“Brent” markalı xam neftin bir barelinin qiyməti cari ilin əvvəlindən indiyədək təxminən 70 dollar artıb.
AZƏRTAC xəbər verir ki, bu bahalaşmanın böyük hissəsi ötən ayın sonlarında ABŞ və İsrailin İrana ilk hücumlarından sonra baş verib.
Hazırda “Brent” bir bareli 100 dollardan, “Light”ın bir bareli isə 92 dollardan baha satılır. İlin əvvəlində isə bu qiymətlər müvafiq olaraq 60 və 55 dollar civarında idi. “Light” neftinin qiyməti son 2 ilin ən yüksək səviyyəsindədir.
Tehranın enerji infrastrukturunun hədəf alınması, qlobal miqyasda neftin və mayeləşdirilmiş təbii qaz axınının 20 faizinin keçdiyi kritik Hörmüz boğazında tankerlərin hərəkətinin pozulması enerji qiymətlərini artırır və inflyasiyanın sürətlənə biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Neft bazarının diqqəti faktiki olaraq bağlanmış Hörmüz boğazına yönəlib. Boğazdan tanker trafiki indi siyasi hesablamalarla formalaşır. Belə ki, İranın yalnız məhdud sayda gəminin buradan keçməsinə icazə verir, digərlərinin isə hərəkətinin qarşısını alır. İranın neft axınlarını dayandırmaq üçün daha çox təzyiq göstərəcəyi gözlənilir. ABŞ isə Hörmüz boğazının yenidən açılması üçün təzyiqləri və tankerlərin hərəkətinin bərpa olunması ilə bağlı səyləri artırır.
Bütün bu proseslər fonunda OPEC-ə üzv ölkələrin neft istehsalı hazırda gündəlik 1,4 milyon barelə düşüb ki, bu da Hörmüz boğazının bağlanmasından əvvəlki göstəricinin təxminən üçdəbirinə bərabərdir. İraq isə Kürdüstan Regionundan Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına uzanan boru kəməri ilə neft ixracını bərpa etmək qərarına gəlib. Belə ki, İraq Hörmüz boğazından istifadə etmədən Türkiyə üzərindən neft ixracını bərpa etmək barədə razılaşma imzalayıb.
Enerji bazardakı qeyri-müəyyənlik və davamlı dəyişkənlik fonunda neft məhsullarının qiymətləri də artmaqdadır. ABŞ-də dizel yanacağının qiymətləri 1 qallon üçün 5 dollardan yuxarı qalxıb, Avropada benzin fyuçersləri artıb. Asiya bazarlarında isə yanacaq qiymətləri münaqişə başlanandan bəri iki dəfədən çox bahalaşıb.