18 Sentyabr 2022 00:56
871
İQTİSADİYYAT
A- A+

Azərbaycanın enerji ixracı möhkəm bünövrədən saxələnir


 

BTC kəmərinin təməlinin qoyulmasından 20 il keçir

 

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərini "Üç dənizin əfsanəsi" də adlandırırlar. Əslində isə, BTC nə "birləşdirdiyi" üç dənizin, nə dağlarda çatdığı 2800 metrlik zirvələrin, nə də kəsişdiyi 1500 çayın əfsanəsidir. Bu əfsanə Heydər Əliyev qüdrəti ilə həqiqətə çevrilmişdir!


Azərbaycanın yeni neft strategiyasının əsas istiqamətlərindən biri ölkənin böyük neftinin dünya bazarlarına nəqli idi. Odur ki, "Əsrin müqaviləsi"ndən sonra növbəti layihələrin həyata keçirilməsi gündəmə gəlirdi. Məqsədin reallaşması üçün Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarında özünün mühüm qərarını verdi. Bu, BTC kəmərinin tikilməsi haqqında qərar idi. Kəmərin tikintisinin başlanması üçün bir neçə il ardıcıl iş getdi.
Bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edib: "Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 
1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən birnömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq."
Təbii ki, bu kəmərlərin çəkilişi asan başa gəlməyib. Məsələn, BTC-nin marşrutunun müəyyənləşdirilməsi, xəttin çəkilməsinə razılığın əldə olunması lazım idi. Buna görə də 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı Ankara Bəyannaməsi imzalandı. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul Zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişə imza atıldı. Bu mühüm sənədi 5 ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-ın prezidentləri öz imzaları ilə təsdiqlədilər.
Lakin BTC ideyası yaranan gündən Azərbaycanın istər daxilində, istərsə də xaricində kəmərin tikintisi əleyhinə çıxış edən qüvvələr baş qaldırdılar. Ulu Öndər isə uzaqgörənliklə BTC-ni Azərbaycanın gələcəyini çox böyük dərəcədə müəyyən edəcək bir layihə kimi dəyərləndirirdi və onun gerçəkləşməsi üçün mübarizə aparırdı. Bunun nəticəsidir ki, 2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında kəmərin təməlqoyma mərasimi keçirildi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri orada idilər. Bu qeydlərin müəllifinə də həmin tarixi hadisəni görmək, Ümummilli Liderin tədbirdəki parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib olub. 
Beləliklə, BTC artıq gerçəkləşməkdə idi. Ulu Öndər bunu öz çıxışında da qeyd etdi: "Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə də indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".
Bununla belə, BTC-nin bədxahları kəmərin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər.
Lakin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb" enerji dəhlizi reallıqdır" konfransı öz işini davam etdirdiyi günlərdə Ümummilli Lider Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək digər qurumların rəhbərləri ilə görüşdü, söhbətlər apardı. Bütün bunlar layihənin irəliləməsinə təkan verdi. Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu sayəsində BTC-nin bu problemi də aradan qaldırıldı.
2004-cü ilin fevral ayında isə Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və bu problem tamamilə həll olundu.
2005-ci il mayın 25-də kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı il mayın 28-də BTC-nin daşıdığı neft Ceyhan terminalına çatdı. Həmin il iyulun 13-də kəmərin tam sistem kimi işə düşməsi münasibətilə Türkiyədə təntənəli tədbirlər keçirildi.
Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
 Bu ilin martın 23-də BTC ilə Səngəçal terminalından Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınması qeyd edilib. Kəmər istismara veriləndən 2022-ci ilin ortasınadək ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft daşınıb. Bu neft həcmi Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Cari ilin ilk altı ayı ərzində isə BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında148 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC əsasən "Azəri-Çıraq-Günəşli" neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, kəmərə Xəzərin digər regional xam neft və kondensat həcmləri də vurulur.
BTC bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər 1768 kilometr məsafə qət edərək ərazisindən keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin sakinlərinin güzəranını xeyli yaxşılaşdırıb. Kəmər Azərbaycana böyük gəlirlər gətirib. Həmin vəsait ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) daxil olur və ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.
Vaxtilə Ulu Öndər BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi. Bu gün BTC, həqiqətən, Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycanın açdığı və uzaq ünvanlara çatdırdığı geniş dəhlizlərin təməli məhz bu kəmərlə qoyulub.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video