27 Avqust 2025 08:35
533
SİYASƏT
A- A+
Azərbaycan-Moldova əlaqələri strateji tərəfdaşlığa yüksəlib

Azərbaycan-Moldova əlaqələri strateji tərəfdaşlığa yüksəlib


Bu gün "qoca qitə"nin mədəniyyətindən, onun adət-ənənələrindən söhbət düşəndə istər-istəməz gözlərimiz önündə vətəninə, torpağına böyük sayğı və məhəbbət bəsləyən, dünya mədəniyyəti xəzinəsinə özünəməxsus töhfələr verən, həyat eşqi, yaşamaq həvəsi yüksək olan Moldova xalqı  canlanır. Avropanın şərqində yerləşən gənc Moldova Respublikasının ərazisi erkən Neolit sivilizasiyasına aid mədəniyyət mərkəzlərindən biri hesab olunur. Bu mənada Moldova zəngin çoxəsrlik tarixə və mədəniyyətə malik bir ölkədir, onun mədəniyyətinin tərkib hissəsi isə bayramları və onlarla bağlı adət-ənənələrdir. 

Demək olar ki, hər bir bayram mahnı sədaları altında xalq gəzintiləri, teatr məclisləri və ənənəvi yarmarkalar, xalq festivalları ilə müşayiət edilir. Bu tədbirlər zamanı xarici turistlər folklor, ənənəvi geyimlər, əl işləri və s. ilə tanış olurlar. Həmçinin bir neçə millətin, o cümlədən türklərin də təsiri altında formalaşan ənənəvi Moldova mətbəxi müəyyən orijinallığı, dad zənginliyi və yeməklərin müxtəlifliyi ilə buraya ilk dəfə ayaq basanların zövqünü oxşayır. Bu diyarda turistlərin diqqətini həm də, ilk növbədə, zərif dadı və ətrilə bütün dünyada məşhur olan şərablar cəlb edir. Məlumata görə, yerli sakinlər 7 min il əvvəl üzümçülüklə tanış olmuş və ondan şərab hazırlamışlar. Təsadüfi deyil ki, bu günün özündə də Moldova ərazisinin təxminən 147 min hektarını üzüm bağları tutur.

Hər il avqustun 27-də coşqu və təntənə ilə qeyd olunan Müstəqillik Günü də xalqın əsrlər boyu arzusunda olduğu mühüm bayramdır. Rumıniyanın şərqində və Ukraynanın qərbində yerləşən, dənizə çıxışı olmayan Moldovanın ərazisi nisbətən kiçik, əhalisi az olsa da, Azərbaycanın Avropa siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Moldovanın xarici siyasəti Avropa İttifaqına inteqrasiyaya və Qərb ölkələri ilə əməkdaşlığı gücləndirməyə yönəlib. Bunu onun Aİ-yə namizəd statusu, təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişinin imzalanması sübut edir. Əsas istiqamətlərə Avropa Qonşuluq Siyasəti çərçivəsində Aİ ilə əlaqələrin dərinləşdirilməsi, hibrid təhdidlərlə mübarizə, kibertəhlükəsizlik və təhlükəsizlik sektorunda islahatlar, həmçinin Dnestryanı münaqişənin həlli daxildir.

Azərbaycan kimi Moldova da müstəqillik dönəmində bir sıra problemlərlə üzləşməli olmuşdur. Moldovanın üzləşdiyi problemlərin çoxu Rusiyanın qonşu Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsi və Rusiya tərəfindən onun təhlükəsizliyinə, iqtisadiyyatına və sosial sabitliyinə yaratdığı təhlükə ilə bağlıdır. Ölkə ərazisinin bir hissəsi olan Dnestryanı bölgə hələ də rusiyayönlü separatçıların nəzarəti altındadır. 

Son illər Moldova iqtisadiyyatı böyük çətinliklərlə üzləşməli olmuşdur. Əmək qabiliyyətli əhalinin yarıdan çoxu kənd təsərrüfatı sektorunda çalışır. Bu bölmə 2020 və 2022-ci illərdə şiddətli quraqlıqdan ağır zərbə almışdı. Bununla belə, görülən intensiv tədbirlər nəticəsində hazırda Moldova yaşamaq üçün ən rahat ölkələrdən biri sayılır.

