Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Qarşıdakı dövrdə küçə və prospektlərdə, xüsusilə məktəb, bağça və digər təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat və piyada sıxlığının artacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hallarının qarşısının alınması, xüsusilə uşaqların yol təhlükəsizliyinin qorunması məqsədilə bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülər təhsil müəssisələrinin, parkların və uşaqların daha çox hərəkət etdiyi digər ərazilərin yaxınlığında sürət həddini şəraitə uyğun azaltmalı, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmalı, qəfil yola çıxa biləcək uşaqları nəzərə alaraq hər an dayanmağa hazır olmalıdırlar.
Valideynlər övladlarını yol hərəkəti qaydaları barədə mütəmadi məlumatlandırmalı, azyaşlı uşaqları nəzarətsiz buraxmamalı, onlara yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən və təhlükəsiz yerlərdən keçməyi öyrətməli, öz davranışları ilə də nümunə olmalıdırlar. Eyni zamanda, piyadalar yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməməli, qəfil avtomobil yoluna çıxmamalı, sürücünün onları gördüyünə əmin olduqdan sonra hərəkət etməlidirlər.
“Piyadavurma hallarının sayının azaldılması yalnız nəzarət tədbirləri ilə deyil, hər bir sürücünün, piyadanın və valideynin məsuliyyətli davranışı ilə mümkündür”, - deyə məlumatda qeyd olunur.