Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə sentyabrın 15-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə yanaşı, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq və nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan və Fransanı təmsil edən 150-dən çox nümayəndə iştirak edib.
Beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, ali audit orqanları tərəfindən cəmiyyətə faydanın verilməsi hesabatlılıq və şəffaflıqla birbaşa əlaqəli olan 3 hədəfin yerinə yetirilməsi ilə təmin olunur. Bu hədəflərdən birincisi dövlət orqanlarının və müəssisələrinin şəffaflığını, hesabatlılığını və dürüstlüyünü gücləndirmək hədəfidir: "Bu hədəfə nail olunma auditlərə dair hesabatvermə funksiyasının yerinə yetirilməsi və verilmiş təklif və tövsiyələrin icrasının izlənilməsi əsasında ölçülür. İkinci hədəf nümunəvi təşkilat olmaqdır. Bu, ali audit orqanları etibarlılığının öz fəaliyyətinə görə ictimaiyyət qarşısında cavabdeh kimi görünməkdən asılıdır. Bunun mümkün olması üçün ali audit orqanları nümunəvi olmalıdırlar. Üçüncü hədəf vətəndaşlar və maraqlı tərəflər üçün daim aktual olmaqdan ibarətdir. Ali audit orqanlarının müasir dövrdə dövlət idarəetməsinin gücləndirilməsində, hesabatlılığın artırılmasında, dövlət vəsaitlərinin idarə edilməsinə nəzarətdə oynadıqları rol onlara maraqlı tərəflərdən tələblərin və gözləntilərin çox olmasına səbəb olur".
Auditlərin nəticələri ilə bağlı ictimaiyyətə açıqladığımız məlumatlarda son illərdə əhəmiyyətli artım var. 2021-ci ildə portfel üzrə keçirilmiş auditlərin 54 faizi açıqlanırdısa, 2022-ci ildə bu 60 faizə yüksəlib: "2023-cü il üzrə bu nisbətin artırılmasını hədəfləyirik. Hesab edirik ki, qurumların auditin nəticəsi olaraq görülən işlər barədə ictimaiyyəti məlumatlandırmağı bu hədəfi daha nəticəli edə bilər", - deyə V.Gülməmmədov qeyd edib.
Auditorlar Palatasının sədri Vahid Novruzov diqqətə çatdırıb ki, aparılan hesablamalara görə, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq dünyada ÜDM-in 1,5-4 faizi qədər resurs tələb edir. Məhz biznes strukturlarının dayanıqlı inkişaf sahəsində dövlət təşəbbüslərinə cəlb edilməsinin vacibliyi də bununla izah edilir. DİM-də informasiya əlçatanlığı, məlumatların toplanması, monitorinqi və hesabatlılıq dayanıqlı inkişaf üçün ən mühüm elementlər kimi dəyərləndirilir.
O qeyd edib ki, ümumiyyətlə isə IFAC-ın məlumatına görə, 17 DİM-in 8-i mühasibat uçotu, hesabatlılıqla və o cümlədən auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar DİM-in reallaşmasında mühüm rola malikdirlər. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ dayanıqlı inkişafın yeni tələblərinə uyğun olaraq transformasiyası bu günün tələbləri sırasındadır. Məhz mühasibat uçotu və auditin birbaşa təsiri ilə təhsilin keyfiyyəti, gender bərabərliyi, ləyaqətli əmək və iqtisadi artım, məsuliyyətli istehlak və istehsal, bərabərsizliyin azaldılması, təhlükəsizlik, iqlim dəyişikliyi, ekosistemin qorunması, sülh və ədalət, güclü institutların yaradılması və əməkdaşlıq kimi DİM reallaşa bilər. Aparılan tədqiqatlar onu da göstərir ki, mühasiblər və auditorlar - Maliyyə hesabatları təqdim və təsdiq edilərkən DİM üzrə mövcud durum barədə öz mülahizələrini təqdim etmək, şirkətləri DİM-in şərtlərini yerinə yetirməyə həvəsləndirmək və təşviq etmək, ətraf mühitin mühafizəsinə və sosial məsuliyyətə dair idarəetmənin məlumat bazasını formalaşdırmaq kimi məsələlərin həllində vacib rola malikdirlər.
"DİM ölkənin 2030-cu ilədək milli inkişaf prioritetlərində nəzərə alınmışdır. Belə ki, Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: iqtisadi inkişafa dair Milli Prioritetlərdə növbəti onillikdə reallaşdırılmalı olan beş milli prioritetin demək olar ki, hamısı dayanıqlı inkişafın təminatına yönləndirilib. Milli prioritetlərin realizasiyası məqsədilə hazırlanmış “2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası” DİM-in həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Digər mühüm nailiyyət kimi 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə AMB tərəfindən hazırlanmış Yol Xəritəsini göstərmək olar", - deyə Palata sədri qeyd edib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, hazırda 112 qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəricisindən 81-i üzrə məlumatları Dövlət Statistika Komitəsi, qalan 31-i üzrə məlumatları isə digər dövlət qurumları hazırlayır: "Bu məlumatlar Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən hazırlanaraq Dövlət Statistika Komitəsinə təqdim edilir. DİM göstəriciləri üzrə məlumat istehsalında əsasən ənənəvi məlumat mənbələrindən istifadə olunsa da, hazırda beynəlxalq aləmdə məlumatların alternativ mənbələr əsasında toplanılması praktikası getdikcə genişlənir və inkişaf etmiş bir çox ölkələrdə bəzi DİM göstəricilərinin monitorinqində peyk məlumatlarından istifadə edilir. Son 2 ildə ölkəmizdə də belə təcrübə tətbiq olunub. 2021-ci ildə "Azərkosmos"la aparılan işlər nəticəsində 15.4.2-ci dayanıqlı inkişaf məqsədi, yəni dağların bitki örtüyü indeksi üzrə məlumatların bu yolla əldə olunması təmin edilib".
Vurğulanıb ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal göstəricilər sistemində əks edilib, o cümlədən DİM üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezidentin 2016-cı il 6 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrası olaraq milli prioritet kimi seçilmiş 119 göstərici üzrə məlumatların mənbəyi və onların hazırolma müddəti müəyyənləşdirilib. Rəsmi statistikada mövcud olmayan göstəricilər üzrə məlumatların aidiyyəti dövlət orqanları ilə birgə əldə edilməsi üçün müəyyən işlər görülüb, Dİ statistikanın təşkili ilə bağlı digər tədbirlər həyata keçirilib.
“Dünyada baş verən proseslər Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına kifayət qədər mənfi təsir göstərir. “BMT platformalarında aparılan müzakirələrdə də hər kəsi düşündürən bir sual var. 2023-cü ildə 15 illik dövrü əhatə edən dayanıqlı inkişaf məqsədlərinin yarısını qət edə bilmişik? Bu sualın cavabı təəssüf ki, neqativdir. Çünki pandemiyanın, digər siyasi proseslərin yaratdığı fəsadlar, iqtisadi sferada baş verən neqativ şoklar dayanıqlı inkişaf məqsədlərinin icrası prosesinə hazırda da mənfi təsirini göstərir", - deyə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov qeyd edib.
Şöbə müdiri bildirib ki, BMT-nin hesablamalarına görə, mövcud tendensiyalar davam edərsə, qarşıdakı illərdə təxminən 600 milyon insanın ifrat yoxsulluq həddinə düşmə riski var: "Bu vəziyyətin yaranması ifrat yoxsulluq həddində yaşayan insanların sayının artımına təsir edəcək, səhiyyə, təhsil və sosial xidmətlərə çıxış imkanlarında məhdudiyyətlərin yaranması ilə nəticələnəcək. Baş verən digər proseslərdən biri yüksək inflyasiyanın qlobal olaraq iqtisadi riskləri artırmasıdır. Bu risklər xüsusilə sosial cəhətdən həssas əhali qrupunun gəlir əlçatanlığının azalması ilə nəticələnir. Bütün bu göstəricilər dayanıqlı inkişaf məqsədlərinin icrasına öz neqativ təsirlərini göstərir".
Konfrans çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində təcrübələr müzakirə edilib, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh olunub, yaşıl iqtisadiyyat, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində müzakirələr aparılıb.
Sentyabrın 16-da iştirakçıların Heydər Əliyev Mərkəzinə ziyarəti, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi və Bakı şəhəri ilə tanışlıq nəzərdə tutulub.