2025-ci  ilin ortalarına olan məlumata görə, Moldovanın əhalisi 3 milyon nəfərə yaxındır. Əhalinin 93 faizindən çoxu pravoslav olsa da, burada digər dinlərin daşıyıcılarına da hörmətlə yanaşırlar. Bu mənada Azərbaycan kimi, həm də Moldovada multikulturalizm siyasəti yüksək səviyyədə həyata keçirilir. 

Moldovanın ümumi daxili məhsulu illik müqayisədə 0,1 faiz artaraq 2024-cü ildə 16,7 milyard avroya çatmışdır. Çoxsaylı qeyri-müəyyənliklər, silahlı münaqişələr, tarif müharibələri - bütün bunlar, təbii ki, Moldovanın iqtisadi vəziyyətinə təsir göstərməyə bilməz. Hazırda Moldova iqtisadiyyatına mənfi təsir edən qeyri-sabit qlobal vəziyyətin nəticələri aradan qaldırılır.

Ukraynada müharibə başlayanda Moldova mineral yanacağın bir hissəsini yenidən ixrac etməyə başladı. İndi buna ehtiyac yoxdur, logistika dəyişib və tədarüklər birbaşa Ukraynaya gedir. İkinci amil kənd təsərrüfatındakı problemlərdir. Ötən il quraqlıq səbəbindən kənd təsərrüfatında ümumi daxili məhsulun həcmi azalıb. Üçüncü səbəb avtomobil sənayesindəki vəziyyətdir. Moldova Avropa istehsal zəncirlərinin bir hissəsidir və bu sektor hazırda çətinliklərlə üzləşir. Bu səbəbdən yerli müəssisələrlə işləyən səhmdarlar daha az sifarişlər alırlar.

 Digər tərəfdən, xidmətlərin həcminin, əməkhaqqının, əhalinin müxtəlif gəlir növlərinin artımı, korporativ investisiyaların və kreditləşmənin səviyyəsinin yüksəlməsi iqtisadiyyat üçün müsbət addımlardır. Ardıcıl beş rübdür ki, sahibkarlar öz bizneslərini inkişaf etdirmək üçün investisiyaları artırırlar. Uzunmüddətli investisiya kreditlərinin artımı da avadanlıqların alınmasını və yeni texnologiyaların tətbiqini göstərir.  

Ölkədə nominal və real əməkhaqqının artımı davam edir. 2024-cü ildə orta əməkhaqqı 14, cari ilin birinci rübündə isə 2-3 faiz artıb. Yaz şaxtalarına baxmayaraq, bəzi bitkilər üzrə çox yaxşı məhsul, xüsusilə də taxıl məhsulları gözlənilir. Bunlar da bütün kənd təsərrüfatı məhsullarının təxminən 75 faizini təşkil edir. Cari ildə ümumi daxili məhsulun 2 faizədək artımı gözlənilir. 

Gələcəyə baxsaq, rəqabət qabiliyyətini artıran və Aİ-yə inteqrasiyanı asanlaşdıran islahatlar sayəsində iqtisadiyyatın tədricən yüksəlişi gözlənilir. İstehlak, artımın əsas aparıcı amili  olaraq qalacaq, Moldova Aİ ilə əlaqələrini dərinləşdirdikcə investisiyalar da artacaqdır.

Moldova ərazisində bir sıra faydalı qazıntı yataqları, o cümlədən qrafit, fosforit, seolit, flüorit, barit, yod, brom və bir sıra sənaye metalları - dəmir, qurğuşun, sink və mis də aşkar edilmişdir. Moldovada liqnit, neft və təbii qazın kiçik yataqları da mövcuddur.

Moldova iqtisadiyyatı eyni zamanda enerji böhranı, qazın qiymətinin dəyişkənliyi və idxaldan asılılıq, eləcə də struktur islahatlarına ehtiyac kimi problemlərlə də üzləşir.

Bu problemlərin aradan qaldırılmasında Moldovaya etibarlı tərəfdaşlar lazımdır. Belə tərəfdaşlardan biri Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan Respublikasıdır. Azərbaycan və Moldova arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edir. 1992-ci il mayın 29-da Azərbaycan ilə Moldova arasında diplomatik münasibətlər qurulmuşdur. 2005-ci ilin martında isə Azərbaycanın Moldovada səfirliyi açılmışdır. 1996-cı ilə qədər iki ölkə arasında münasibətlər zəif templə inkişaf etsə də, sonrakı illərdə qarşılıqlı əməkdaşlığın hüquqi-müqavilə bazası genişlənmiş və ötən dövr ərzində 67 sənəd imzalanmışdır. Bu sənədlər siyasi-diplomatik sahədən tutmuş ticarət-iqtisadi əməkdaşlıq, azad ticarət rejimi, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi və qorunması və digər sahələri əhatə edir.

Moldova həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Onların əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki dost ölkə bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan və Moldova Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də əməkdaşlıq edir.

Dövlət və hökumət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi siyasi münasibətlərin inkişafına münbit zəmin yaratmışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qarşılıqlı siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu dəfələrlə vurğulamışdır. Moldova Prezidenti Maya Sandunun COP29 konfransında iştirakı iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə bariz nümunədir.

Cari il aprelin 10-da Azərbaycanın Baş naziri Əli Əsədov ilə Bakıda səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea arasında keçirilən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olundu, ticarət, investisiyalar, neft-qaz, "yaşıl enerji", nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirildi.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə 8 nəfərdən ibarət İşçi Qrupu fəaliyyət göstərir. Moldova Respublikası Parlamentində isə Moldova-Azərbaycan parlamentlərarası əlaqələr üzrə 30 nəfərdən ibarət dostluq qrupu yaradılıb. Komissiyalar arasında işgüzar və səmərəli əlaqələr mövcuddur. 

Cari il aprelin 11-də Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirildi. Qonaqlara ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verildi. Tərəflərin yekdil fikrinə əsasən, aqrar sahədə müasir texnologiyaların transferi, müştərək elmi-tədqiqatların aparılması, mütəxəssislərin hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri kimi dəyərləndirildi. Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, beynəlxalq yükdaşımaları, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta dəhlizin yaratdığı üstünlüklərdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

İmzalanmış yekun protokolu iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının gələn il Kişineuda keçirilməsi barədə razılığa gəliblər.

Qarşılıqlı əməkdaşlığın inkişafında hər iki ölkənin müxtəlif dövlət və hökumət qurumları da fəal iştirak edirlər. 2025-ci il aprelin 11-də Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Hər iki tərəfin qənaətinə görə, qarşılıqlı iqtisadi əlaqələrin stimullaşdırılması üçün enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, turizm və beynəlxalq yük daşımaları perspektivli sahələr hesab olunur. Moldova Azərbaycanın Avropaya açılan pəncərəsi olduğu kimi, Azərbaycan da Moldovanın Yaxın və Orta Şərqə, Mərkəzi və Cənub-Şərqi Asiyaya açılan qapısıdır. 

Azərbaycanın neft-qaz sektoru Moldova üçün strateji əhəmiyyət daşıyır. Moldova Azərbaycanın təbii qaz imkanlarından faydalanmağa maraq göstərir. Son illər Şərqi Avropada hərbi-siyasi vəziyyətə olduqca mənfi təsir göstərən qanlı Rusiya-Ukrayna müharibəsinin getdiyi bir şəraitdə enerji daşıyıcılarının nəqli, logistika infrastrukturları üçün böyük təhlükə yaranmışdır. Dost Moldova Respublikası belə bir şəraitdə qardaş Azərbaycanın enerji və logistika imkanlarından faydalana bilər.       

