08 Oktyabr 2023 09:20
521
SİYASƏT
A- A+
Böyük qələbələrlə tariximizə yazılan səhifələr

Böyük qələbələrlə tariximizə yazılan səhifələr

 

Azərbaycan tarixinin ən mühüm hadisələrindən olan 44 günlük Vətən müharibəsinin hər günü unudulmaz salnamədir. Bu 44 gün tarixi taleyimizi dəyişdi, təkcə ölkəmizin deyil, ümumilikdə regionumuzun həyatında yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı ordumuzun Qələbəsi ilə bölgəmizdə parlaq gələcəyin təməlini qoydu. Bu, şəhidlərimizin qanı, Vətənin hər qarışı uğrunda canından keçməyə hazır olan igidlərimizin misilsiz fədakarlığı hesabına qazanılmış zəfərdir. İndiki və gələcək nəsillər belə bir fədakarlığı heç zaman unutmayacaq, aradan keçən illər Qələbəmizin tarixi dəyərini hər il daha da yüksəldəcək.

 

Mürəkkəb əməliyyat 

 

2020-ci ilin oktyabr ayı 44 günlük Zəfər salnaməsində xüsusi yer tutdu. Həmin ayın 4-də Vətən müharibəsinin ilk həlledici qələbələrindən biri qazanıldı, Cəbrayıl şəhəri düşməndən azad edildi. 27 sentyabr 2020-ci ildə erməni silahlı birləşmələrinin növbəti təxribatına qarşı hərbi əməliyyatlar başlanan vaxt Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizləndi. 3 oktyabr tarixində rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri də 27 ildən sonra azadlığa qovuşdu. 4 oktyabr tarixində isə xalqımıza Cəbrayıl şəhəri və rayonun 9 kəndinin - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin işğaldan azad edilməsinin müjdəsi verildi.
İşğal altındakı şəhərlərimizdən birinin azadlığa çıxmasının hərbi, tarixi-mənəvi əhəmiyyəti ilə yanaşı, mühüm sosial-psixoloji təsiri də vardı. Təxminən 30 illik dövrdə işğal faktı, bu faktın sıxıntıları, ağrı-acıları bizim üçün düşmən tapdağındakı rayonlarımızın, o cümlədən Cəbrayılın adı ilə assosiasiya olunmuşdu. 4 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi ilə cəmiyyətimizdəki ruh yüksəkliyi, tezliklə bu haqq savaşımızdakı qəti qələbəmizə inam daha da artdı. 
Cəbrayıl əməliyyatı Vətən müharibəsinin ən mürəkkəb əməliyyatlarından idi. Çünki erməni işğalçıları bu ərazidə möhkəmlənməkdən ötrü uzun illər bir neçə xətdən ibarət istehkamlar yaratmışdılar. Obrazlı desək, özlərinə gizli yuvalar qurmuşdular. Həmin istehkamları yarmaq çox böyük fədakarlıq tələb edirdi. Amma Azərbaycan Ordusunun gücü, əsgər və zabitlərimizin döyüş ruhu qarşısında heç bir istehkam tab gətirmədi. Həbrçilərimiz Ali Baş Komandanın əmrini rəşadətlə yerinə yetirərək qısa zamanda Cəbrayıl şəhərinin azadlığına nail oldular. Cəbrayıl əməliyyatının uğuru digər rayonlara parlaq əks-hücumlarımızı da mümkün etdi. Cəbrayılın düşməndən təmizlənməsi ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə şərait yaratdı. Əməliyyatların sonrakı gedişində düşmən Zəngilan rayonundan, ardınca Qubadlı və Laçın rayonunun cənub hissəsindən də qovuldu və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.  

 

Xudafərində dalğalanan bayrağımız

 

Cəbrayıl rayonundakı tarixi Xudafərin körpüsünün azad edilməsi, burada dövlət bayrağımızın dalğalanması da mühüm mənəvi dəyəri ilə cəmiyyətimizdə böyük coşqu yaratdı. 
Xudafərin körpüsü bizim üçün həsrət körpüsü idi. Uzun illər ərzində bu körpünün şəkillərinə qubarla baxardıq. Bu tarixi məkanın bizim üçün əlçatmazlığına üzülərdik. Əcdadlarımızın uzaq yollarını yaxın edən, doğma elləri bir-birinə qovuşduran, möhtəşəm bir tarixin şahidi olan bu körpülərin düşmən əlində əsir qalması qəlbimizə çarpaz dağ idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu həsrətimizə son qoydu. Xudafərin körpüsündə Azərbaycanın dövlət bayrağını ucaldaraq böyük bir tarixi uğura imza atdı. 
44 günlük Vətən müharibəsinə gətirən yolda - ordumuzun 2016-cı ilin aprelində qazandığı zəfərdə Cəbrayıl rayonunun xüsusi əhəmiyyəti var. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Bu, hələ 1994-cü ilin 5 yanvarında aparılmış Horadiz əməliyyatı zamanı düşməndən geri alınmış Cocuq Mərcanlı kəndinin yenidən qurulmasına və sakinlərin ora köçürülməsinə şərait yaratdı. Çünki Lələtəpə strateji yüksəklik olduğundan və Aprel qələbəsinə qədər orada düşmən qərarlaşdığından kənddə mülki azərbaycanlı sakinlərin kütləvi məskunlaşması mümkün deyildi. Ordumuzun Aprel qələbəsindən sonra Cocuq Mərcanlı qısa zaman içində yenidən quruldu. Sakinlərin doğma kəndlərinə qayıdışı ilə Qarabağa Böyük qayıdışın əsası qoyuldu. Azərbaycan Ordusunun bu qələbəsi uzun illər ərzində öz ordusu haqqında yalançı miflər uydurmuş Ermənistan cəmiyyətinə də böyük bir zərbə oldu. Bunun təsiri işğalçı ölkədə hətta hakimiyyət dəyişikliyinə qədər gətirib çıxardı.  

 

Erməni vandalizminin Cəbrayıl üzü

 

Bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesləri çərçivəsində Cəbrayıl da yenidən qurulur. Təxminən 30 illik işğal dövründə erməni vandallarının yerlə-yeksan etdikləri doğma şəhərimiz həyata qaytarılır. 1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən Cəbrayıl Azərbaycanın abad rayonlarından idi. Rayonda 1 şəhər, 4 qəsəbə, 92 kənd vardı. Hesablamalara görə, ermənilər ərazini işğal etməklə Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurublar. 1050 kv km-i əhatə edən, 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılıb. 
1992-1993-cü illərdə düşmənin əlinə keçən başqa rayonlarımız kimi, Cəbrayılın işğalı da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışına qədər ölkənin taleyinə görə məsuliyyət daşıyan təsadüfi insanların yol verdikləri yanlışlıqların, ölkədə yaranmış böhranın nəticəsi idi. İgid Azərbaycan övladları rayon və şəhərlərimizi qorumaq üçün səngərlərdə canlarından keçirdilər. Mərkəzdə isə hakimiyyət davası gedirdi. AXC-Müsavat cütlüyünün vəzifə hərisi olan naşı təmsilçiləri, siyasi mübarizəni küçələrdə silahla aparan kriminal qruplar ölkəni fəlakətə sürükləyirdilər. Azərbaycan oğullarının qarış-qarış qoruduqları torpaqlar hakimiyyət boşluğundan rayon-rayon, şəhər-şəhər, kənd-kənd düşmənə təslim olurdu. Birinci Qarabağ müharibəsində təkcə Cəbrayıl rayonu 362 şəhid vermişdi. 191 nəfər sağlamlığını itirərək əlil olmuş, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Bu insanların fədakarlığı Cəbrayılı qorumağa yetmədi. Düşmən havadarlarının köməyi ilə Cəbrayılı işğal etdi və 27 illik işğal ərzində Azərbaycanın qurulu bir rayonunu, demək olar ki, dağıtdı, tanınmaz hala saldı. 
İşğaldan əvvəl rayonun əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Cəbrayıl Azərbaycanda elmin, mədəniyyətin, maarifin ən yüksək inkişaf səviyyəsinə çatdığı məkanlardan idi. Rayonda 510 çarpayılıq xəstəxanalar vardı. Bu xəstəxanalarda ümumən 92 həkim, 432 orta ixtisaslı tibb işçisi çalışırdı. Rayonun 72 məktəbi vardı. Bu məktəblərdə 1660 nəfərdən çox müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olurdu. Cəbrayılda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 1 muzey fəaliyyət göstərirdi. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırdabuynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki mövcud idi. Erməni vandalları bütün bu qurulu infrastrukturu məhv etdilər. Cəbrayıl rayonundan olan məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Xüsusilə işğalın ilk illərində min bir zillət yaşadılar.
Azərbaycanlıların bu torpaqlardakı izini silməkdən ötrü ermənilər hətta Cəbrayıldakı tarixi abidələrimizi də dağıtdılar. Rayonun Dağ Tumas kəndi yaxınlığındakı "Divlər Sarayı" mağarasının, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanlarının, Diri dağındakı Mazannənə, Mərmərnənə məqbərələrinin, Dağ Tumas kəndindəki "Başıkəsik Günbəz"in, Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpülərinin, Çələbilər kəndindəki Məscid kompleksinin, rayon mərkəzindəki "Sultan Məcid hamamı"nın, Şıxlar kəndindəki "Dairəvi Türbə"nin, Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələrin və məqbərələrin, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər birinin işğal zamanı dağıntılara məruz qalması erməni vandalizminin nə qədər qorxunc olduğunu, heç bir əndazə tanımadığını göstərir.

 

Yeni həyatın başlanğıcı

 

Bütün bunlar artıq keçmişdir - hər zaman xatırlayıb, necə bir tayfa ilə qonşuluqda yaşadığımızı heç zaman unutmamalı olduğumuz keçmişdir. Cəbrayıl isə özünün yeni həyatına daxil olur. Xüsusilə Araz Vadisi İqtisadi Zonasının yaradılması Cəbrayıl rayonunun inkişafı üçün çox mühüm addımdır. Artıq rayonun elektrik təchizatı təmin edilib. Rayona 4-6 zolaqlı yol çəkilməkdədir. Bu yol Zəngəzur dəhlizi layihəsinin də uğuruna xidmət edəcək. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiqlənib və addım-addım yerinə yetirilir. 
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda, Şərqi Zəngəzurda yenidən qurulan digər yurd yerlərimiz kimi, Cəbrayıla da bir neçə dəfə səfər edib, bir çox infrastruktur obyektinin təməlini qoyub, görülən işlərin gedişi ilə yaxından tanış olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalının təsis edilməsi, həmçinin dövlət rəhbərimizin daha bir sərəncamı ilə 4 oktyabr tarixinin Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması da rayonun möhtəşəm Zəfərimizdəki şanlı simvoludur. Bu mənəvi dəyəri hazırkı dövrdə dirçəldilən, ölkəmizin ümumi inkişaf axarına qovuşmaqda olan Cəbrayılın nailiyyətləri daha da böyüyəcək, doğma yurdumuzda Azərbaycanın tərəqqi mənzərəsində öz layiqli yerini tutacaq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!