Rumıniyanın “Incisiv de Prahova” nəşrində Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanov və Rumıniyanın mədəniyyət naziri Demeter Andraş İştvan arasında keçirilən görüş və mədəni əməkdaşlıq məsələləri ilə bağlı geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın son illərdə yalnız enerji və iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət və humanitar sahələrdə də genişləndiyi bildirilib. Müəllif qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulub.
Nəşrin yazdığına görə, son illərdə mədəni diplomatiya Bakı ilə Buxarest arasında münasibətlərin vacib istiqamətlərindən birinə çevrilib. Rumıniyada Azərbaycan mədəniyyət günləri, sərgilər, konsert proqramları və akademik tədbirlərin keçirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Məqalədə səfir Qüdsi Osmanovun iki ölkə arasında humanitar əlaqələrin inkişafı, Azərbaycan mədəniyyətinin Rumıniyada tanıdılması və ortaq layihələrin genişləndirilməsi istiqamətində fəaliyyəti xüsusi vurğulanır. Bununla yanaşı, mədəniyyət naziri Demeter Andraş İştvanın Rumıniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın dərinləşdirilməsinə dəstək verdiyi vurğulanır.
Məlumatda qeyd edilir ki, enerji sahəsində əməkdaşlıq Bakı ilə Buxarest arasında münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Müəllif yazır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün etibarlı tərəfdaş hesab olunur və Rumıniya Xəzər regionundan Avropaya enerji bağlantılarında strateji tranzit və logistika mərkəzi rolunu gücləndirməyə çalışır.
Məqalədə Orta Dəhliz və Qara dəniz marşrutlarının da əhəmiyyəti geniş təhlil olunur. Müəllifin fikrincə, Avropa İttifaqı üçün Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb və Rumıniya bu prosesdə Avropa ilə region arasında körpü rolunu oynaya bilər.
Nəşr vurğulayır ki, Azərbaycan ilə Rumıniya arasında münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Təhsil, mədəniyyət, akademik əməkdaşlıq və humanitar layihələr iki ölkənin strateji tərəfdaşlığını daha dayanıqlı və uzunmüddətli edir.
Məqalədə həmçinin qeyd olunur ki, Rumıniya Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində mühüm tərəfdaşlardan biri hesab edilir.