Milli Məclisin sədri Sahibə Qafarova mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub. Tərəflər münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıblar.
Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Diqqətə çatdırılıb ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri BƏƏ-nin parlament təmsilçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirakından məmnunluğunu bildirib. Fikir mübadiləsi zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyəti, burada müzakirə olunan məsələlərin vacibliyi barədə də söhbət açılıb. Qeyd edilib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Görüşdə ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlarımız arasında da uğurlu əlaqələrin qurulduğu xatırlanaraq vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin qazanılmasını şərtləndirib.
Söhbət zamanı qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, Milli Məclislə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib, bu sənədin tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindəki rolu vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.