Mehriban xanım Əliyevanın fəaliyyəti Ulu Öndər ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə dəstəyin mükəmməl örnəyidir
Azərbaycan dövləti və xalqı İlham Əliyevin rəhbərliyi altında tarixinin ən qüdrətli mərhələsini yaşayır, Ümummilli Liderin müəyyənləşdirdiyi kursla davamlı inkişaf və yüksəliş yolu ilə inamla addımlayır. Bu taleyüklü prosesdə Prezidentin ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.
Mehriban xanımın adı Azərbaycanın müasir dövlətçilik tarixində əhəmiyyətli yer tutur. Xalqımızın müstəqillik dövründə milli-mədəni intibahında, haqq səsimizin beynəlxalq miqyasda yayılmasında aparıcı mövqe nümayiş etdirən Birinci vitse-prezident son 5 ilə yaxın dövrdə isə böyük quruculuq işləri ilə fəaliyyətinin yeni zirvəsinə yetişib.
Bütövləşən və konstitusion quruluşu, suverenliyi tam təmin olunan Azərbaycanda Zəfər strategiyasının reallaşmasında, milli hədəflərin gerçəkləşməsində Mehriban xanımın müstəsna xidmətləri var. Haqlı olaraq cəmiyyətdə Zəfərin zərif gücü kimi səciyyələnən, Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda örnək olan Birinci vitse-prezident öz fədakar missiyası ilə əbədi yaşayacaq nümunələr yaradır və əsl azərbaycanlı xanım obrazının ən mükəmməl təcəssümünü formalaşdırır.
Tarixi keçmişimizə nəzər yetirsək görərik ki, Azərbaycan dövlətçiliyinin inkişafında, xalqın mənəvi dəyərlərinin formalaşmasında müdrik, qəhrəman qadınların imzası hər zaman əlahiddə mövqedə olub. Onlar dövlətin, xalqın, cəmiyyətin taleyində mühüm rol oynayıb, bir çoxlarının adları isə hətta bəşər tarixinə yazılıb. Əsrlərə, minilliklərə söykənən bu tarixi missiyanı bu gün öz zərif çiyinlərində daşıyan isə Azərbaycana ləyaqətli xidmət edən Mehriban xanım Əliyevadır. Müstəqil Azərbaycanın inkişafının dərinləşməsinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə, cəmiyyətin ictimai-siyasi, mədəni həyatında və idarəetmə sistemində davamlı yeniliklərin tətbiqinə əvəzsiz töhfələr bəxş edən Mehriban xanımın bu fədakar fəaliyyəti həm də Azərbaycan qadınının mükəmməl obrazını gələcək nəsillərə ötürür.
Xeyirxahlığı və nəcibliyi, humanizmi və ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin qayəsini təşkil edir. Onun çoxşaxəli fəaliyyəti Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq üçün yaradılan fonda rəhbərlik edən Mehriban xanım Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, saysız-hesabsız xeyriyyəçilik tədbirləri həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda doğurur. Fond yarandığı gündən ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz etmiş çoxşaxəli layihələri ilə dövlət-vətəndaş həmrəyliyinin bariz nümunəsinə, əsl mərhəmət, şəfqət ünvanına çevrilmiş, ölkəmizdə xeyriyyəçilik hərəkatına böyük təkan vermişdir. Fondun təhsil, səhiyyə, mədəniyyətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir. Təhsilin inkişafı sahəsində fondun və şəxsən Mehriban xanımın vətənpərvərlik xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri ilə yüzlərlə orta məktəb binası tikilmişdir.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanmasıdır. Ulu Öndərin ölməz ideyaları və onların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin əsasını təşkil edib.
Azərbaycan mədəniyyəti hazırda yeni islahatlar dövrünü yaşayır. Bu sırada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqram və layihələr Azərbaycan mədəniyyətinin qorunmasına və dünyada təbliğ olunmasına layiqli töhfələr verir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün sistemli işlər görülür. Bu baxımdan çox haqlı olaraq Heydər Əliyev Fondunun mədəniyyət sahəsində fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və Mehriban xanım Azərbaycan mədəniyyətinin hamisi kimi qəbul olunur.
Mehriban xanım Vətən yolunda qəhrəmanlıq göstərən, Azərbaycanın ərazi bütövlüyünün bərpası, azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ailələrinə, sağlamlığını itirən zabit və əsgərlərə, vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğı göstərməyi özünün həyat amalı kimi qəbul edib. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir. Mehriban xanım Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünyada böyük fədakarlıqla, uğurla təbliğ edir, qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir.
Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu Ulu Öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı ən mühüm layihələrə imza atmış və atmaqdadır. Bunların nəticəsidir ki, fond Ümummilli Liderin arzu və istəklərinin, onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzə çevrilib.
İşğaldan azad olunan torpaqlarımızda erməni terrorçuları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi Mehriban xanımın gündəlik diqqətdə saxladığı prioritet vəzifədir. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam və Zəngilan şəhər məscidləri, Daşaltıda, Hadrutda və Şuşada yeni məscidlərin tikintisi, görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı, Xalçaçılıq Qalereyası, "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri və bu çərçivədə "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir", "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" və "Yaddaş, Fotoqrafik tarix" sərgiləri qısa zaman çərçivəsində reallaşan layihələr Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti yüksək töhfəsidir.
Mehriban xanım Əliyeva bu gün də çoxşaxəli fəaliyyəti ilə ölkəmizin həyatında böyük xidmətlərə imza atıb, dövlətinə şərəflə xidmət edir, xalqının böyük rəğbət və sevgisi ilə ucalır. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Bu ali məramın nəticəsi idi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Bu təyinat cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılandı. Ümumxalq referendumunda təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsin təyin olunması Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: "Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir".
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində, fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının yaranmasındakı rolu da danılmazdır. Onun təşəbbüsü və dəstəyi ilə elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən irimiqyaslı humanitar layihələr, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri də əhatə edir, geniş əks-səda doğurur. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də ölkənin digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Mehriban xanımın ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirakı da xüsusi əhəmiyyət kəsb edir. Humanizm, həmrəylik və dözümlülük dəyərlərinə sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu Azərbaycanın dünyada tolerantlığın mərkəzinə çevrilməsində əvəzsiz rol oynayır. Fondun xətti ilə Versal sarayının bir hissəsi və Strasburqda orta əsrlərə aid kilsə, Luvr muzeyi qalereyalarından biri, Roma katakombaları bərpa edilib, Berlin qəsrində, Kapitoli Muzeyində mühüm yenidənqurma işləri görülüb. Vatikan arxivlərində Azərbaycan Orta əsrlər əlyazmalarının bərpası və onların rəqəmsallaşdırılması tədbirləri uğurla davam etdirilir. Fond Hollandiya, Gürcüstan, Misir, Rumıniya, Rusiya və digər ölkələrdə də məktəblərin tikintisi və bərpasında yaxından iştirak edir. Mehriban xanımın rəhbərliyi ilə fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Bunların nəticəsidir ki, Mehriban xanım haqqında "Washington Times" qəzeti belə yazır: "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır".
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. O, gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur.
Mehriban xanımın hər bir vətəndaşımızın yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Prezident İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstəyin real nümunələridir. Butün sahələrdəki fəaliyyətini uğurla davam etdirən Mehriban xanım milli tərəqqi və intibah prosesinə hər gün öz layiqli töhfələrini verməkdədir.
Deyilənlərin və bütün bu keyfiyyətlərin cəmini xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban xanım Əliyevanın müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında əzmlə çalışması, sadiqliyi, Prezident İlham Əliyevin ictimai dəstəkçisi və ən yaxın silahdaşı olmasıdır.
Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidenti kimi göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər, ömür yolu, sözün tam mənasında, Vətənə xidmət nümunəsidir. Mehriban xanımın vaxtilə dediyi "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam" sözləri bu gün real nəticələrlə öz təsdiqini tapıb.
Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmışdır. Bütün bu illər ərzində gərgin əmək sayəsində görülən işlər, həyata keçirilən çoxsaylı layihələr, əldə edilən uğur və nailiyyətlər, ən əsası da milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırmışdır. Bütün varlığı və əzmkar fəaliyyəti ilə azərbaycançılıq ideologiyasına, xalqın rifahına, keçmişimizdən bu günümüzə bizə işıq salan mədəniyyətimizin, dövlətçiliyimizin qorunmasına, yaşadılmasına xidmət edən Mehriban xanım Əliyeva bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədi taxt qurmuşdur.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent