Azərbaycanı beynəlxalq internet şəbəkəsinə
bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkəti Azərbaycanı
regionun rəqəmsal mərkəzinə çevirəcək "Azerbaijan Digital Hub” layihəsinin həyata
keçirilməsinə başlayıb.
Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı
Bakcell şirkəti olan "AzerTelecom” və "Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud
dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin
çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla
bağlı zəruri olan investisiyalar da yatırılıb.
Dəmir yolları boyunca dayanıqlı fiber-optik
magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat
və Enerji dəhlizləri statusu ilə yanaşı, ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal
Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə "AzerTelecom”
tərəfdən həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-nin Azərbaycanın Nəqliyyat Habına
çevrilməsi layihəsi çərçivəsində aparılır.
Dəmir yolları boyunca magistral fiber-optik
kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə
boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya,
Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının
formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya
sektorunun inkişafına mühüm təkan verəcək.
Layihə çərçivəsində magistral internet kabel
xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il
ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində
olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə
kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin "Azərbaycan Dəmir
Yolları” QSC-nin də infrastrukturunun güclənməsinə, həmin infrastruktur boyunca
yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək ki,
bu da dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.
Dəmir yolları boyunca magistral fiber-optik
kabel xətlərinin çəkilişi "AzerTelecom” şirkətinin həyata keçirdiyi "Azerbaijan
Digital Hub” layihəsinin komponentlərindən biridir. "Azerbaijan Digital Hub” layihəsi
çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub
Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqamsal Mərkəzinə çevrilməsi hədəflənir.
Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda yaşayan 1.8 milyard əhalinin
(dünya əhalisinin 1/4-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə
şərait yaradacaq.
"Azerbaijan Digital Hub” layihəsinin icrası
nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları
səviyyəsinə qalxacaq, ölkənin internet alışında xarici ölkələrdən asılılığı minimuma
endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə
çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu
regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet
xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı,
Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına,
ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.
"AzerTelecom” Azərbaycanın dinamik şəkildə
inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və
əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkətidir. "AzerTelecom”
ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik
kabel şəbəkəsinə sahibdir. "AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya
üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı,
ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan
müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya
xidmətləri təqdim edir.
"Azərbaycan”