Azərbaycanın müasir dövlətçilik tarixində elə məqamlar var ki,
onlar bütöv bir millətin gələcək taleyini müəyyən edən dönüş nöqtələridir.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri məhz bu cür tarixi
əhəmiyyət kəsb edən hadisədir. Bu seçkilər Azərbaycan xalqının növbəti dəfə öz
gələcəyi ilə bağlı uzaqgörən və dəqiq qərar verməsi ilə nəticələndi.
Seçicilərin 86,03 faizinin dəstəyini qazanan cənab İlham Əliyevin yenidən
dövlət rəhbəri seçilməsi cəmiyyətin Ulu Öndər Heydər Əliyev yoluna sarsılmaz sadiqliyini
bir daha təsdiqlədi.
11 aprel seçkiləri
Azərbaycan xalqının öz Liderinə olan mütləq etimadının, sabitliyə və inkişafa
verdiyi sarsılmaz dəstəyin növbəti təsdiqi idi. Həmin gün xalqımız böyük səs
çoxluğu ilə cənab İlham Əliyevi yenidən dövlət rəhbəri seçməklə, əslində
qarşıdakı illərdə qazanılacaq möhtəşəm hərbi zəfərlərə, iqtisadi sıçrayışlara
və dövlət suverenliyimizin tam bərpasına səs vermiş oldu. Azərbaycan xalqı bu
seçimi ilə öz siyasi mövqeyini və iradəsini beynəlxalq birliyə qəti şəkildə
bəyan etdi. Bu qalibiyyət xalq-lider birliyinin sarsılmazlığını sübut etməklə
bərabər, ölkəmizdə demokratik ənənələrin növbəti uğurlu mərhələsi oldu.
2018-ci ildən sonra yaşanan
möhtəşəm tarixi hadisələr də göstərdi ki, 11 apreldə verilən qərar yeganə doğru
yol idi və xalq öz seçimində tamamilə haqlı çıxdı. Xalq öz daxili inamı ilə
İlham Əliyevə səs verərkən rifaha, iqtisadi yüksəlişə və Heydər Əliyev kursunun
davamına səs vermiş oldu. Çünki vətəndaşlar
Prezidentimizi vədini əməli ilə təsdiqləyən, fəaliyyətini tamamilə dövlətin
güclənməsinə, ölkənin beynəlxalq nüfuzunun artırılmasına həsr edən gerçək bir
lider kimi qəbul edir. Bu etimad həm ötən illər ərzində görülən nəhəng işlərə
verilən ən yüksək qiymət idi. Hələ 2003-cü ildə hər bir vətəndaşın prezidenti
olacağını deyən cənab İlham Əliyev öz sözünü tam yerinə yetirmişdi.
2018-ci il aprelin 18-də
Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi
isə ölkənin daxili-xarici siyasəti üçün strateji yol xəritəsi xarakteri
daşıyırdı. Dövlətimizin başçısı öz çıxışında 2003-cü ildə verdiyi vədə
sadiqliyini və Heydər Əliyev yolunun davamlılığını vurğuladı: "Mən 2003-cü
ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər
mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq
qalacağam, bu siyasəti davam etdirəcəyəm. Şadam ki, mən sözümə sadiq
qaldım".
Torpaqlarımızın işğaldan
azad edilməsi və ərazi bütövlüyü məsələsi də Prezidentin çıxışının ən kəskin və
qətiyyətli bölmələrindən idi. Dövlətimizin başçısı Azərbaycanın işğalla heç
vaxt barışmayacağını bəyan etdi: "Azərbaycan heç vaxt öz ərazi
bütövlüyünün pozulması ilə barışmayacaq, öz torpağında ikinci erməni dövlətinin
yaranmasına yol verməyəcəkdir". Cənab Prezidentin "Biz öz ərazi
bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bunun üçün biz daha da güclü
olmalıyıq" vədi bu çıxışdan cəmi iki il sonra reallaşdı.
Dövlət başçısı iqtisadi
asılılığın olmamasını siyasi müstəqilliyin əsası kimi dəyərləndirirdi.
Prezident bildirdi ki, iqtisadi müstəqillik bizim siyasi müstəqilliyimizin təməlidir. Əgər
biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, biz bu qədər cəsarətli müstəqil
siyasət apara bilməzdik.
Ümumiyyətlə,
2003-2018-ci illər ölkəmizdə sabitliyin qorunduğu və iqtisadi islahatların dərinləşdiyi bir
dövr kimi yadda qaldı. Bu müddətdə Azərbaycan enerji idxal edən ölkədən
ixracatçı dövlətə çevrildi, nəhəng infrastruktur layihələri icra edildi,
sahibkarlara milyardlarla manat güzəştli kreditlər ayrıldı. Regionların
inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi və sosial rifahın yüksəlməsi cənab İlham Əliyevin seçkilərdəki uğurunun əsasını təşkil
edirdi. Azərbaycanın iştirakçısı olduğu TANAP və Cənub Qaz Dəhlizi kimi
transmilli layihələr ölkəmizi Avropanın əsas enerji tərəfdaşına çevirdi. Bütün bu iqtisadi və siyasi uğurların ali məqsədi isə
torpaqlarımızın işğaldan azad olunması idi.
2018-ci
il aprelin 18-də dövlət başçısının ordu quruculuğu və ərazi
bütövlüyünün bərpası ilə bağlı verdiyi qətiyyətli bəyanatların real nəticəsi
özünü çox gözlətmədi. Seçkilərdən cəmi bir ay sonra, 2018-ci ilin may ayında
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində
həyata keçirilən uğurlu əməliyyat Azərbaycan hərb tarixinə qızıl hərflərlə
yazıldı. Bu əməliyyat Azərbaycan Ordusunun
hərbi qüdrətini və strateji üstünlüyünü nümayiş etdirən mühüm bir hadisə
oldu. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi bu taktiki
fəaliyyət nəticəsində 1992-ci ildən bəri düşmən tapdağında olan Günnüt kəndi
işğaldan azad edildi, strateji əhəmiyyətli yüksəkliklər ordumuzun tam
nəzarətinə keçdi. Günnüt əməliyyatı sübut etdi ki, 2018-ci ilin aprelində Azərbaycan
xalqı təkcə daxili sabitliyə deyil, həm də işğal altındakı torpaqlarımızın azad
edilməsi qətiyyətinə səs vermişdi. Bu əməliyyat böyük qələbənin, 44 günlük
Vətən müharibəsinin anonsu və Müzəffər Ali Baş Komandanın verdiyi vədlərin real
əks-sədası idi.
2020-ci ilin 44 günlük Vətən
müharibəsində Ermənistanın işğalçı siyasətinə
son qoyuldu və düşmən diz çökdürüldü. 2023-cü ilin sentyabrında həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın müasir
tarixində dövlət suverenliyinin tam bərpası ilə nəticələnən həlledici nöqtə
oldu. Bu əməliyyatla Azərbaycanın ərazisində
separatçılığa son qoyuldu və dövlət suverenliyi bütün ölkə miqyasında təmin
edildi. Bu, son iki yüz illik tariximizdə qazanılmış ən böyük strateji
qələbədir.
Prezident İlham Əliyev
Xankəndi şəhərində bayrağımızı ucaltmaqla
prezidentlik fəaliyyətinin ən mühüm vədini tam yerinə yetirmiş oldu.
Antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıqlar yaratdı və regionun sülh
dövrünə keçidi üçün maneələri aradan qaldırdı. Beləliklə, 2018-ci ilin aprelində xalqın
etimadını qazanan İlham Əliyev bir dövlətin
və xalqın tarixini dəyişən sərkərdə kimi adını
tariximizə həkk etdi. 2018-ci il aprelin 18-də verilən
vədlər bu gün Qarabağın yenidən qurulan şəhərlərində öz real əksini
tapmaqdadır. Artıq Azərbaycan üçün "münaqişə" və "işğal" sözləri keçmişdə qalıb.
Xalqımız
öz rəhbərinin ətrafında hər zaman sıx səfərbərdir. Qarşıda isə bizi qüdrətli və regionun mütləq lideri
olan bir dövlətin növbəti parlaq
uğurları gözləyir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"