Yazın gəlişi ilə havaların da nisbətən istiləşməsi hiss olunmaqdadır. Torpaqda hərarət yaranmışdır. Bu isə öz növbəsində əkinlərin, yabanı ot-ocağın inkişafında özünü göstərir. Bir neçə gün öncə gördüyün əraziyə, sahəyə gedərkən tamam başqa mənzərənin şahidi olursan. Təbiət yaşıl xalısını yavaş-yavaş hər yerə sərməyə başlayır. Bir azdan bu xalıya gül-çiçəklərdən rəngbərəng naxışlar vurulacaq.
Əkinçi isə artıq tarlalara çıxmışdır. O, az müddət sonra tel-tel olacaq taxıl sahələrinə mineral gübrə verir. Əkinçilər buna “yemləmə” də deyirlər. Hazırda hər yerdə fermerlər, torpaq mülkiyyətçiləri bu məqsədlə yerli istehsal olan karbamiddən istifadə edirlər. Əvvəlki illər yemləmə zamanı daha çox azot gübrəsinə üstünlük veriblər. Xaricdən, o cümlədən Rusiya Federasiyasından alınıb gətirilən azotun hazırkı qiyməti çox baha olduğundan belə vəziyyət yaranmışdır. Mütəxəssislər deyirlər ki, karbamidin tərkibi azotla müqayisədə mineral maddələrlə daha zəngindir. Sumqayıtda istehsal olunan bu gübrə indi xarici ölkələr tərəfindən də alınır.
Biləsuvar rayonunun təcrübəli torpaq mülkiyyətçiləri də yazın erkən gəlməsini görüb sahələrə çıxmışlar. İndi hər kəs əkinlərə yemləmə gübrəsi verməyə tələsir. Bunun üçün isə heç bir problem yoxdur. Rayona gübrənin gətirilməsi və satışı ilə bir neçə sahibkar məşğuldur. Bu səbəbdən torpaq mülkiyyətçiləri növbəsiz gübrə ala bilirlər.
Fermer Marif Əliyev rayon mərkəzindəki dükandan aldığı gübrəni yük maşınına yüklətdirib yaşadığı Əsgərabad kəndində taxıl əkdiyi sahəyə sürdürür. Arxasına gübrəsəpən aqreqatı quraşdırılmış traktorun sürücüsü burada dayanıb onu gözləyirdi. Vaxt itkisinə yol vermədən maşının arxasını açıb gübrə dolu kisələri aqreqatın bunkerinə boşaldırlar. Traktor hərəkətə gəlib irəlilədikcə aqreqat dənəvari karbamidi sağa-sola səpələməyə başlayır. Özü də birbaşa hərəkət zamanı az yox, 10-12 metr əkin zolağını gübrələyir. Traktorun sahənin o biri başına gedib-qayıtmasını gözləyəndə fermer Marif Əliyevlə söhbət edirik. Öyrənirik ki, 5 hektar əkin sahəsi var. Keçən ilin payızında hamısına arpa əkib: “Çıxış ümumilikdə pis deyil. Görürsünüz, ora bir az dik olduğu üçün yaxşı su içə bilməyib. Ona görə də həmin zolağın inkişafı nisbətən zəifdir. Gübrə səpiləndən sonra bir yaxşı yağış düşsə, bu sahə də boy atıb o birilərinə çatacaq”, - deyə M.Əliyev sözünə davam edir: “Bir neçə ildir iqlimdən baş çıxarmaq olmur. Dünyanın bir tərəfini sel-su aparır, digər tərəfində quraqlıq baş alıb gedir. Keçən il bu sahəyə pambıq əkmişdim. Suyun qıtlığı ucbatından yaxşı məhsul götürə bilmədim. Görək indi necə olacaq. Elə bil Allah da bizdən üz döndərib. Bunu da haqq edir. Çünki insanlar yolunu azıblar, dünyanı yenidən bölüşdürmək, onun sərvətlərinə daha çox sahib çıxmaq istəyirlər. Gözləri doymaq bilmir. İş o yerə gəlib çatdı ki, iki qardaş xalq bir-birini qırır. Özümüzü götürək. Məgər öz xoşları ilə ermənilər torpaqlarımızı qaytaracaqdılarmı? Əlbəttə, yox. Sağ olsun, Prezident İlham Əliyev. Fəhmi, siyasəti ilə hər şeyi nəzərə almaqla ordumuzu döyüşə hazırladı. Qardaş Türkiyə də yanımızda oldu. Bir biləsuvarlı kimi sevinirəm, fəxr edirəm ki, Vətən müharibəsində bizim gənclər qəhrəmanlıqla döyüşərək həmyerliləri Mübariz İbrahimovun yolunu davam etdirdilər. Vətən üçün canlarını, qanlarını əsirgəmədilər”.
Söhbətə başımız elə qarışır ki, heç bilmirik gübrəsəpən texnika sahənin o biri başına nə vaxt gedib qayıdır. Aqreqatın bunkeri yenidən gübrə ilə doldurulur və traktor hərəkətə başlayır. Biz isə fermer Marif Əliyevə işində uğurlar arzulayıb ondan ayrılırıq.
Qeyd edək ki, cari ilin məhsulu üçün keçən ilin payızında rayonda 34 min hektara taxıl toxumu səpilmişdir ki, bunun da 26 min 105 hektarı arpa və buğdadır. Cari ildə taxılın qiymətində artım olacağını görən torpaq mülkiyyətçiləri və fermerlər aqrotexniki tədbirləri gücləndirirlər. Biləsuvar Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri isə bu işdə onların yanındadırlar.
Seyran CAVADOV,
“Azərbaycan”