Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətində və Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub. Məqsəd bu günlərdə Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində, həmçinin İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumunda iştirak etmək idi.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti fevralın 11-14-də Doha şəhərində keçirilmiş “AgriteQ 2026” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin açılış mərasimində, həmçinin sərgi çərçivəsində təşkil olunan istixana texnologiyaları, biotexnologiya, hidroponika, ağıllı suvarma sistemləri, bitki mühafizəsi, aqrar texnologiyalar və innovativ həllər üzrə təqdimat və panel müzakirələrdə iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Qətər Bələdiyyə Nazirliyinin Qida Təhlükəsizliyi Departamentinin direktor müavini Həməd Hadi Əl-Həcri arasında görüş keçirilib. Görüş zamanı aqrar sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və çevik formada əməli fəaliyyətlərin icrası məqsədilə Birgə İşçi Qrupunun təsis edilməsi, ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı və emalı sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əlaqələrin təşviq edilməsi üçün hər iki ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda iştirakın mütəmadi təmin edilməsi, Qətərə meyvə-tərəvəz ixracı, habelə ixrac potensiallı kənd təsərrüfatı məhsullarına dair məlumat mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb.
Bundan əlavə, Qətərin ən böyük idxalatçı şirkətləri olan “Haidari Trading Company” və “Al Shahabi Trading Company” şirkətlərinin rəhbərləri və nümayəndələri ilə keçirilmiş görüş zamanı kənd təsərrüfatı məhsullarının ixracı və ticarət dövriyyəsi ilə bağlı mövcud şərtlər müzakirə olunub.
Daha sonra nümayəndə heyəti fevralın 14-17-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilmiş 3-cü Məkkə Halal Forumuna qatılıb. Forum çərçivəsində açılan sərgidə ölkəmizin aqrar şirkətləri kənd təsərrüfatı məhsullarını nümayiş etdirib.
Nümayəndə heyətinin üzvləri halal məhsullar sahəsində İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsində forumun vacib rolunu vurğulayaraq, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüsləri irəli aparmaq üçün ideal platforma olduğunu bildiriblər.
Həmçinin forum çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Məkkə Ticarət Palatası ilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması imkanlarını müzakirə edib.
Hər iki səfər zamanı qarşılıqlı olaraq beynəlxalq sərgilərdə iştirak, ticarət dövriyyəsinin artırılması, aqrar sahədə institusional əməkdaşlığın, texnoloji tərəfdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunub.