30 Avqust 2025 16:43
467
SİYASƏT
A- A+
Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Dünyadakı mürəkkəb geosiyasi vəziyyət, iqtisadi və ticari mübahisələr, iqlim dəyişmələri, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha fəal rol oynamağa, daha sıx çoxtərəfli dialoq qurmağa vadar edir. Bu xüsusda, ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) mühüm rola malikdir.

2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, 14 dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılmasından ibarətdir.

Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası (ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatıb.

AZƏRTAC Azərbaycanın Çin və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinə qısa nəzər salır.

Azərbaycan-ŞƏT əlaqələri

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti iki dəfə - 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarında iştirak edib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentini ŞƏT-in Çinin Tiencin şəhərində keçiriləcək Zirvə toplantısına dəvət edib. Yeri gəlmişkən, Tiencin sammitində 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcəklər. ŞƏT region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır. Sammit iştirakçıları “Şanxay ruhu”nun təşviqi, multilateralizmin həyata keçirilməsi, dayanıqlı inkişafa dəstək, həmçinin mühüm beynəlxalq və regional məsələlərin müzakirəsi üzrə fikir mübadiləsi apararaq ŞƏT-in yeni inkişaf planını birgə hazırlayacaqlar.

Şanxay Əməkdaşlıq Təşkilatı ailəsindəki ölkələrin Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə dairəsində olması rəsmi Pekinin bu dövlətlərlə əməkdaşlığa marağını daha da artırıb. Bu kontekstdə Çin-Azərbaycan əlaqələrinin potensialı daha ümidvericidir. Tarixən mühüm ticarət yollarının üzərində yerləşən Azərbaycan müasir dövrdə də özünün iqtisadi potensialı, eləcə də nəqliyyat-logistika, tranzit imkanları ilə Avrasiya regionunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində illər əvvəl qəbul etdiyi düşünülmüş qərarlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək Avrasiyada yeni, alternativ dəhlizlərin yaradılmasına öz töhfəsini verib. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının Astana Sammitindəki çıxışında da bu məsələyə toxunaraq, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyətin Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil etdiyini, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələrin ölkəmizə Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verdiyini deyib.

Bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-dəki statusunu yüksəltmək niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən, tarixi Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycan ŞƏT üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanır. Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünyada özünü mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin ötən il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir.

Beləliklə, fəal çoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib. Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı bunun bariz nümunəsidir. Dövlətimizin başçısının Səmərqənd, Astana sammitlərindən sonra Tiencin Zirvə görüşünə də dəvət olunması dolayısı ilə Azərbaycanın artan nüfuzunun üzv ölkələr tərəfindən qəbul edilməsinin göstəricisidir. Azərbaycan bu təşkilata bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verən bir mexanizm kimi baxır. Rəsmi Bakı, həmçinin ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri hesab edir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığının digər aspektləri

2018-ci ildə Çinin Çindao şəhərində “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası” yaradılıb. Həmin zonada “Made in Azerbaijan” brendli qida məhsullarının təqdim olunduğu “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir.

ŞƏT çərçivəsində humanitar sahədə əməkdaşlığa gəlincə, Azərbaycan bu istiqamətdə də fəallıq nümayiş etdirir. 2018-ci ildə qurumun Pekindəki katibliyində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ildə “Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib. Heydər Əliyev Fondu Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinin binasında daimi nümayiş olunmaq üçün dahi şairin büstünü quruma hədiyyə edib.

Qeyd etdiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatında Çinin aparıcı rolu var. Son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT ilə əməkdaşlığına da müsbət təsir göstərib. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını qeyd edə bilərik. Dövlət başçılarının görüşləri, telefon danışıqları, məktub mübadiləsi əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Son olaraq, bu il aprelin 22-də Azərbaycan Prezidenti Çinə dövlət səfəri edib.

Çin Lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də bir lider kimi dövlətimizin başçısına olan etimadı ilə bağlıdır. Ötən il ŞƏT-in Astana sammiti zamanı Azərbaycan və Çin liderlərinin görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyannamə qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri, bu səfər çərçivəsində keçirilən yüksəksəviyyəli rəsmi qarşılanma mərasimi, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü və aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərində daha bir yeni tarixi səhifə açdı.

Çin qlobal iqtisadiyyatın liderlərindən biri kimi

İqtisadi, hərbi potensialını sürətlə gücləndirən Çinin müasir dünyada siyasi proseslərə, beynəlxalq münasibətlərin formalaşmasına təsir imkanlarının da dinamik şəkildə artması müşahidə edilir. Çin Si Cinpinin rəhbərliyi ilə dünya iqtisadiyyatının ən qüdrətli mərkəzlərindən birinə çevrilməklə yanaşı, artıq qlobal siyasətdə də lider ölkələrdən biri statusunu qazanıb. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Bəlli olduğu kimi, Çin, eyni zamanda, beynəlxalq arenada birqütblülüyün bərqərar olmamasının əsas qarantıdır. Çinin proseslərə siyasi, iqtisadi yanaşması bir çox dünya ölkələrinin, o cümlədən Azərbaycanın bu dövlətlə münasibətlərini daha dinamik formada inkişaf etdirməsinə rəvac verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!