib qəlbimizdə dərin bir əminlik hasil olduğunu hiss etdik. Ordu təşkili işimizi bu intizam ilə davam edirsə bir qədər zamandan sonra mükəmməl bir ordusilə sayılan bir dövlət olduğumuzu hər kəs iqrar etməyə məcbur olacaqdır" ("Azərbaycan" qəzeti, Bakı, 1919, N145). "Azərbaycan" qəzetində M.Ə.Mirbağırzadənin "Əsgərlik vəzifəmizdir" məqaləsi ordu quruculuğu sahəsində ölkənin qarşılaşdığı ciddi problemləri ortaya qoymaqla bərabər, əsgərlik vəzifəsinin məsuliyyətini, şərəfini, müqəddəsliyini, eləcə də hər kəsin üzərinə düşən öhdəlikləri ortaya qoyur. Qonşu dövlətlərin nizami bir orduya malik olduqları halda əsgərsizlikdən Azərbaycan  türkləri Bakıda, Şamaxıda, İrəvanda, Qubada əsgərlik təlimi keçmiş quldurların zərbələrinə, fəlakətlərinə məruz qalmışlar: "Namusumuza toxunan bu rüsvaylı fəlakətlərdən sonra...yalnız cavanlarımız deyil, qocalarımıza varıncaya qədər könüllü sifəti ilə əsgər təlimi almağa məcburuz....əsgəri təlim almaqladır ki, namusumuzu, məmləkətimizi, hökumətimizi...müdafiə və mühafizə edə biləcəyiz" (14 yanvar, 1919).

"Azərbaycan" qəzeti təkcə hökumətin gördüyü tədbirləri deyil, əhalinin orduya münasibəti ilə bağlı yazılar da dərc edirdi. Bu baxımdan diqqəti çəkən yazılardan biri də Xəlil İbrahimin "Xalq istəyir" məqaləsidir. Məqalədə Milli Ordunun formalaşdırıldığı bir ərəfədə milli qayğıkeşlik, ayıqlıq, istiqlal fikri və istiqlalın mühafizəsi ilə bağlı xalqın düşüncələri təqdim olunur. Hərbi çağırışla bağlı baş verən proseslərə faktlarla aydınlıq gətirən publisist xalqın ordu ilə bağlı əzmkarlığına da işıq salır: "Qazax qəzası türkləri sahibmənsəb bir zatın yanına gələrək şikayət edirlər. Aclıqdanmı, bahalıqdanmı? Xeyr! Camaat şikayət edir ki, Azərbaycanın qoşunu azdır. Onların əsgərliyə yarayanlarını əsgər almayırlar. Əsgər əvəzinə onlardan pul istəyirlər. "Əgər bizdən doğruluqla əsgər yığsalar, həpimiz gedəriz və dövlətimizin qüvvəsi neçə qat artar. Amma istəmiyorlar, bədəl yığırlar", - deyə məmurlardan şikayət edirlər" ("Azərbaycan" qəzeti, Bakı, 1919, N192).

Məmurların məsuliyyətsizliyinə baxmayaraq, əhali ordu quruculuğu işinə maraq göstərir və kömək etməkdən çəkinmirlər. Bu qəbildən olan yazıların mətbuatda dərci orduda ruh yüksəkliyi yaratmaqla əhalini ordu quruculuğu işinə də cəlb edirdi. Məqalənin müəllifi Xəlil İbrahim yazının davamında başqa bir şikayəti nəzərə çatdırır: "Suraxanı, Bülbülə, Əmirhacı və s. kənd əhalisi kərraətlə gəlib şikayət edirlər ki, onları əsgər almayırlar. Təqribən 100 nəfərdən 30-nu qəbul edib, yerdə qalanlarını "sağ-salamat" olduğu halda buraxdılar ki, "get, sən yaramazsan". Kəndlilər təəccüb edirlər, mütəəssir qalırlar ki, dövlətimizə əsgər lazım olan bir zamanda nə üçün əzxi-əsgər idarələri belə edirlər?" ("Azərbaycan" qəzeti, Bakı, 1919, N192).

Məqalənin son cümləsi isə hətta bügünkü gündə də oxucuda ruh yüksəkliyi yarada bilir. Müəllif son cümlədə ordunun təlimində iştirak edənlərin yaşını vurğulayır. Onların yaşına diqqət edəndə təkcə Azərbaycan hakimiyyətinin deyil, elə əhalinin də ən az hakimiyyət qədər ordu quruculuğuna göstərdiyi maraq II Qarabağ savaşında millətin qeyrətli oğullarının fədakarlığını və vətən, torpaq sevgisini xatırladır: "Şayani-təqdir odur ki, zilanlar cümləsində cümə günü məşqdə 65 yaşında bir qoca kişi ilə 11 yaşında bir cocuq da varmış. Allah tovfiq versin" ("Azərbaycan" qəzeti, Bakı, 1919, N192).

 "Azərbaycan" qəzetinin ordu həyatının əks olunmasında məqsədi təkcə xalqda vətənpərvərlik hissini aşılamağa kömək etmirdi. Bu eyni zamanda orduya mənəvi güc verirdi. Çünki ordu o zaman güclü olur ki, onun iqtisadi dayaqları, maddi vəziyyəti ilə paralel olaraq, həm də mənəvi dəstəyi, ruh yüksəkliyi yaxşı olsun. Məhz qəzetdə ordunun vəziyyətinin əksinin nəticəsi idi ki, insanlar ordu quruculuğuna hər yolla kömək edirdilər. Onlar öz qızıl-zinət əşyalarını, atlarını ordu üçün fəda, bir qismi də ordunun ərzaqla təminatında iştirak edirdi. 

İstiqlal aşiqi Əli Yusifin "Azərbaycan" qəzetinin 1919-cu il 28 may sayında dərc olunmuş "Gənc nəslə" məqaləsində Azərbaycan gəncliyinə müraciət edilir. Tarixin ağır sınaqlarından çıxmış Azərbaycan gənclərinə "bir vətəndaş olmağa layiqmisən?" sualı ilə müraciət edir: "Gəl vətəndaş! Bu gün sənin birinci intibahının timsalı olan "İsmailiyyə"nin xarabəsi qarşısına çıxmalı, əlini qəlbinin üstünə qoyaraq gözlərini parlaman binası üzərində ruzigarlarla qəhrəmancasına çarpışan bayrağına dikməli, bir daha onun enməyəcəyinə əhd etməlisən və and içməlisən ki, bu gün qazandığın istiqlalə təcavüzanə əl uzadanlar ancaq sənin cəsədinin üstündən keçə bilərlər".

Qəzetin 12-ci sayında dərc edilmiş "Dövlət nədir, millət nədir, vətən nədir?"  yazısını da millət, vətən sevgisinin ifadəsi və paralel olaraq xalqa ünvanlanmış çağırış kimi qiymətləndirmək olar. Ordunu dövlətin dayağı, qoruyucu divarı adlandıran müəllif dövlət quruculuğu prosesində qarşıya müqəddəs və şərəfli bir vəzifə qoyur: "Dövlət göstərdiyimiz bir xanənin müdiridir. Bu gün bir dövlətin bayrağı altında bulunan vətən xanəyə oxşamaqdadır. Müstəqil bil xanə müdiri o xanənin daima xarici müdaxilələrdən toxunulmaz qalmasını düşünər, lazım gələn bütün tədbirləri görər. Bir dövlətin sancağı altında olan insanların yaşaması üçün hər şey etməlidir. Ən birinci növbədə isə ordunu lazımi vəsait ilə tədarük edər. Ordu isə o binanın dörd divarıdır, fərz edək ki, binanın divarları olmazsa, o binanın tavanını saxlamaq mümkün olmaz. Bir binanın ki, divarı damı olmazsa, xaricdən olan bütün müdaxilələrə hazır ola bilməz. Ordunu təşkil edən əmirlər və zabitlər o divarların ən böyük dayağı deməkdir. Bir dövlətin ordusu nə qədər möhkəm olarsa, o dövləti heç bir daxili və ya xarici müdaxilə yıxa bilməz".

Belə nəticəyə gəlmək olar ki, müstəqil Azərbaycan qurulduqdan sonra hər sahədə olduğu kimi, ordu quruculuğu işində də mətbuatın gücündən istifadə edilib. Dövrün görkəmli publisistlərinin, jurnalistlərinin mətbuatdakı çıxışları ordu quruculuğu işində böyük əhəmiyyət kəsb edib. 1918-1920-ci illər ərzində Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək intizamlı, hərbi hazırlığa malik ordu hissələri yaradılmışdır. Dövrün aparıcı mətbu orqanlarında dərc edilən yazılardan aydın olur ki, qısa müddət ərzində ordunun işlək idarəetmə strukturları formalaşdırılmış, çağırış-səfərbərlik yaradılmış, milli hərbi kadrların hazırlanmasının sistemi qurulmuş, milli dəyərlər ordu quruculuğunun başlıca xüsusiyyətinə çevrilmiş və döyüşkən bir ordu meydana gəlmişdir. Bu ordunun sayəsində Ermənistan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə qarşı istiqamətlənmiş genişmiqyaslı təcavüzünü aradan qaldırmaq mümkün olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 107 il keçməsinə baxmayaraq, ordu quruculuğu məsələsi hələ də aktualdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yeni qurulmuş müstəqil, suveren dövlətimizin ordu quruculuğu mətbuatın aparıcı mövzusu olmuş, 2020-ci ildə qazanılan Zəfərimizdə,  informasiya müharibəsində əldə edilən qələbədə əsaslı rol oynamışdır. 

"Azərbaycan" qəzeti klassik ənənələri davam etdirərək milli birliyimizin simvolu kimi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizənin önündə olmuş, demokratik dövlət quruculuğu prosesində və ordu quruculuğu sahəsində aparılan islahatların həyata keçirilməsində mübariz tribuna rolunu davam etdirmişdir.


Aygün ƏZİMOVA,

BDU-nun Jurnalistika fakültəsinin dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!