Gəmiçilik uzun müddətdir ki, dünya iqlim siyasətinin nəzərindən kənarda qalıb. Tullantılar, demək olar ki, aviasiyadakı qədər çox olmamasına baxmayaraq, qətiyyən tənzimlənmir - dünya üzrə tullantıların 3 faizi gəmiçiliyin payına düşür.
Keçən yay Avropa İttifaqı (Aİ), 2050-ci ilə qədər atmosfer tullantılarının 80 faiz azaldılması, o cümlədən gəmiçiliyin də bu siyahıya daxil edilməsi üçün tələblər irəli sürüb. Dəyişikliklərin aparılmasının labüd olduğu gəmicilik sektoruna qarşı bu təzyiq yeni yanacaq növlərinin axtarışına səbəb olub.
AZƏRTAC xəbər verir ki, İsveçin “Liquid Wind” şirkəti ölkənin şimalındakı Ernşeldsvik bölgəsində elektron yanacağın istehsalı üzrə zavodun inşa edilməsini planlaşdıraraq, bu sahəyə investisiya yatırıb. Layihəyə bir qədər sonra amerikalı biznesmen Bill Qeyts qoşulub. Onun nəhəng “Breakthrough Energy” fondu layihənin 15 faizinə iddia edərək, iqlim böhranının həll edilməsi üçün nəzərdə tutulan texnologiyalara sərmayə yatıracaq. Texnologiya, kogenerasiya zavodunda saxlanılan elektrik enerjisinin, su və karbon dioksidin birləşməsindən ibarətdir və daha sonra gəmilərdə yanacaq kimi istifadə edilə bilən metanol istehsalını təmin edir. Plana əsasən, Ernşeldsvikdəki zavod bu onilliyin ortalarında gəmi yanacağı istehsal etməyə başlayacaq.
İsveçin şimal hissəsi Avropanın sözügedən sektor üçün münasib olan ən yaxşı yerlərindən biri hesab edilir, çünki burada 100 faiz təmiz elektrik enerjisi hasilatı mövcuddur.
“Mən bu layihələri sevirəm. Gəmiçilik sahəsində tullantılardan xilas olmaq çox çətindir, bu cəhdlərin özü yeni tullantıların yaranmasına səbəb olur”, – deyə B.Qeyts Dubayda keçirilən COP28 İqlim Sammitində bildirib.