29 Avqust 2024 16:27
233
İQTİSADİYYAT
A- A+

Bəhrom Sotiboldiyev: Özbəkistan Bakı limanının ərazisində terminal tikmək niyyətindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq əlaqələrinin inkişafında tarixi hadisə oldu. Səfərin əsas nəticələrindən biri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində yeni fəslin başlanğıcı olan Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanmasıdır. Səfər çərçivəsində iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün səmərəli mexanizmə çevrilməsi nəzərdə tutulan Ali Dövlətlərarası Şuranın ilk iclası da keçirildi. Danışıqlar zamanı prezidentlər “yaşıl” enerjinin istehsalı və onun Azərbaycan vasitəsilə Avropa ölkələrinə ixracı üzrə irimiqyaslı regional layihənin həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəldilər.

Azərbaycan Prezidentinin səfəri ilə bağlı Özbəkistan mətbuatında dərc olunmuş materialların təhlili bir daha göstərir ki, rəsmi Daşkənd və özbək xalqı dövlətimizin başçısının səfərini yüksək qiymətləndirir və dövlətlər arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Jurnalist T.Məmmədovanın AZƏRTAC üçün mövzu ilə bağlı özbəkistanlı ekspert, Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Bəhrom Sotiboldiyevdən aldığı müsahibəni təqdim edirik.

- Avqustun 22-23-də İlham Əliyevin Özbəkistana dövlət səfəri oldu. Bu səfər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına necə töhfə verəcək?

- Şübhəsiz ki, Özbəkistan və Azərbaycan bir-birinə iqtisadi baxımdan perspektivli tərəfdaşlar kimi baxırlar. Bu, iri və kiçik biznes arasında əlaqələrin genişləndirilməsinə artan qarşılıqlı tələbatla təsdiqlənir. Qarşılıqlı marağın miqyasını anlamaq üçün ikitərəfli ticarət dövriyyəsinin dinamikasına baxmaq kifayətdir. Məsələn, son beş ildə o, üç dəfə artaraq 2023-cü ilin sonunda 232 milyon dollara çatıb, 2024-cü ilin əvvəlindən isə daha 15 faiz artıb. Bu rəqəmin 1 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub.

Bu gün Özbəkistanla Azərbaycan arasında münasibətlər çoxşaxəliliyi və davamlı inkişafı ilə xarakterizə olunur. Bu münasibətlər qarşılıqlı maraqların nəzərə alınmasına və hər iki ölkənin xalqına real fayda gətirən sahələrdə əməkdaşlığa əsaslanır. Biz dövlətlərimizin rəhbərləri Şavkat Mirziyoyev və İlham Əliyevin ikitərəfli münasibətlərə daim böyük önəm verdiklərini, bunun nəticəsində Özbəkistan-Azərbaycan qarşılıqlı fəaliyyətinin geniş imkanlara malik həqiqi müttəfiqlik münasibətlərinə çevrildiyini müşahidə edirik.

Əməkdaşlığın bu cür gücləndirilməsi ikitərəfli dialoqun inkişafı üçün qiymətli sərvət olmaqla yanaşı, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əlaqələrin möhkəmləndirilməsində, onların daxilində iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradılmasında mühüm amildir. Bu şərtlərin yerinə yetirilməsi son nəticədə bütün regionun təhlükəsizliyinin və davamlı inkişafının qorunub saxlanmasının etibarlı təminatı olacaq.

- Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini açıqladı. Ölkələrimizin investisiya əməkdaşlığı sahəsində imkanlarını necə qiymətləndirirsiniz?

- İnvestisiya əməkdaşlığı sahəsində də irəliləyiş müşahidə olunur. Son illərdə birgə müəssisələrin sayı 5 dəfə artıb. Bu gün Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 240-dan çox şirkət fəaliyyət göstərir. Onlar əsasən maliyyə və İT xidmətləri, topdan və pərakəndə ticarət, qida, turizm və təhsil kimi sahələrdə fəaliyyət göstərirlər.

Özbəkistan şirkətlərinin Azərbaycan bazarında iştirakı da genişlənir. Onların sayı 70-dən artıqdır. Birgə təcrübə əsasında Azərbaycanda avtomobil istehsalı, toxuculuq və ipəkçilik klasterlərinin, Özbəkistanda isə alçıpan və zərgərlik məmulatlarının istehsalı üzrə layihələrə başlanılıb.

- Tərəflər Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini təsdiqləyiblər. Hər iki ölkə yüngül sənayenin hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır?

- Ölkələrimizin iqtisadiyyatlarının müxtəlif sahələrində yeni, daha geniş əməkdaşlıq gündəliyi hazırlanır. Bu, ilk növbədə, ticarət əlaqələrinin dərinləşməsidir. Bu cür əməkdaşlıq qlobal qeyri-sabitlik və zəruri məhsulların tədarük zəncirinin pozulması kontekstində daha da aktuallaşır.

İkincisi, azad iqtisadi zonalardan istifadə etməklə yüngül sənaye, kənd təsərrüfatı, əczaçılıq, elektrotexnika, maşınqayırma, kimya və zərgərlik sənayesi sahələrində birgə sənaye kooperasiyası layihələrinin həyata keçirilməsidir. Nümunə kimi Azərbaycan Respublikasının Hacıqabul rayonunda minik avtomobillərinin istehsalı üzrə uğurlu işləri göstərmək olar. Özbəkistan şirkətlərinin planlarına Azərbaycan ərazisində yük maşınlarının, avtobusların, kənd təsərrüfatı texnikalarının istehsalına başlanılması daxildir. İki dövlətin daxili inkişaf strategiyası ilə ümumi yanaşması və nəhəng istehsal, texnoloji, insan və təbii resurslara malik olması Özbəkistan və Azərbaycanın müxtəlif əməkdaşlıq layihələrini birgə həyata keçirməyə davam etməsi üçün imkanlar açır.

Bu gün Azərbaycanda 50 min ton alüminium istehsal olunur ki, bu da əsasən xam formada ixrac edilir. Birgə koordinasiya ilə elektrik məhsullarının istehsalı, o cümlədən üçüncü ölkələrə ixrac üçün xammal kimi istifadə oluna bilər. Rəqabətqabiliyyətli məhsulların istehsalı üçün iki ölkənin istehsalçıları arasında əməkdaşlığın gücləndirilməsi həm Özbəkistanın, həm də Azərbaycanın daxili inkişaf məqsədlərinin məntiqinə tam uyğun gəlir. Özbəkistan növbəti 7 ildə ixrac strukturunda hazır məhsulların payını 3,3 dəfə artırmağı qarşısına məqsəd qoyub.

Azərbaycanın ixrac strukturunda neft məhsulları böyük paya malikdir və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı Bakı üçün də aktualdır. Bu baxımdan, iki ölkənin istehsalçıları arasında sənaye əməkdaşlığının genişləndirilməsi və rəqabətqabiliyyətli məhsulların istehsalı üçün birgə müəssisələrinin yaradılması bu məqsədlərə nail olmağa kömək edəcək.

- Hər iki ölkə kommersiya əlaqələrinin və işgüzar əməkdaşlığın inkişafı üçün hansı addımları atır?

- İkitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məqsədlərini təşviq etmək üçün Özbəkistan və Azərbaycan birgə onlayn ticarət platformasının yaradılması barədə razılığa gəliblər. Bu mexanizm hər iki ölkənin sahibkarlarına lazımi tərəfdaşlar tapmağa və yeni iqtisadi əməkdaşlıq layihələri yaratmağa imkan verəcək əlavə alət rolunu oynayacaq. Özbəkistan-Azərbaycan tərəfdaşlığının inkişafı üçün prioritet vəzifələrə enerji sektorunda qarşılıqlı fəaliyyətin gücləndirilməsi daxildir.

- Ölkələrimiz enerji sektorunda hansı layihələri həyata keçirir?

- 2022-ci ildə Daşkənd və Bakı enerji sektorunda əməkdaşlığı genişləndirmək üçün yol xəritəsi qəbul ediblər. O, birgə işçi qrupun yaradılması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpaolunan enerji layihələrində Özbəkistan şirkətlərində iştirak kimi 30 sahəni əhatə edir. Belə ki, “Özbəkneftqaz” SC SOCAR ilə birlikdə Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, eləcə də neft-qaz sektorunda layihələrin həyata keçirilməsində əməkdaşlıq edir. Şirkət Azərbaycanda üç karbohidrogen yatağının birgə işlənməsinə başlamağı planlaşdırır.

