Bunlar həm də sülh, birlik, bərabərlik uğrunda mübarizəyə dəvətdir
Yeni minillikdə ekoloji tarazlığın qorunması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən mühafizəsi ümumbəşəri problemə çevrilib. Dünyada demoqrafik yüksəlişlə yanaşı, istehlakın kəskin artımı, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə, plan-proqram və fəaliyyətlərə də təsirini göstərir.
Mütəxəssislərin fikrincə, qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin - davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Deməli, hazırda prioritet əsas məqsədlərin reallaşdırılması üzrə qlobal, regional və milli vasitələrin əlaqələndirilməsidir.
Azərbaycanın istər COP29-un təşkili, istərsə də cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" barədə tövsiyə və qərarlarında nəzərdə tutduğu məqsədlər əksər dövlətlər, beynəlxalq qurumlar tərəfindən çoxtərəfli müstəvidə müzakirə edilir və dəstəklənir. Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu üçün ciddi fəsadlar yaradır. Odur ki, problemin gündən-günə kəskinləşdiyini nəzərə alan bir çox mütərəqqi ölkələr "yaşıl inkişaf"a keçid təşəbbüslərini alqışlayır, konkret ölçülərin götürülməsi məsələsini aktuallaşdırırlar.
Məlumdur ki, qlobal istiləşmə insan həyatına gərəkli təbii resursları böyük sürətlə sıradan çıxarır, yaşıllıqlar səhralaşır, flora və fauna məhv olur. Bitkilər insan qidasının 80 faizi deməkdir. Yer kürəsinin 30 faizini təşkil edən meşə örtüyü canlı aləm, təmiz hava və su üçün əhəmiyyətli resurslar daşımaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə əvəzsiz rol oynayır. Hər il 13 milyon hektar meşə sahəsi isə itirilir, torpaqların deqradasiyası 3,6 milyard hektar ərazinin səhralaşması ilə nəticələnir. Çoxsaylı heyvan və bitki növü qeyri-qanuni ticarətə cəlb olunur.
Gözlənilən fəlakətləri önləmək, qlobal gərginliyi sabitləşdirmək məqsədilə BMT-nin İnkişaf Proqramı 2030-cu ilədək bir sıra hədəflər müəyyənləşdirib. Bu siyahıya torpaq deqradasiyasına qarşı neytral dünya qurmaq, davamlı inkişaf üçün vacib şərait məqsədilə biomüxtəliflik də daxil olmaqla dağ ekosistemlərinin qorunmasını təmin etmək, flora və fauna növlərinin qanunsuz istismarına son qoymaq, təbiəti qorumaq, meşələrin mühafizə və bərpası yönündə tədbirlərin həyata keçirilməsi daxildir.
Hazırda "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarına nəqli enerji siyasətimizin əsas istiqamətidir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə birgə günəş və külək enerjisindən istifadəni təmin edəcək layihələr reallaşdırılır. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalarla "yaşıl gündəliy"ə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə ediləcək "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurğulayırlar. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmağa və iqlim dəyişikliyi ilə mübarizədə cəhdlərə ciddi əsaslar verir.
BMT-nin Baş katibi Antonio Quterreş qlobal iqlim dəyişikliyinin qarşısını almaq, ekoloji fəlakətlə mübarizədə ləngimədən ciddi addımların atılması üçün daha böyük vəsaitin ayrılmasının vacibliyini qeyd edərək deyib: "COP29 maliyyə məsələləri üzrə aydın strategiyaya ehtiyac duyur. İkinci məsələ süni intellektlə əlaqədardır. Süni intellektlə bağlı risklərin azaldılması üçün texnologiya şirkətləri, vətəndaş cəmiyyəti institutları ilə birgə çalışmalıyıq. Bizə vahid bazar, vahid internet kimi yanaşmalar lazımdır. Qlobal Rəqəmsal Razılaşma bizdən ötrü çox vacibdir".
Sivil dünya dəfələrlə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin bəşəriyyəti narahat edən ciddi problemlərlə bağlı təşəbbüslə çıxış etdiyi və əməli nəticələrə nail olduğunu görüb. İyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: "Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".
Biz bunu pandemiyanın qızğın dönəmində yaranan vaksin problemi ilə bağlı da görmüşük. Məhz bizim Prezidentimiz bəzi ölkələrin yürütdüyü "peyvənd milliyyətçiliyi"nə susmadı və vaksinlərin ədalətli bölüşdürülməsini təşviq etdi. Humanist dəyərləri əsas götürən Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla, bir çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiya fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi. Azərbaycan belə cəsarətli və qəti addımlarla göstərdi ki, bir ölkənin dünya çapındakı nüfuzu və proseslərə təsir imkanları üçün ərazi və əhali sayı çox da önəmli deyil, əsas düzgün, ədalətli siyasət və siyasi iradədir.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"