Rusiya isə bunu etmək istəmir
Bunu bilməyən yoxdur ki, Marqarita Simoyanı, Vladimir Solovyovu, Konistantin Zatulini, eləcə də ölkəmizin əleyhinə qarayaxmalar üzrə "ixtisaslaşmış", adlarını qeyd etmədiyimiz digər "qəhrəman"ları danışdıranlar var. Anlaşılmayan isə odur ki, son zamanlar özünü rus ziyalısının elit nümayəndəsi hesab edən bəzi "tanınmış"lar bu komandaya qoşulmaqda həvəsli görünürlər. Məsələ burasındadır ki, bu şəxsləri dinlədikcə hələ də yuxudan ayılmadıqlarını, keçən əsrdə ilişib qaldıqlarını duymamaq mümkün deyil.
Bu digər mövzunun söhbəti olsa da, məsələ burasındadır ki, Rusiyanın hakim dairələrində də, özünü ziyalı hesab edən "elita" arasında da kifayət qədər imperiya düşüncəsi ilə yaşayanlar var. Onlar hələ də vaxtilə SSRİ-nin tərkibində olmuş respublikalara Rusiyanın forpostu kimi baxırlar. Məsələ təfəkkür məsələsidir. Rəsmi Moskva Azərbaycan Respublikası da daxil olmaqla SSRİ-nin tərkibində olmuş respublikaların müstəqilliyini və suverenliyini heç cür həzm edə, münasibətlərdə bərabərhüquqlu tərəf olduğunu anlamaq istəmir. Rusiya hakimiyyəti hələ də özünü "vahid mərkəz" rolunda təsəvvür edib münasibətləri bu düşüncə üzərində qurmağa çalışır. Konkret məqamlarda kolonal düşüncə tərzi özünü çılpaqlığı ilə göstərməkdədir.
Bu bir həqiqətdir ki, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirən əsas səbəb 2024-cü ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması oldu. Təyyarə vurulduqdan sonra Rusiyanın dövlət orqanları rəsmi şəkildə üzrxahlıq etmək əvəzinə, heç nə olmayıbmış kimi biganə münasibət nümayiş etdirdilər. Halbuki Azərbaycan xalqının da, rəsmi Bakının da müttəfiqi olan yaxın qonşumuz Rusiyadan gözləntimiz tamam başqa idi. Gəlin müqayisə edək. Buna oxşar hadisə 2020-ci ilin Vətən müharibəsinin son günlərində Naxçıvanda baş vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində baş verən analoji hadisəni belə izah edib: "Yenə də İkinci Qarabağ müharibəsindən bir misal çəkə bilərəm. Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi. Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı". Dövlətimizin başçısı xüsusi olaraq onu qeyd edib ki, helikopter Ermənistandan uçaraq gəlirdi: "Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaqı başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər".
Dövlətimizin başçısı çox konkret və aydın şəkildə Azərbaycanın qarşı tərəfə göstərdiyi münasibəti görmək istədiyimizi vurğulayır. Qonşu ölkə isə bunu qəbul etmək istəmir. Böyüklük etirafdan başlayır. Böyüklük səhvdən nəticə çıxarmaq deməkdir. Günahı qəbul etmək kiçiklik deyil. Bunları etmək istəməyən, beynəlxalq hüquqa məhəl qoymayan Rusiya özünü başqa cür aparır, hansı ki bu, qəbuledilməzdir. Sözsüz ki, dövlətimiz və xalqlarımız arasında tarixi bağlılıq var. Azərbaycan tərəfi hələ də ümid edir ki, gec və ya tez istintaq başa çatacaq. Təyyarəmizi vuran şəxslər ədalət qarşısında cavab verəcəklər. Rusiya səhvini anlayıb rəsmən üzr istəyəcək. Rusiya bunu etmək əvəzinə, ənənəvi təzyiq üsulundan istifadə etməyə üstünlük verdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, "Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik".
Azərbaycan münasibətləri gərginləşdirməkdə, konfrantasiyaya getməkdə qəti maraqlı deyil. Sadəcə olaraq qarşılıqlı hörmət, beynəlxalq hüquqa əsaslanan münasibət gözləyir. Anlaşılan budur ki, Azərbaycanın qətiyyətli mövqeyi və haqlı tələbini rəsmi Moskva da gec də olsa, başa düşmək istəyir. Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində Azərbaycanla bağlı verdiyi açıqlamadan bu hiss edilməkdədir. Putin bildirib: "Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün Prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq".
Rusiya liderinin açıqlamasının kifayət qədər diplomatik və barışıq meyilli olduğunu hiss etməmək mümkün deyil. Rusiya Prezidentinin açıqlaması Kremlin Azərbaycanla münasibətlərdə körpüləri tam yandırmaq niyyətində olmadığını nümayiş etdirdi.
Elşən QƏNİYEV,
"Azərbaycan"