Qətiyyətlə demək olar ki, Azərbaycan son illər Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə müasir tələblərə cavab verən dəniz limanları, dəmir yolu rabitəsi, hava limanları və dünya standartlarına cavab verən avtomobil yolları, Şərq və Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturları  mövcuddur. Onlardan səmərəli istifadə olunması ticarət əlaqələrini artırmaq üçün böyük üstünlüklər verir. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizlərinin kəsişdiyi məntəqədə yerləşir ki, bu da Moldova ilə əlaqələrin inkişafına əlavə stimul verir.

İki ölkə arasında gediş-gəlişin artması hava rabitəsinin genişlənməsini gündəmə gətirib. Tərəflər iki ölkə arasında böyük turizm potensialının olduğunu nəzərə alaraq birbaşa uçuşların sayının artırılması barədə razılığa gəliblər. Artan tələbatdan irəli gələrək cari ilin aprel ayından etibarən Bakı-Kişineu-Bakı reyslərinin sayı həftədə 5 dəfəyə çatdırılıb. Bu da iki dövlət və xalq arasında əlaqələrin intensivliyinin artırılmasına, turizmin inkişafına müsbət təsir göstərmişdir. 

Qarşılıqlı səmərəli biznes-forumların keçirilməsi iqtisadi tərəfdaşlığın güclənməsinə təkan verən amillərdir. Cari il aprelin 11-də Bakıda Azərbaycan-Moldova biznes-forumu keçirildi. Forum iki ölkədəki biznes mühiti, investisiya imkanları və biznes əlaqələrinin qurulması haqqında tərəfləri məlumatlandırmaq üçün yaxşı fürsət oldu. 

Hazırda Azərbaycan Moldovaya əsasən, enerji daşıyıcıları, neft və neft məhsulları, kimyəvi məhsullar, ağac, meyvə və tərəvəz ixrac edir. Moldova isə Azərbaycana, əsasən, kənd təsərrüfatı məhsulları (konservlər, meyvə şirələri, şərab) və digər istehlak malları göndərir. Moldova ilə Azərbaycan arasında ikitərəfli ticarətin dəyəri 12 milyon dollardır. Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş Moldova kapitallı 20 şirkət nəqliyyat, sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

İki ölkə arasında mədəni əlaqələr davamlı olaraq inkişaf edir. Xalqların bir-birini daha yaxından tanıması üçün mədəni əlaqələrin əhəmiyyəti böyükdür. Mədəniyyət günlərinin, müxtəlif sərgi və yarmarkaların təşkili, poeziya gecələrinin keçirilməsi bu əlaqələri daha məzmunlu edir. Məsələn, 2024-cü ilin dekabrında Moldovanın paytaxtı Kişineuda "Xarıbülbül" Azərbaycan-Moldova Dostluq Xiyabanı salınması da əlamətdar hadisə oldu. Bu həm də 44 günlük Vətən müharibəsində Moldovanın Azərbaycanın yanında olduğunun əyani təzahürü idi. Kişineudakı xiyabana "Xarıbülbül" Azərbaycan-Moldova Dostluq Xiyabanı lövhəsi vuruldu. Bu xiyaban Azərbaycan və Moldova xalqlarının dostluğunu əbədiləşdirəcək və Kişineunun ekoloji rifahına töhfə verəcək. Xiyabanda rəmzi olaraq 44 ağac əkilmişdir.

Hər iki ölkədə diaspora təşkilatları fəaliyyət göstərir. Azərbaycanda azsaylı Moldova diasporu var. Onların sayı təqribən 500 nəfərdir. Moldovadakı Azərbaycan diasporu isə 5 min nəfərdən çox soydaşımızı əhatə edir. Moldova Azərbaycanlıları Konqresi də soydaşlarımızın milli ənənələrinin, dilinin və mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində işlər görür. 

Göründüyü kimi, Azərbaycan ilə Moldova arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu tərəfdaşlıq təbii olaraq hər iki dost xalqın iqtisadi tərəqqisini və dinc həyatını təmin etməklə yanaşı, regional və beynəlxalq proseslərə də müsbət töhfə verir. 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!