18 Aprel 2024 09:05
179
İQTİSADİYYAT
A- A+

Bakını Dubaya bənzədəcək daha bir təşəbbüs

 

Paytaxtımız süni adalarla əhatə oluna bilər 

 

Süni adalar təbiətin deyil, insan əməlinin məhsuludur və onların planetimizdə çox uzaq keçmişə gedən tarixi var. İlk kiçik süni adalar (krannoqi) Şotlandiya və İrlandiyadakı dayaz çaylarda və göllərdə salınıb. Sonralar XIII-XV əsrlərdə Sakit okeanın Karilin adalarında da  belə adalar qrupu - arxipelaq tikilib. Yelpik formasında Dadzima adlı süni ada Yaponiyada yaradılıb. Rusiyada Tısbağa adlı ilk süni ada isə 1702-ci ildə salınıb. 
Son tikintilərə gəldikdə, Dubaydakı Yelkən hotelini qeyd etmək olar. Əslində,  dünyanın ən məşhur süni adalarına Dubay sahillərində tikilən üç ada daxildir. Bu adalar turizmin inkişafına ciddi təkan verən abidələrdir. Şərqi Asiyadakı  süni adaların üzərində tikilən beynəlxalq Kansay aeroportu da heyrət doğurur. Dürrət əl Bəhreyndə tikilən arxipelaq - 15 süni adanı özündə birləşdirən 7 milyard dollarlıq adalar qrupundan ibarət möhtəşəm bir layihədir. Dünyada süni adaların yaradılması sahəsində liderlər Yaponiya və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Əgər yaponlar ərazi çatışmazlığından dolayı belə adaları ehtiyac üzündən tikirlərsə, BƏƏ üçün süni adalar yalnız investorları cəlb etmək üçün vasitədir.  
Bakıya gəldikdə, Xəzər dənizində belə adaların tikilməsi illərdir müzakirə edilir. Paytaxtımız artıq dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilmişdir. Ona görə də Bakının fantastik ideyaları özündə ehtiva edən yeni adalarla əhatə olunması şəhərə həqiqətən ikinci əfsanəvi şöhrəti gətirə bilər. 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov əmindir ki,  Xəzər dənizində yaradılacaq süni adalarda həyata keçiriləcək tikinti işlərinə bu qurum tərəfindən ciddi nəzarət ediləcək. Xəzərdə süni adalar müxtəlif istifadə məqsədilə beynəlxalq təcrübədə mövcud olan nümunələr əsasında yaradılacaq. Artıq qanunla bağlı Milli Məclisdə məlumat verilmişdir. R.İsmayılov bildirib ki, qanun layihəsi təkcə Bakıya şamil olunmur. Süni adalar Nabranda, Lənkəranda və digər yerlərdə də yaradıla bilər.
Onu da qeyd edək ki, yaxın vaxtlarda koreyalı ekspertlər "Bakı Körfəzi Dəniz Körpüsü" layihəsi üzrə bəzi detalları dəqiqləşdirmək üçün Azərbaycana gələcək. Hazırda "Eurocity" Şirkətlər Qrupu tərəfindən Xəzər dənizində yerləşən Zirə adasında ekoloji kurort kompleksinin yaradılmasını nəzərdə tutan "Zirə Sıfır İxrac Adası" layihəsi üzrə iş aparılır. Uzunluğu 13,5-15 kilometr olan körpünün salınması nəzərdə tutulur. Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğu 20 kilometrdən çox olacaq və körpünün altından 40 min tona qədər dedveyti olan gəmilər keçə biləcək. Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 milyard dollar həcmində vəsait ayıracaq. 
Beləliklə,  Xəzərin unikal adalar dənizinə çevrilməsi heç də uzaq gələcəyin əfsanəsi yox, yaxın reallıqdır. Artıq payızda Xəzərdə süni adaların yaradılması ilə bağlı layihələndirmə işlərinə start verilməsi gözlənilir. Bakının ətrafında salınan bu adalar o qədər də uzaqda olmayacaq, paytaxtla avtomobil yolları vasitəsilə birləşəcək.  Adalara gəmi-bərə və kater marşrutlarının açılması  da nəzərdə tutulur. Bu tikinti barədə rəsmi məlumatlar hələ təqdim edilməsə də, məqsəd aydındır: Bakı buxtasından 10-15 kilometr aralıda yerləşəcək həmin adalar hesabına turizmin inkişafına təkan vermək! 
 Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında yeni süni adalar qrupunun yaradılmasını nəzərdə tutan "Marine Conservation Park and Resort" layihəsinin müəllifi, "World Dive Centres"in analitiki Devid Suorsts belə qənaətdədir ki, Bakı yaxınlığında dənizdə süni adalar qrupu layihəsinin təxmini konturlarını cızmaq o qədər də çətin deyil: "Sadəcə, sualtı axınlar, dəniz canlılarının ov və miqrasiya marşrutları, sualtı relyefin özəllikləri, bir sözlə, mümkün olan hər şey hesablanmalıdır".
 Rusiyadakı "Blackwood" şirkətinin icraçı direktoru Mariya Litinetskayanın dediyinə görə, Birləşmiş Ərəb Əmirliklərindəki dünyaca məşhur, palma formasında olan "Palm Jumeirah" və konturları dünya xəritəsini təkrarlayan "The World" süni adalarının tikintisi ilə bağlı təcrübədən Bakı da yararlana bilər. "Rusiyadakı developerlər də bu təcrübədən bəhrələnmək istədi. Lakin belə ideyalara bizdə kəskin ehtiyac duyulmur, çünki Rusiyanın kontinental ərazisi yetərincə geniş, təbii adaları çoxdur. Doğrudur, Sankt-Peterburq sahilləri yaxınlığında, Fin körfəzində "Dəniz Fasadı" adlı 476,7 hektar ərazili süni adanın yaradılması layihəsi mövcuddur. Lakin o adada yeni sərnişin dəniz limanının inşası nəzərdə tutulur. Adada kommersiya daşınmaz əmlakı və yaşayış binaları da olacaq. Amma əsas məqsəd Sankt-Peterburq limanını indiki yükdən bir qədər azad etməkdir", - deyə M.Litinetskaya bildirib. Xarici dövlətlərin təcrübəsi göstərir ki, sahil yaxınlığında, dənizdə süni adaların inşası zamanı hər hektar 50-60 milyon və ya hər sot 500-600 min dollara başa gəlir.  
Bir məsələ də var ki, ekoloqlar Bakı buxtasında və ya buxtanın yaxınlığında süni adaların yaradılmasını məqsədəuyğun hesab etmirlər. Fikirləşirlər ki, bu dənizdəki ekoloji tarazlığı poza bilər.  

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video