29 Noyabr 2025 12:28
554
Mədəniyyət
A- A+
Bu gün Xalq rəssamı Tahir Salahovun doğum günüdür 

Bu gün Xalq rəssamı Tahir Salahovun doğum günüdür 

Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla yanaşı, həm də görkəmli ictimai xadimi idi.

AZƏRTAC xəbər verir ki, yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli töhfələr vermiş böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahovun bu gün anadan olmasından 97 il ötür.

Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar dünya miqyasında aparıcı portret ustasıdır.

“Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə T.Salahov qeyd edib. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.

Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, “Danın portreti”, “Rəşid Behbudovun portreti” - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

Onun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək olar. Rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə, Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi bu monumental əsərə görə Salahov ilk fəxri ada - Əməkdar incəsənət xadimi adına layiq görülür. Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilir.

Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın uğurlarının ard-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal mükafatına layiq görülür.

T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçib. Rəssam həmin məqamı belə xatırlayır: “Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki, “Uzunboğaz köynəyiniz varmı?”. Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng çalarlarını tapmışdım”.

Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayırdılar.

Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edir. O, müsahibələrinin birində deyib: “Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların həyat tərzi ilə tanış oldum”.

Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi, yorğunluqları, keçirdikləri narahatçılıq hissləri öz əksini tapır. Sadalanan xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi” kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi “Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.

Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun “Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə” baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından asılı olmayaraq, Vətənini çox sevib. “Xəzər, onun mavi gözəlliyi həmişə mənimlədir”, - söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir.

Sənətkarın Azərbaycan incəsənətinin şedevrləri sayılan Ulu Öndər “Heydər Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu” triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb. Xalq rəssamı 2021-ci ilin mayın 21-də vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!