“Özbəkneftqaz” SC-nin Xəzər dənizinin Azərbaycan şelfində “Şahdəniz” qaz-kondensat layihəsinə daxil olması prosesi son mərhələdədir. Həmçinin Özbəkistan Azərbaycan və Qazaxıstanla birlikdə Azərbaycan, Mərkəzi Asiya və Avropanı birləşdirən enerji dəhlizinin yaradılmasını nəzərdə tutan “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş layihəsini razılaşdırıb. Onun bir hissəsi olaraq Özbəkistan 2030-cu ilə qədər Azərbaycan ərazisi vasitəsilə Avropa ölkələrinə 5 giqavatdan çox yaşıl enerji ixrac etməyə hazırdır.

- Bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində ölkələrimiz necə əməkdaşlıq edə bilər?

- Enerji resurslarının dünya bazarlarına çatdırılması üçün nəqliyyat dəhlizlərinin və marşrutlarının şaxələndirilməsi zərurəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirir və enerji dəhlizlərinin potensialından birgə istifadə imkanlarını aktivləşdirir.

Bərpaolunan enerji mənbələrinin inkişafı üzrə birgə addımlar baxımından Özbəkistan və Azərbaycan şirkətləri günəş elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıq qurmaq üçün lazımi potensiala malikdirlər. Gələcəkdə bu, iki ölkənin ixrac imkanlarını artırmağa imkan verəcək ki, bu da bərpaolunan enerji mənbələrinə keçidlə bağlı qlobal tendensiya kontekstində çox aktualdır.

Bu sahədə birgə təcrübə uğurla sınaqdan keçirilərsə, sonradan Mərkəzi Asiyada tətbiq oluna bilər. Çünki region nəinki nəhəng təmiz enerji potensialına, həm də tələbatı durmadan artırılan nadir torpaq metallarının ən böyük ehtiyatlarından birinə malikdir.

- Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkələr arasında yükdaşımalar artmaqdadır. Nəqliyyat və logistika sahəsində gələcək əməkdaşlığın perspektivləri nədən ibarətdir? Yükdaşımalarının həcmini artırmaq üçün ölkələr hansı addımları atmalıdırlar?

- Özbəkistan və Azərbaycanın ayrıca nəqliyyat-logistika dəhlizləri sisteminin formalaşdırılması məsələsində ümumi fikirləri var. Ölkələrimiz bu vəzifəni öz iqtisadiyyatlarının inkişafı üçün mühüm amil kimi qiymətləndirirlər. Bunu nəzərə alaraq, nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan qarşılıqlı fəaliyyətinin gündəliyində getdikcə daha prioritet yer tutmağa başlayır.

Özbəkistan Azərbaycanın infrastrukturu vasitəsilə daşımaları fəal şəkildə artırır. Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin proqnozlarına əsasən, cari ildə bu istiqamətdə 1 milyon tondan çox Özbəkistan yükü daşınacaq. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından dinamik şəkildə istifadə olunur. Biz bu nəqliyyat marşrutunun hərtərəfli modernləşdirilməsinin bu yaxınlarda yekunlaşmasını və ötürmə qabiliyyətinin ildə 5 milyon tona çatdırılmasını nəzərə alaraq, tədarükün artırılmasını gözləyirik. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yükdaşımalarının artırılması da perspektivli görünür. Özbəkistan Bakı limanının ərazisində anbar infrastrukturu yaratmaq və ayrıca terminal tikmək niyyətindədir. Azərbaycan tərəfi ilə də gəmiqayırma və gəmiçilik sahəsində birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.

Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi məqsədlərinə nail olmaq baxımından Özbəkistan və Azərbaycan öz tranzit potensialından qarşılıqlı faydalı istifadəyə yönəlib. Daşkənd öz logistik imkanlarını genişləndirdikcə, Azərbaycanın infrastrukturu vasitəsilə yükdaşımaları artırmağa çalışır. Öz növbəsində, Bakı da planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzanmasında maraqlıdır.

-Müsahibə üçün təşəkkür edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video