Fevralın 19-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BTQ-nin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Konfransda ABŞ, Qvadelupa, Korsika, Yeni Kaledoniya, Reyunyon, Qəmər adaları, Belçika, Almaniya, Əlcəzair, Toqo, Kamerun və Martinikdən olan siyasətçilər, alimlər, ictimai xadimlər və müstəqillik hərəkatlarının nümayəndələri, eləcə də neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak ediblər.
Panel müzakirələr çərçivəsində “Müstəmləkəçiliyin epigenetik faktoru”, “Müstəqillik hərəkatları müstəmləkə düzəninə necə üstünlük qazandı?”, “Müstəmləkə imperiyaları dünyanı necə bölüşdürdü: sərhədlər, güc və davam edən nəticələr” və “Fransız assimilyasiya siyasəti kimliyi necə yenidən formalaşdırdı?” mövzularında çıxışlar dinlənilib.
Müzakirələr zamanı müstəmləkəçilik irsinin psixoloji və bioloji təsirləri, nəsillərarası travmalar, sosial nəticələr, eləcə də mədəniyyət, dil və identiklik məsələləri ön plana çıxarılıb. Çıxış edənlər müstəmləkəçilik irsinin aradan qaldırılmasının, dekolonizasiya proseslərinin sürətləndirilməsinin və bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Konfrans iştirakçıları qlobal bərabərsizliyin tarixi köklərinin araşdırılmasının və müasir çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Sonda isə “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın yekunlarına dair bəyanat qəbul olunub.