05 May 2024 08:20
223
SİYASƏT
A- A+

"Bakı Prosesi"  bir daha göstərdi ki, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir

 

 

Bu günlər dünyanın gözü yenə də Azərbaycana dikildi. Ölkəmizdə 1-3 may tarixlərində "Bakı Prosesi" çərçivəsində VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Artıq altıncı dəfə ölkəmizdə keçirilən və dünyanın böyük diqqətlə izlədiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın həm dünyada artan siyasi nüfuzundan, həm də iqtisadi gücü ilə yanaşı, ölkəmizin ümumbəşəri dəyərlərə nə qədər sadiq qalmasından, ona hörmətlə yanaşılmasından xəbər verirdi.
Forumda 110 ölkədən 700 nümayəndənin, BMT-nin və digər mötəbər təşkilatların yüksəkvəzifəli təmsilçilərinin iştirak etməsi dünyanın belə bir mötəbər tədbirə ehtiyacının olduğunu göstərirdi.
Hazırda dünyanın bir çox yerlərində qanlı münaqişələrin olduğu, bəzi qüvvələrin mədəniyyətlər və dinlər arasında nifaq salmağa çalışdığı, çoxtərəflilik konsepsiyasının az qala unudulduğu bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün dinlərin və mədəniyyətlərin bir araya gətirilməsi, onların dialoqlarının təşkili və bəşəriyyəti narahat edən ağrılı mövzuların həlli üzrə ən optimal mexanizmlərin müzakirəsi forumun tarixi və siyasi əhəmiyyətinin nə qədər böyük olduğunu göstərdi. Buna görə də bütün dünyanın diqqəti Bakıda keçirilən foruma yönəlmişdi.
Yaşadığımız bugünkü mürəkkəb tarixi və siyasi şəraitdə, bir çox ümumbəşəri dəyərlərin zədələnməyə başladığı bir vaxtda belə mühüm missiyanın öhdəsindən gəlmək qüdrətində olan ölkələrin dünyada sayı çox deyil. Heç bir tərəddüd etmədən, demək olar ki, Azərbaycan özünün şərəfli keçmişi və bu günü, əldə etdiyi uğurları və dünyada qazandığı böyük siyasi nüfuzu ilə qüdrətli ölkələrdən biridir.
Forumda Azərbaycan dünyaya yeni sülh mesajları verdi, sülhün və sabitliyin etibarlı şəkildə qorunması üçün multikultural dəyərlərin yaşamasının, dinlər və xalqlar, xüsusilə də münaqişə tərəfləri arasında  dialoqun və anlaşmanın gücləndirilməsinin yeganə yol olduğunu bəyan etdi. Forumda uzun illər işğala, ədalətsizliyə məruz qalmasına baxmayaraq, Azərbaycanın 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlamış Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistana sülh təklif etməsi dünyada rast gəlinən nadir hadisələrdən  biri kimi dəyərləndirildi. Bu, bir daha göstərdi ki, ölkəmiz həmişə sülh tərəfdarıdır.
Forumda  diqqəti cəlb edən məqamlardan biri də hazırda qanlı münaqişədə olan Rusiya və Ukrayna, İsrail və Fələstin nümayəndələrinin Bakıda bir araya gətirilməsi və gələcək sülh formulunun onların iştirakı ilə müzakirə edilməsi oldu. Bu fakt bir daha göstərdi ki, həmin ölkələrdə nə qədər müharibə, münaqişə olsa da, sülhə, əmin-amanlığa, mədəniyyətlərarası, dinlərarası dialoqa həmişə ehtiyac var.  Bütün bunlar "Bakı Prosesi"nin qlobal sülhə və təhlükəsizliyə ciddi töhfələr verəcəyinə olan ümidləri daha da artırdı.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası xeyli genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı qatılıb. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən  Prezident İlham Əliyev çıxışında Azərbaycan cəmiyyəti üçün multikulturalizmin həyat tərzi olduğunu iştirakçıların diqqətinə çatdıraraq demişdir: "Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır. Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlərboyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik. Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam etdirəcəyik".
Dövlət başçımız forumda  dünyada sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edən yeni münaqişələrin alovlanmasını, yeni müstəmləkə və məcburi assimilyasiya tendensiyalarının artmasına toxunaraq dünya ölkələrinin bu təhlükələrə səssiz qalmamasının vacibliyini bildirib və bütün bu mənfi trendlərin qarşısının alınmasında bəşəriyyəti həmrəy olmağa çağırıb.
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisədir. Beynəlxalq təşkilatlar və dövlətlər bir daha gördülər ki, Azərbaycan dünya üçün əsl tolerantlıq nümunəsi olan ölkədir. Burada tarixboyu fərqli milli, dini mənsubiyyəti olan icmalar, xalqlar qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamış və bu gün də yaşayırlar. Forum müxtəlif xalqların bir-birilərinin mədəniyyətlərinə daha yaxından bələd olmaları baxımından da çox dəyərli oldu. Qoy bütün dünya Azərbaycanın tolerantlığından nümunə götürsün, forumda səslənən sülh çağırışlarına əməli işləri ilə cavab versin.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video