"Azərbaycan" qəzeti bu gün 10.000-ci nömrəsi ilə oxucuların görüşünə gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetinin birinci nömrəsi Gəncə şəhərində 15 sentyabr 1918-ci ildə işıq üzü görüb. Qəzetin bu nömrəsi iki dildə: Azərbaycan və rus dillərində, 4 səhifə həcmində olub. Qəzetin ardıcıl 4 nömrəsi Gəncədə, 5-ci nömrəsi isə 3 oktyabr 1918-ci ildə Bakıda dərc olunub. 23 aylıq müstəqillik dövründən sonra XI Qızıl Ordu Azərbaycanda hakimiyyət dəyişikliyi etdi. Bununla da "Azərbaycan" qəzeti də, sözün əsl mənasında, işğal edildi.
Yalnız 1991-ci il yanvarın 1-dən etibarən Azərbaycan SSR Ali Sovetinin rəsmi mətbu orqanı "Həyat" qəzeti kimi fəaliyyətə başladı. "Həyat" qəzetinin 440 nömrəsi işıq üzü görüb. 22 sentyabr 1992-ci il tarixdə qəzetin bu statusda son nömrəsi buraxılıb. Bir məsələni də qeyd edək ki, hələ sovet hakimiyyətinin laxladığı bir dövrdə Azərbaycanda Qarabağa Xalq Yardımı Komitəsi yaradılmışdı. Komitənin mətbu nəşri kimi "Azərbaycan" adı altında 1989-cu ildən yeni qəzet çıxmağa başlamışdı. 156 nömrəsi işıq üzü görmüş bu qəzetin son, yəni 156-cı nömrəsi 10 sentyabr 1992-ci ildə dərc olunmuşdu.
23 sentyabr 1992-ci ildən isə Azərbaycan Respublikası Ali Sovetinin mətbu orqanı kimi "Azərbaycan" qəzeti "Həyat" qəzetinin redaksiyasının bazasında fəaliyyətə başladı. Qəzetin ilk nömrəsi 444-cü nömrə ilə dərc olundu. Qeyd edək ki, cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin 443 nömrəsi çıxmışdı.
"Azərbaycan" qəzetinin 1918-1919-cu illərdə 358, 1920-ci ildə 85, 1992-ci ildə 70, 1993-cü ildə 254, 1994-cü ildə 253, 1995-ci ildə 252, 1996-cı ildə 252, 1997-ci ildə 288, 1998-ci ildə 304, 1999-cu ildə 300, 2000-ci ildə 301, 2001-ci ildə 299, 2002-ci ildə 301, 2003-cü ildə 302, 2004-cü ildə 304, 2005-ci ildə 304, 2006-cı ildə 295, 2007-ci ildə 295, 2008-ci ildə 292, 2009-cu ildə 292, 2010-cu ildə 289, 2011-ci ildə 291, 2012-ci ildə 294, 2013-cü ildə 291, 2014-cü ildə 288, 2015-ci ildə 290, 2016-cı ildə 292, 2017-ci ildə 291, 2018-ci ildə 296, 2019-cu ildə 293, 2020-ci ildə 277, 2021-ci ildə 286, 2022-ci ildə 286, 2023-cü ildə 288, 2024-cü ildə isə 290 nömrəsi işıq üzü görüb.
Məlumat üçün qeyd olunmalıdır ki, "Azərbaycan" qəzetinin elektron arxivinin yaradılması prosesinə 2002-ci ildə başlanılmış, bu proses 2018-ci ilin birinci yarısında tam yekunlaşmışdır.
Cümhuriyyət dövrü nömrələrinin də arxivləşməsi prosesində qabaqcıl arxiv və kitabxanalarla sıx əməkdaşlıq edilmiş, qarşılıqlı informasiya mübadiləsi fonunda bu iş də uğurla yekunlaşmış, Azərbaycanda mövcud həmin dövr qəzet nüsxələri komplektləşdirilmişdir. Sonrakı mərhələdə bu nüsxələr Milli Kitabxanaya və Siyasi Sənədlər Arxivinə təqdim edilmişdir.
Hazırda "Azərbaycan" qəzeti redaksiyasında gündəlik nömrələr toplanaraq bir neçə nüsxədə cildlənir. Qarşılıqlı anlaşmaya əsasən, həmin cildlər, eləcə də PDF formatında elektron arxiv ildə bir dəfə respublikamızın aparıcı arxiv və kitabxanalarına təqdim olunur. Qeyd edək ki, 2018-ci ildə ilk dəfə olaraq, "Azərbaycan" qəzeti redaksiyası 1993-2017-ci illəri əhatə edən (24 illik) həm elektron, həm də orijinal qəzet nüsxələrini, eləcə də Gəncə şəhərində dərc olunmuş "Azərbaycan" qəzetinin ilk dörd nömrəsinin elektron variantını AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun arxivinə təqdim etmişdir.
Bu gün "Azərbaycan" qəzeti tam elektronlaşdırılaraq oxucuların və tədqiqatçıların ən etibarlı məlumat mənbəyinə çevrilib. Mətbuatımızın flaqmanı olan "Azərbaycan" qəzeti dövlətçilik ənənələrini yaşatmaqla, milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik hisslərinin, mədəni irsin təbliğində müstəsna rol oynayır, oxucuya düzgün və dəqiq informasiya çatdırır. Müstəqilliyimizin həmyaşıdı kimi "Azərbaycan" bu gün müstəqil və suveren Azərbaycanımızla çiyin-çiyinə addımlayır, üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək xalqımıza, dövlətimizə şərəflə, ləyaqətlə və peşəkarlıqla xidmət edir.
Elçin VƏLİYEV,
"Azərbaycan" qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru