Təşkilat nümayəndəsi qadınların münaqişələrin qarşısının alınmasındakı rolunu vurğulayıb və rəqəmsal zorakılığın risklərinə diqqət çəkib
BMT Qadınlar Təşkilatının Avropa və Orta Asiya üzrə regional direktoru Belen Sanz Luke bildirib ki, qadınlar və kişilər texnoloji inkişaf və rəqəmsal transformasiyanın faydalarından "bərabər dərəcədə faydalanmalıdırlar".
Luke bu fikri Antalyada keçirilən 5-ci Diplomatik Forumunda tədbirin qlobal kommunikasiya tərəfdaşı kimi çıxış edən Anadolu agentliyinin suallarını cavablandırarkən səsləndirib.
Texnologiyanın yayılmasının və rəqəmsallaşmanın qadınların səlahiyyətləndirilməsinə təsirini qiymətləndirən Luke, hər iki cins üçün rəqəmsal transformasiyaya bərabər çıxışın zəruriliyini vurğulayıb.
Onun dediyinə görə, BMT qadınların rəqəmsal iqtisadiyyatda iştirakını artırmağa çalışır və onların texnoloji fənlər üzrə təlimini dəstəkləyir. "Getdikcə daha çox qadının bu sahələrdə məzun olduğunu görürük, lakin qadınlarla kişilər arasındakı fərq hələ də qalmaqdadır", - deyə BMT rəsmisi qeyd edib.
Luke həmçinin bildirib ki, dünyada qadınlar və qızlar mobil telefonlar və onlayn platformalar da daxil olmaqla rəqəmsal texnologiyalar vasitəsilə təcavüz riski ilə üzləşirlər: "Biz qadınları rəqəmsal zorakılıqdan qorumaq üçün çalışırıq. Rəqəmsal platformalarda qadının istənilən təsvirindən istifadə etmək onun razılığını tələb edir. Süni intellekt alqoritmləri çox vaxt gender qərəzliliyi ilə hazırlanır. Əgər bu dəyişdirilməsə, qadınların süni intellekt və rəqəmsal texnologiyalardan faydalanması daha çətin olacaq".
Cəmiyyətdəki qadınların rolundan danışan Luke qeyd edib ki, onlar "sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında əsas elementdir". Lakin, qadınlar tez-tez böhranlara ilk reaksiya verənlər olsalar da, onlar tez-tez sülh danışıqlarından kənarda qalırlar.
O, həmçinin vurğulayıb ki, qadınlar dünya miqyasında parlament üzvlərinin təxminən 27 faizini təşkil edir və bu rəqəmin artırılması üçün siyasi partiyalar, parlamentlər və özəl sektorla əməkdaşlıq labüddür.
"Əgər siyasətdə iştirak etmək istəyirəmsə, zorakılığın qurbanı olmayacağımdan əmin olmalıyam. Bir çox ölkələrdə qadınlar məhz siyasi fəaliyyətlərinə görə yüksək səviyyədə zorakılıqla üzləşirlər", - deyə Luke əlavə edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”