Çad Fransa Prezidenti Emmanuel Makronun bəzi Afrika Sahili ölkələrinin suverenlik qazanmasında fransız qoşunlarının roluna dair bəyanatlarını "Afrikaya və afrikalılara qarşı hörmətsizlik mövqeyi" kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Əbdürrəhman Kəlamullah bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşdığı bəyanatında yazıb. "Tarix sübut edir ki, Afrika, o cümlədən Çad İkinci Dünya müharibəsi zamanı Fransanın azad edilməsində həlledici rol oynayıb, lakin bu faktı Fransa heç vaxt qəbul etməyib", - deyə paylaşımda bildirilir.
Eyni zamanda, bəyanatda qeyd olunur ki, azadlıq uğrunda afrikalı əsgərlərin verdiyi böyük qurbanların əhəmiyyəti azaldılıb və onlara bu fədakarlıqlara görə layiqli təşəkkür ifadə edilməyib. Çadlı nazir Fransa rəhbərliyini Afrika xalqına hörmət etməyə və onların qurbanlarının dəyərini tanımağa çağırıb.
Bəyanatda, həmçinin iddiaların əksinə olaraq, Fransanın Çad ordusunu heç vaxt əhəmiyyətli dərəcədə təchiz etmədiyi və onun struktur inkişafına töhfə vermədiyi qeyd olunub. Fransanın çətin və qarışıq dövrlərdə “töhfəsi” çox vaxt yalnız öz strateji maraqları ilə məhdudlaşıb və Çad xalqının inkişafı üçün əhəmiyyətli təsir göstərməyib.
Bəyanatda vurğulanıb ki, Prezident Makron Afrikaya “hücum” etmək əvəzinə, öz diqqətini Fransa xalqını narahat edən problemlərin həllinə yönəltməlidir.
Qeyd edək ki, Makron dünən ölkəsinin xarici siyasəti ilə bağlı illik səfirlər konfransında çıxışı zamanı Fransa ordusunun səyləri sayəsində bəzi Afrika Sahili ölkələrinin indi suveren dövlət olduqlarını bildirib.