25 May 2022 22:40
497
PARLAMENT
A- A+

Azərbaycanla Kanada arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova Kanada parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyətini müsbət qiymətləndirib, eyni zamanda, dostluq qrupunun Kanadadakı Azərbaycan diasporu ilə əməkdaşlığını təqdirəlayiq hesab etdiyini deyib. Diqqətə çatdırıb ki, bu səfər Kanada-Azərbaycan parlamentlərarası münasibətlərini inkişaf etdirmək istiqamətində səylərin bariz nümunəsidir. Milli Məclisin sədri parlamentlərarası dostluq qruplarının mühüm rolundan danışaraq qeyd edib ki, parlamentlərarası münasibətlər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin ən mühüm tərkib hissələrindən biridir.

Milli Məclisin sədri bir neçə aydan sonra iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunacağını bildirərək, ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Sahibə Qafarova qonaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini Ermənistanın işğalından azad etməsi barədə də məlumat verib. Milli Məclisin sədri 30 illik işğal dövründə Ermənistanın törətdiyi dağıntılar haqqında danışıb və qonaqların Ağdama səfər zamanı bunun canlı şahidi olduqlarını qeyd edib. Diqqətə çatdırıb ki, artıq münaqişə tarixə qovuşub, biz sülh və sabitlik haqqında danışmaq istəyirik.

Parlamentin sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər haqqında məlumat verərək, tezliklə iki ölkə arasında danışıqların sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə ən böyük problem onların Ermənistan tərəfindən minalanmasıdır. 2020-ci il noyabrın 10-dan bəri 210-dan çox mülki şəxs və hərbçimiz mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olsa da, onların təmizlənməsi üçün ən az beynəlxalq dəstək alan ölkələrdəndir.

Qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Kanada Parlamenti İcmalar Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Lourens münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən danışıb. O, parlamentlərarası əlaqələrin daha da inkişafının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib, ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib. Qonaq Ağdama səfərləri çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesi ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb. O, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına və regionda davamlı sülh və sabitliyin bərqərar olacağına inandığını söyləyib.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video