Aprelin 4-dən başlayaraq ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 390 faizini təşkil edir. Yağan yağışlar isə bir sıra fəsadlar törədib.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, bu günlərdə BŞİH və onun tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində də subasma halları müşahidə edilir. Həmin yerlərdə də şəhərin kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir, həmçinin zəruri hallarda insanları təxliyə edirlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ağır texnikalar cəlb olunub.
Yağan yağış ətraf mühitə də ziyan verib. Belə ki, aprelin 5-i axşam saatlarından aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində ağacaşma halları da müşahidə edilib. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsini təmin edib, lazımi tədbirlər görüblər.
Yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-in monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər.
Beləliklə, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.