“ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev bir çox məsələlərlə bağlı sualları cavablandırdı, dövlətimizin mövqeyini ifadə etdi. Bunların sırasında qonşu Gürcüstanla əlaqələrə dair cənab Prezidentin fikirləri də böyük maraq kəsb etdi. Gürcüstan və Azərbaycan xalqlarını çoxəsrlik dostluq əlaqələri bağlayır. Bu gün isə iki dövlət arasında güclü siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr var. İki dövlət arasındakı əlaqələr strateji məzmun daşıyır».
Bunu «Azərbaycan» qəzetinə açıqlamasında Milli Məclisin deputatı, parlamentin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü Müşfiq Məmmədli bildirib.
Deputat qeyd edib ki, zaman-zaman Azərbaycanla Gürcüstan arasındakı münasibətləri pozmaq üçün müxtəlif cəhdlər olsa da, hər iki dövlətin və hər iki xalqın ayıq-sayıq davranması bu cür proseslərin qarşısını alıb. Xüsusilə qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu xarici siyasət Azərbaycan-Gürcüstan münasibətlərini yeni mərhələyə yüksəldib. Gürcüstan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü hər zaman dəstəkləyir, iqtisadi sferada, o cümlədən nəqliyyat dəhlizlərinin yaradılması, enerji təhlükəsizliyi kimi məsələlərdə sıx əməkdaşlıq edirlər. Prezident İlham Əliyev forumda bildirdi ki, Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir: «Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır».
Prezident İlham Əliyev iki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk xarici səfərini məhz Azərbaycana etməsini göstərdi. Seçkilərdən sonra ilk xarici səfərin edilməsinin rəmzi mənası var. Bu mənada Gürcüstanın Baş nazirinin ölkəmizə səfər etməsi rəsmi Tbilisinin Azərbaycana əlaqələrə nə qədər önəm verdiyini göstərir.
Müşfiq Məmmədli onu da qeyd edib ki, Azərbaycan regionun aparıcı və lider dövləti kimi Gürcüstanın da inkişafına töhfə verir: «Gürcüstanın da bu yöndə necə dəyişdiyinin şahidi olmuşuq. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdə Gürcüstan da yaxından iştirak edir və dəstək verir. Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Cənub Qaz Dəhlizini, Bakı-Tbilisi-Qars dəmir yolunu buna misal çəkə bilərik. SOCAR-ın Gürcüstanın böyük layihələrə investisiyalar yatırması, Azərbaycanın Gürcüstanın limanlarından istifadəsi bu ölkənin iqtisadiyyatına böyük faydalar verir. Gürcüstan «yaşıl enerji»nin ötürülməsində də tranzit baxımdan Azərbaycanın qonşusu kimi önəmli rola malikdir.
Bu gün Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Avropa üçün olduqca faydalı və səmərəlidir. Təsadüfi deyil ki, Azərbaycanın Xəzərədən hasil etdiyi təbii qaz Avropa bazarlarına çatdırılır. Lakin Avropa İttifaqının rəsmiləri bunları dəyərləndirmək əvəzinə yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması barədə danışırlar. Müşfiq Məmmədli qeyd etdi ki, Prezident İlham Əliyev forumda bu məsələ ilə bağlı aydın mövqe ortaya qoydu və çox haqlı olaraq qeyd etdi ki, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.
Müşfiq Məmmədlinin sözlərinə görə, Prezident İlham Əliyev çox haqlı olaraq bildirdi ki, Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti qətiyyən qəbuledilməzdir: «Ona görə Prezident İlham Əliyev bunu müstəmləkəçilərin davranışı adlandırdı. Ümumilikdə isə Prezident İlham Əliyevin bizim gürcü xalqı ilə birlikdə olduğumuzu xüsusi vurğulaması, Gürcüstanın bütün daxili işlərini Brüsseldəki bürokratların deyil, gürcü xalqının həll etməli olduğunu deməsi, Azərbaycanla Gürcüstan arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini bildirməsi Azərbaycanın Gürcüstana olan dost münasibəsinin göstəricisidir».
Rəşad CƏFƏRLİ,
«Azərbaycan»