Azərbaycanın müasir tarixinin taleyüklü hadisələrlə dolu olan uzun bir dövrü Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982-ci, istərsə də 1993-2003-cü illər respublikamızın sözün həqiqi mənasında çiçəkləndiyi, hərtərəfli inkişaf dövrü olmuşdur.
Siyasi və iqtisadi müstəqilliyimizin təməli Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur. Müstəqillik illərində isə məhz Ulu Öndərin gərgin səyləri, düşünülmüş müdrik siyasi kursu sayəsində Azərbaycan nəinki öz suverenliyini qoruyub saxlamış, onu əbədi prosesə çevirmişdir.
Hələ ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini üzə çıxarmaq, gələcək müstəqilliyinə etibarlı zəmin yaratmaq şansı qazanmışdır. Ümummilli Lider respublika rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa, müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu Öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
Böyük strateq olan Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına inteqrasiyasının təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur. Ulu Öndər Azərbaycanın gələcəyini, müstəqilliyini düşünərək keçmiş SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və aqrar-sənaye, istehsal müəssisələrinin respublikada inşasına nail olmuşdur.
Həmin dövrləri yaşayan və canlı şahidi olan şəxslər bilirlər ki, həyatımızın elə bir sahəsi yox idi ki, Heydər Əliyev onunla maraqlanıb problemlərini yoluna qoymasın. Elə götürək, meliorasiya və irriqasiya sahəsini. Azərbaycanda bu sahədə işlərə XIX əsrin əvvəllərində başlanılmasına baxmayaraq, onun geniş miqyasda intensiv inkişafı 1969-1982-ci illərə təsadüf edir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən məvəffəq olmağın mümkünsüzlüyünü bilən Heydər Əliyev daim bu sahəyə diqqət yetirmişdir. Şəxsən onun diqqəti sayəsində 1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.
Eyni zamanda bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran və Azərbaycan ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.
Ötən əsrin 70-ci illərində Bakı şəhərində və bütövlükdə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilmişdir. Bakı və Sumqayıt şəhərlərində ittifaq əhəmiyyətli bir sıra sənaye obyektlərinin istifadəyə verilməsi və yeni yaşayış massivlərinin salınması Abşeron yarımadasında içməli və texniki suya tələbatı artırmışdır. Kür su kəmərlərinin birinci növbəsi artan tələbatı ödəmədiyindən yenə də su çatışmazlığı müşahidə olunurdu. Heydər Əliyev nüfuzundan istifadə edərək Kür su təchizatı sistemlərinin tikintisinin davam etdirilməsinə razılıq aldı. 1978-1987-ci illərdə Kür su kəmərlərinin 2-ci və 3-cü növbələrinin inşası nəticəsində təmizləyici qurğuların emal, magistral kəmərlərin nəql gücü artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırıldı. Bununla da yeni salınmış 8-ci km, Günəşli və Əhmədli yaşayış massivlərində, mikrorayonlarda, eləcə də sənaye müəssisələrində müşahidə olunan su qıtlığı aradan qaldırıldı. Eyni zamanda Bakı şəhərinin su təchizatında müstəsna əhəmiyyət daşıyan mərkəzi su anbarları tikilərək istifadəyə verildi, yeni supaylayıcı şəbəkələr quruldu. Ulu Öndər Heydər Əliyevin "Bakını yaşıllıqlar diyarına çevirək" çağırışı və təşəbbüsü yeni parkların, xiyabanların və yaşıllıq zolaqlarının salınması ilə nəticələndi.
Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyəti olan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü mərhələsinin inşasında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1978-ci ildə işə salınan üçüncü növbə də daxil olmaqla Ceyranbatan sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli və tullantı su sistemlərinin yaradılması da 1970-80-ci illərdə Ulu Öndərin birbaşa rəhbəliyi ilə həyata keçirilmişdir.
Ümumiyyətlə, Heydər Əliyevin bilavasitə rəhbərliyi və köməyi ilə 1969-1982-ci illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Cənubi Muğan kanalının maşın qolu, Şəmkir maşın kanalı, Sərsəng su anbarı, Suqovuşan su anbarı, Arpaçay su anbarı və magistral kanallar, Sirab su anbarı, Aşağı Köndələnçay su anbarı, Yuxarı Xanbulançay su anbarı kompleksi, Şəmkir su anbarı, Əyriçay su anbarı, Coqazçay su anbarı və digər obyektlər tikilib istismara verilmişdir. 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Ulu Öndər yeniliyin, mütərəqqi təcrübənin, milli və ümumbəşəri dəyərlərin tərəfdarı kimi mahir dövlət idarəçisi, islahatçı təfəkkürə malik böyük şəxsiyyət idi. Bütün bu yüksək şəxsi keyfiyyətlər ona Azərbaycanı keçmiş Sovet İttifaqında müttəfiq respublikalar arasında ön yerlərdən birinə çıxarmağa imkan vermişdir. Qısa zaman kəsimində görülmüş nəhəng işlər, xarakterindəki bütövlük, qətiyyət, mətin iradə, qeyri-adi zəka, tükənməz enerji, vətənpərvərlik, millət sevgisi xalqın gözündə Heydər Əliyevin xilaskar obrazını yaratmışdır. Ulu Öndər Azərbaycanın gələcəkdə müsəqillik qazanacağını irəlicədən dərk etdiyindən respublikanın iqtisadi, sosial, mədəni potensialını müdrikliklə səfərbər edir, müstəqil Azərbaycanın inkişafı üçün əlverişli zəmin hazırlayırdı. Onun milli kadr hazırlığına, gənclər siyasətinə xüsusi diqqət yetirməsi milli təəssübkeşlik, xalq qarşısında misilsiz xidmət nümunəsi idi.
Təsadüfi deyil ki, "olum, ya ölüm" dilemması qarşısında qalan xalq 1993-cü ilin iyununda qəti qərar verərək böyük dövlət xadimi Heydər Əliyevin Bakıya dəvət olunmasını, hakimiyyətin ona verilməsini tələb etmişdir. Xalq öz tələbində israrlı idi, çünki Heydər Əliyevi tanıyırdı, heç bir qüvvə onu bu qərarından döndərə bilməzdi. Xalq müqəddəs Qurtuluş mücadiləsinin qüdrətli sərkərdəsinin xilaskarlıq missiyasına öz varlığı qədər inanırdı.
1993-cü il iyunun 9-da təkidli tələblərdən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: ağıl və zəka, Heydər Əliyev dühası düşmən qarşısında ən etibarlı sipər idi. Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edərək, məmləkətin tarixi taleyinin xilası yolunda siyasi iradə nümayiş etdirdi, qəti addımlar atdı.
Müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını yaratmaq imkanlarını nəzərdən keçirdi. Bunun üçün ilk növbədə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkənin gələcək inkişafına yönəldilməsini nəzərdə tutan neft strategiyası işlənib hazırlandı. Ümummilli Liderin müəllifi olduğu yeni neft strategiyası müstəqil Azərbaycanın dinamik inkişafı üçün möhkəm təməllər yaratdı.
Ulu Öndər dahi və nüfuzlu bir şəxsiyyət olaraq özünün parlaq zəkası ilə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm regionda, həm də dünyada layiqli yer qazandırmışdır. Ümummilli Lider respublikamızı üzləşdiyi bir çox faciədən qurtarmış, müdrik və uzaqgörən addımları ilə onu davamlı, sabit inkişaf yoluna çıxarmışdı. Heydər Əliyevin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur.
Ümummilli Lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və əməli əsasda göstərmiş, azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
Müstəqilliyin ilk illərində Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. Xarici investisiyaların səmərəliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən ölkə üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçilmiş və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alınmışdır.
Həmin illər Azərbaycanın maliyyə vəziyyəti içməli su təchizatı sektorunda da böyük layihələri həyata keçirməyə imkan vermirdi. Bunu nəzərə alan Heydər Əliyev əhalinin su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. O zaman beynəlxalq maliyyə qurumları yenicə müstəqillik qazanmış postsovet ölkələrinə irihəcmli güzəştli kredit ayırmağa ehtiyatla yanaşırdı. Amma Heydər Əliyevin nüfuzu sayəsində bu məsələ də müsbət həllini tapdı və "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması" layihəsinə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrıldı. Bu vəsait hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparıldı, su təsərrüfatının maddi-texniki bazası gücləndirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində suyun keyfiyyət göstəricilərinin standartlara uyğunlaşdırılması paytaxt sakinlərinin təmiz içməli su ilə təminatına imkan yaratdı.
Bundan əlavə, Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.
Əlavə olaraq xarici maliyyə qurumlarının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 2000-2006-cı illərdə 81,2 km uzunluğunda Baş Mil-Muğan kollektoru yüksək keyfiyyətlə tikilərək istifadəyə verildi. Baş Mil-Muğan kollektorunun istismara verilməsi ilə 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun xidmət etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına imkan yarandı.
Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı və Sumqayıt şəhərlərinin, bütövlükdə Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektləri olduğunu müəyyən edən Ulu Öndər Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisinin başa çatdırılması ideyasını irəli sürdü. Hazırda bu sistemin istifadəyə verilməsi ilə respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılmış və 30 min hektar yeni suvarılan torpaqlar su ilə təmin olunmuş, Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizi təmin edilmişdir.
1990-cı illərin ikinci yarısında neft gəlirlərinin artımını nəzərə alaraq, böyük uzaqgörənlik nümayiş etdirən Heydər Əliyev Bakının dayanıqlı və keyfiyyətli su təchizatı üçün Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı təşəbbüslə çıxış etdi. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Ulu Öndər paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirdi və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq verdi. Ulu Öndərin irəli sürdüyü bu layihə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 28 dekabr 2010-cu ildə istismara verildi. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin içməli su təchizatında sabitlik təmin olundu.
Ulu Öndərin "Bakıya bol-bol su gətirəcəyik" ideyasına sadiq qalan Prezident İlham Əliyev paytaxtın dayanıqlı içməli su təminatı üçün yeni təşəbbüslərlə çıxış etdi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Məhsuldarlığı saniyədə 6 kubmetr olan qurğu bu gün Abşeron yarımadasında yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verir.
Eyni zamanda Ulu Öndər Heydər Əliyevin 1970-1980-ci illərdə başladığı işlərin məntiqi davamı olaraq, Prezidentin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, ölkənin regionlarında da mühüm su və kanalizasiya layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 33 şəhər və rayon mərkəzində içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğularının tikintisi, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1000-dən çox kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər artıq başa çatmışdır.
"Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" söyləyən Ulu Öndər bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndər Heydər Əliyevə minnətdardır. Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, İlham Əliyev kimi lideri bizə bəxş etmişdir. Çünki məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Xüsusilə 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi də Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsinə böyük coşqu ilə hazırlaşır. Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq, Prezidentin rəhbərliyi altında iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sahəsində müasir idarəetmə sisteminin təşkili, innovativ metodların, yeni suvarma texnologiyalarının və texnikanın tətbiqi, coğrafi elektron informasiya sisteminin yaradılması, işğaldan azad olunan ərazilərdə Xaçınçay, Köndələnçay su anbarının və magistral kanalının təmir-bərpası, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması və digər bu kimi işlər uğurla davam edir. Eyni zamanda Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası, eləcə də Qız qalası su anbarından su götürən magistral kanalın tikintisinin, sututumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması, Qubadlı və Zəngilan rayonlarının 12 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına başlanılmışdır. Bunlardan əlavə, cari il Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları üzrə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinə start veriləcək. Amma artıq Şuşa və Laçın şəhərləri, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülmüş, bəzi ərazilərdə yeni layihələrin icrasına başlanılmışdır.
Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsinə də başlanılmışdır. Artıq bu layihə üzrə Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənmiş, şəhərin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbə yaradılmışdır. Layihə çərçivəsində həmçinin Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası, 2,6 km uzunluğunda yeni kəmər inşa edilmiş və 2022-ci ilin dekabrında mənbədən şəhərə suyun verilməsi təmin olunmuşdur. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam edir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.
Laçın şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası da uğurla reallaşır. Layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə hesablanmışdır. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam edir. İnşası planlaşdırılan 58 kilometr içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsi artıq inşa olunmuşdur.
Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin də baş planlarına uyğun olaraq su mənbələri müəyyən edilərək anbarların, magistral su kəmərlərinin şəhərdaxili içməli və tullantı su şəbəkələrinin, təmizləyici qurğuların layihələri hazırlanmışdır. Suqovuşan qəsəbəsinin və Talış kəndinin dayanıqlı su təminatı məqsədilə subartezian quyuları bərpa edilmiş, quyu zonasından 3 km uzunluğunda magistral su xətti çəkilmiş, paylayıcı şəbəkələr yenidən qurulmuşdur.
Fəxarət hissi ilə qeyd etməliyik ki, meliorasiya və su təsərrüfatı sahəsində qazandığımız hər bir uğurun əsasında məhz Ulu Öndərin ideyaları, vaxtilə müəyyən etdiyi strateji təməllər dayanır. Bu böyük dövlət xadiminin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir. Dövlətimizin başçısı öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan liderdir.
Zaur MİKAYILOV,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri