COP29 tədbirinin aktual mövzularından biri də insan kapitalıdır və bu da təbiidir. Çünki dayanıqlı inkişafda insan kapitalı çox mühüm rol oynayır. Bu sahəyə diqqət cəmiyyətin balanslı və ardıcıl tərəqqisini təmin edir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nailiyyətləri sırasında bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanda təbii resursların insan kapitalına çevrilməsi dövlətin ən mühüm hədəflərindən elan edilib. Bu da respublikamızın strateji planda gələcəyə yüksək həssaslıqla hazırlığından irəli gəlir.
Azərbaycan dövləti insan kapitalının inkişafı istiqamətində ardıcıl strateji addımlar atır. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından, illərlə inkişafımıza mane olan problemin uğurla həllindən sonra Azərbaycanın daxil olduğu yeni strateji dövrdə bu məsələ xüsusilə böyük əhəmiyyət daşıyır. Bu mərhələdə əsas hədəf rifah dövləti kimi həyat standartlarını daha da artırmaq, respublikanı bütün istiqamətlərdə dünyanın ən inkişaf etmiş ölkələrindən biri statusuna yüksəltməkdir. İnsan kapitalı bu amalın reallaşdırılmasında, ölkəmizin iqtisadi inkişafı və rəqabət qabiliyyətinin artırılmasında həyati əhəmiyyət kəsb etməkdədir. Ona görə də Azərbaycan dövləti insan inkişafına yönəlmiş tədbirləri getdikcə genişləndirir.
Bu tədbirlərin mühüm bir qismi təhsil sektoruna aiddir. İnsan kapitalının inkişafı üçün təhsil sisteminin təkmilləşdirilməsi, ibtidai, orta və ali təhsilin hər kəsə əlçatan olması son dərəcə vacibdir. Onun inkişafından ötrü ölkə daxilində bütün sosial qrupların keyfiyyətli təhsilə bərabər çıxışını təmin etmək lazımdır. Təhsil infrastrukturunun yaxşılaşdırılması, o cümlədən məktəblərin, universitetlərin və peşə təhsili müəssisələrinin fiziki infrastrukturu texnoloji təchizatı və müasir təlim metodları ilə təmin edilməsi burada mühüm əhəmiyyət daşıyır. Həmçinin peşə və texniki təhsil sisteminin gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanması baxımından çox mühümdür.
Azərbaycan dövləti insan kapitalının inkişafı məqsədindən irəli gələrək elmi tədqiqatları dəstəkləyir, texnoloji parkları və startap ekosistemini gücləndirir. Müasir texnoparklar və inkubasiya mərkəzləri ölkəmizdə yeni texnoloji sahibkarlığın inkişafına kömək edir. Dövlət startaplara və innovativ bizneslərə maliyyə və inzibati dəstək verir.
COP29 insan kapitalının inkişafına mühüm perspektivlər vəd edir
İnsan kapitalının inkişafının ən mühüm şərtlərindən biri də səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır. Ümumilikdə sağlamlıq və sosial müdafiə insan kapitalının inkişaf etdirilməsində son dərəcə böyük rol oynayır. İctimai səhiyyə infra-strukturunun inkişafı, müxtəlif xəstəliklərə qarşı preventiv tədbirlərin artırılması və hər kəsin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin edilməsi insanların sağlam həyat sürməsinə kömək edir.
Əmək bazarı və məşğulluqla bağlı da əhəmiyyətli addımlar atılır. Azərbaycan gənclərinin və digər sosial qrupların əmək bazarına inteqrasiyasını təmin etmək üçün müxtəlif məşğulluq proqramları həyata keçirilir, işsizlik səviyyəsi minimallaşdırılır. Ölkənin enerji sektoru başda olmaqla, alternativ enerji mənbələri və "yaşıl texnologiyalar"ın tətbiqi nəticəsində yeni iş yerləri yaradılır. Bu da iqtisadiyyatda müxtəlif bacarıq səviyyələrində yeni iş imkanlarının ortaya çıxması deməkdir.
İqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə
COP29 tədbiri Azərbaycanda və ümumən dünyanın bir çox ölkəsində insan kapitalının inkişafına mühüm perspektivlər vəd edir. "Yaşıl iqtisadiyyat"a keçid, iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf insan kapitalının xüsusən təhsil, bacarıqlar və texnoloji innovasiyalar vasitəsilə gücləndirilməsini tələb edir.
COP müzakirələrində bərpaolunan enerji, ətraf mühitin qorunması və iqlim dəyişmələrinə uyğunlaşma sahələrində yeni "yaşıl iş yerləri"nin yaradılması vurğulanır. Bunun üçün işçilərin bacarıqlarının inkişaf etdirilməsi, "yaşıl iqtisadiyyat"a uyğun peşə təhsili və ixtisaslaşdırma proqramlarının həyata keçirilməsinin vacibliyi önə çəkilir. İnsan kapitalının inkişafı "yaşıl iqtisadiyyat"ın əsas komponentlərindən biridir. Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə yeni texnologiyaları idarə edə biləcək ixtisaslı işçilərə ehtiyac var. Bu baxımdan müasir dünyanın çağırışlarına uyğun davamlı təhsilin vacibliyi COP müzakirələrində tez-tez qaldırılır. İnsanların iqlim dəyişmələri və onun sosial-iqtisadi təsirləri barədə maarifləndirilməsi də bunun gücləndirilməsinə yönəldilmiş bir addım kimi diqqətdə saxlanılır. Bundan başqa, bütün yaş qrupları üçün ekoloji və iqlim təhsili strategiyalarının tətbiq edilməsi insanların gələcəkdə bu sahələrdə daha səmərəli qərarlar verməsini və iqlim dəyişmələri ilə mübarizədə fəal rol oynamasını təmin edə bilər. Bu məsələlər Bakıda keçirilən mötəbər tədbirdə geniş şəkildə aktuallaşdırıldı.
COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, COP29 sədrliyi, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, UNICEF, Asiya İnkişaf Bankı və Yaşıl İqlim Fondunun dəstəyi ilə iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsünə dair keçirilən yüksəksəviyyəli iclas böyük maraq doğurdu. Panel iclasın əsas məqsədi insan inkişafına investisiya qoyulmasının iqlim dayanıqlılığının təmin edilməsində mühüm əhəmiyyətini vurğulamaq olub.
Tədbirdə bildirildi ki, ilk dəfə olaraq COP Sədrliyi çərçivəsində ev sahibi olan ölkənin təşəbbüsü ilə İnsan İnkişafı Günü müəyyən edilib. Göstərilib ki, qlobal iqlim probleminin ən kritik və bir-biri ilə əlaqəli olan aspektlərindən sayılan insan inkişafı yuxarıda qeyd etdiyimiz kimi, təhsil, səhiyyə, sosial müdafiə, bacarıqlar və məşğulluq kimi sahələri əhatə edir. İqlim dəyişmələri həyatımızın hər tərəfinə - sağlamlığa, təhsilə, əmək bazarına və ən əsası gələcək nəsillər üçün mövcud olan imkanlara təsir göstərir. Qlobal istiləşmə ilə bağlı çağırışlara cavab vermək üçün insan inkişafına sərmayə qoyulmalıdır və bu investisiya həyatın ən erkən mərhələlərində başlamalıdır ki, uşaqların və gənclərin bacarıqlarının inkişafı yolu ilə güclənməsi təmin edilsin. Bu investisiya təkcə dayanıqlılığa aid deyil, həm də iqlim dəyişmələrinin təsirlərinin azaldılması səylərini əhatə etməlidir.
Plenar iclasda insan inkişafı üzrə Bakı Təşəbbüsündən danışılaraq bildirilib ki, bu təşəbbüs insanyönümlü iqlim fəaliyyətinə sadiqliyimizin təbii davamıdır: "Təşəbbüs sektorlar üzrə qlobal əməkdaşlığı gücləndirəcək, investisiyaları səfərbər edəcək və insan inkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcək çoxşaxəli və vahid yanaşma tələb edir. Bakı Təşəbbüsünün mərkəzində insan inkişafı və iqlim fəaliyyətinin ayrı-ayrı məqsədlər deyil, bir-birini gücləndirən məqsədlər olduğuna inam dayanır. Təşəbbüsün digər məqamı isə ekoloji savadlılığın təhsilin əsas məqsədinə çevrilməsini təmin etmək üçün qlobal əməkdaşlığı inkişaf etdirməkdir".
Bu iclasda iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Rəhbər Prinsipləri elan olunub. Xüsusi qeyd edilib ki, bu prinsiplər iqlim strategiyalarında insan inkişafı üzrə fəaliyyətin istiqamətləndirilməsi üçün böyük rol oynayacaq, iqlimlə bağlı fəaliyyətin əsas hərəkətvericiləri kimi bu sahələrdə inteqrasiya olunmuş yanaşmanı təşviq edəcək.
Birgə iclasın əsas mövzularından biri olan iqlim dayanıqlılığının təmin edilməsində təhsilin rolu çərçivəsində aparılan müzakirələrdə gələcək nəsillərin iqlim problemləri ilə mübarizə üçün zəruri bilik və bacarıqlarla təmin edilməsi məqsədilə "İqlim dostu" tədris proqramlarının hazırlanmasının vacibliyi qeyd edilib.
Panel müzakirələrində göstərilib ki, 2021-2024-cü illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursu təşkil edilib. Növbəti illərdə bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyi diqqətə çatdırılıb.
Bundan başqa, COP29 çərçivəsində davamlı gələcəyə qlobal keçiddə "yaşıl bacarıqlar"ın kritik roluna dair müzakirələrin aparıldığı debatda bildirilib ki, dünya iddialı iqlim məqsədlərinə çatmaq üçün insanları düzgün bacarıqlarla təchiz etmək həlledici fürsətdir. Tədbir bu sahədə əsas məqsədi müzakirə etmək üçün qlobal ekspertləri bir araya gətirib. Panel iclasında "yaşıl bacarıqlar"ın iqlim fəaliyyətinin təməl daşı olması, texnologiya və təbiətin mühafizəsi kimi digər prioritetlər də müzakirə olunub.
"Yaşıl keçid"in mərkəzində insanların rolu dayanır. İqlim məlumatlılığını artırmaq və fəaliyyətə təşviq etmək üçün "yaşıl təhsil proqramları" mütləq tətbiq olunmalıdır. İqlim təsirləri haqqında məlumatlı, dəyişən dünyada inkişaf etmək üçün bacarıq və dayanıqlılıqla təchiz edilmiş nəsil yetişdirmək çox vacibdir.
Azərbaycanı gücləndirən qlobal tədbir
COP29 tədbiri çərçivəsində bərabərsizliklərin azaldılması və ən həssas əhali qruplarının iqlim dəyişikliyinə uyğunlaşma proseslərində dəstəklənməsi məsələləri də müzakirə mövzusu olub. Bu proseslərdə insan kapitalının inkişafı mühüm rol oynayır, çünki həssas qrupların təhsili və iqtisadi imkanlarının artırılması onların iqlim dəyişikliyinin təsirlərinə daha yaxşı hazır olmasını təmin edir. COP tədbirlərində həmçinin sosial ədalət məsələlərinə də xüsusi diqqət yetirilir. Bu da iqtisadi və təhsil bərabərliyinin təmin edilməsini nəzərdə tutur.
COP29-da iqlim dəyişikliyinə qarşı mübarizədə elmi araşdırmalar və innovasiya texnologiyalarının inkişaf etdirilməsi də əsas müzakirə mövzularından oldu. Məlumdur ki, bu sahələrdə qabaqcıl elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün insan kapitalının inkişafı vacibdir. Universitetlər və tədqiqat mərkəzləri üçün dəstəkləyici tədbirlərin həyata keçirilməsi də iqlimlə bağlı araşdırmaların genişlənməsinə və innovasiyaların inkişafına səbəb olur.
Bütün bunlar Azərbaycan dövlətinin COP29-a evsahibliyi etməklə bəşəriyyətin bu günü və gələcəyi üçün nə qədər vacib bir rolu üzərinə götürdüyünü göstərir. Və bu böyük tədbir hazırda uğurla yekunlaşmaqdadır.
Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizə beynəlxalq səviyyədə öz mövqeyini gücləndirmək, iqlim dəyişmələri ilə mübarizədə aparıcı rol oynamaq və "yaşıl iqtisadiyyat" sahəsində böyük uğurlar əldə etmək üçün unikal imkanlar yaradır. Bu həm də ölkənin gələcək inkişaf strategiyasında ətraf mühitin qorunması və dayanıqlı iqtisadi inkişaf prinsiplərinə bağlılığını nümayiş etdirdi.
COP29 Azərbaycanın beynəlxalq arenada əhəmiyyətli bir aktor kimi rolunun güclənməsini təmin edir. Ölkə bu tədbir vasitəsilə qlobal iqlim müzakirələrində aparıcı rol oynayır, öz səylərini dünyaya göstərir, beynəlxalq əlaqələrini genişləndirir. Bu tədbir müxtəlif ölkələrin liderləri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əlaqələrin güclənməsinə şərait yaradır. Azərbaycan COP29-da dünya ölkələri ilə enerji, ətraf mühit və iqlim sahələrində əməkdaşlığı genişləndirir.
Belə böyük bir beynəlxalq tədbir Azərbaycanın "yaşıl iqtisadiyyat", bərpaolunan enerji və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində öz planlarının genişləndirilməsinə və təkmilləşdirilməsinə təkan verəcək. Bərpaolunan enerji sahəsində də mühüm irəliləyişlərə səbəb olacaq. Məlumdur ki, COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə üçün beynəlxalq investisiyalar və maliyyə mexanizmləri geniş şəkildə müzakirə olunur. Bu baxımdan Azərbaycan "yaşıl texnologiyalar" və bərpaolunan enerji layihələri üçün beynəlxalq maliyyə dəstəyi də cəlb edə bilər.
Ölkəmiz COP29-a evsahibliyi ilə regionda lider mövqeyini daha da gücləndirdi. Bu tədbir, Azərbaycanı Qafqaz və Xəzər regionunda "yaşıl enerji" keçidinin önündə gedən bir ölkə kimi tanıtdı. Həmçinin regional əməkdaşlığın gücləndirilməsinə, Azərbaycanın qonşu ölkələrlə və digər region dövlətləri ilə ekoloji və iqlim dəyişikliyi məsələlərində əməkdaşlığına yeni imkanlar yaratdı. Eyni zamanda enerji təhlükəsizliyi və ekoloji davamlılıq üzrə regional təşəbbüsləri gücləndirmək imkanı verdi.
COP29 ekoloji məsələlərin diqqət mərkəzinə gətirilməsi, Azərbaycanda bu sahədə problemlərin daha geniş miqyasda müzakirə olunması üçün də mühüm bir fürsət oldu. Ətraf mühitin mühafizəsi, su ehtiyatlarının qorunması və biomüxtəlifliyin saxlanması kimi sahələrdə milli və beynəlxalq səviyyədə layihələrin həyata keçirilməsinə yol açdı.
Bu tədbir Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün bir platforma oldu. Ölkəmiz bundan sonra da iqlim dəyişmələri, yoxsulluqla mübarizə, gender bərabərliyi, ekoloji dayanıqlılıq üzrə beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq edəcək, yeni çağırışlarla, yeni təşəbbüslərlə sözünü deyəcək. COP29 tədbiri Azərbaycanın beynəlxalq səviyyədə tanınmasını artırmaqla yanaşı, turizm sektoruna da böyük təsirini göstərdi. Minlərlə iştirakçı və beynəlxalq media qurumları ölkəmizə gəldi, bu da Azərbaycanın qlobal səviyyədə turizm məkanı kimi təbliğinə geniş imkanlar açdı.
Ölkəmiz bütün təzyiq və təhdidlərə rəğmən bu qlobal tədbiri də ən yüksək səviyyədə keçirdi və adını COP tarixinə layiqli ünvan kimi yazdı.
İradə ƏLİYEVA,
"Azərbaycan"