31 may-3 iyun tarixlərdə paytaxtımız üç əhəmiyyətli tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə evsahibliyi edəcək. Buraya 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power", eləcə də 28-ci Bakı Enerji Forumu daxildir. Hər iki sərgi "Bakı-Ekspo" Mərkəzində, forum isə Bakı Konqres Mərkəzində keçiriləcək.
Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinin keçirilməsi bu dəfə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə eyni vaxta düşür. Bu da tədbirin əhəmiyyətini daha da artırır. Çünki Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilk dəfə 1994-cü ilin mayında Ulu Öndərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmişdi. Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında bu bir daha vurğulanmış və qeyd edilmişdir ki, Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Liderin rolu heç vaxt unudulmur. Ona görə də "Heydər Əliyev İli"nin təqvimdə olan bütün sərgilərin, o cümlədən Bakı Enerji Həftəsinin proqramlarında öz əksini tapması təsadüfi deyil.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib. Burada Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiya təmsil olunacaq. Həmişə olduğu kimi, yüksəkrütbəli qonaqların iştirakı da gözlənilir.
Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının ildən-ilə genişlənən tərkibi də təsdiqləyir. Belə ki, bu dəfə baş sponsor SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), sponsorlar isə "AbuDhabi Port", "ACWA Power", "Ansaldo Energia", AZEL SYSTEMS, "Azeri M-I Drilling Fluids", AZFEN, "Baku Steel Company", bp, "Caspian Drilling Company", "Caspian Marine Services", "Equinor", "EP Absheron", "Intertek", "Global Energy Azerbaijan", GL, "Inpex", "KOLIN Construction", MASDAR, "Tekfen", "Total Energies", "Turkish Petroleum", "Uniper", "Ural Steel" şirkətləridir.
Sözügedən mətbuat konfransında "İteca Caspian" şirkətinin səlahiyyətli nümayəndələrinin vurğuladığı kimi, "Caspian Oil&Gas" sərgisi artıq 27 ildir neft, qaz və enerji sektorunda möhkəm əməkdaşlıq platformasına çevrilib. Hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı bu sərginin yüksək statusunu bir daha təsdiqləyir. Sərgiyə, adətən, ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin rəhbərləri də öz təbrik məktublarını göndərirlər.
Təşkilatçılar bildirdilər ki, "Caspian Oil&Gas" sərgisində Xəzər regionunun əsas neft-qaz layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm mövzulara neft və qaz yataqlarının işlənməsi, karbohidrogenlərin nəqli, hasilatı və emalı, boru kəmərlərinin təhlükəsizliyi, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi və s. daxildir.
Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" Sərgisi "Caspian Power"in gündəmində isə xarici və yerli şirkətlərin energetika və bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər, bununla bağlı təkliflər öz əksini tapacaq. Sərgidə günəş, külək və nüvə enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar, eləcə də digər mövzular müzakirə olunacaq.
Sərgi çərçivəsində mətbuat pavilyonu da fəaliyyət göstərəcək. Burada neft-qaz sahəsində ixtisaslaşan bir neçə tanınmış nəşriyyat, jurnal, qəzet və informasiya agentlikləri, o cümlədən internet portallar nümayiş etdiriləcək. Artıq 7 ölkədən yayım və media sektorunda çalışan şirkətlər bu tədbirə informasiya dəstəyi verirlər.
Yaz sərgi mövsümünə Bakı Enerji Forumu ilə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu haqqında söhbətlər aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş "dəyirmi masa"da qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə ediləcək. Bundan əlavə, diqqət mərkəzində Xəzər regionunun bərpaolunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, müvafiq infrastrukturunun inkişafı, "yaşıl enerji" layihələrinin həyata keçirilməsi mövzusu da dayanacaq.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək.
Xatırladaq ki, Bakı Enerji Həftəsinin təşkilatçısı "Iteca Caspian", Caspian Event Oraganisers" şirkətləri və onların beynəlxalq tərəfdaşları - "ICA Events", CEM FZ LLC şirkətləridir. Bakı Enerji Həftəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR rəsmi dəstək göstərirlər.
Flora SADIQLI,
"Azərbaycan"