“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanan 976 səhifəlik monoqrafiya rus dilində işıq üzü görüb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elmi əsərin müəllifləri Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru, dosent Nərminə Əmirbəyovadır.
Oxuculara təqdim olunan nəşr Prezident, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hazırlanıb. Elmi əsərdə qədim dövrdən XX əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamüllü kompleks şəkildə öyrənilib. Həmçinin Azərbaycanda hərb işinin yaranması və inkişafı məsələləri işıqlandırılıb.
Geniş mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətin inkişafın xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadə üsullarına və döyüş taktikasına təsiri məsələləri ətraflı tədqiq olunub.
Müəlliflər tərəfindən təqdim edilən monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub. Kitab çoxlu sayda illüstrativ materialla zənginləşdirilib, dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatların döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri əksini tapıb.
Beləliklə, ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib. Nəşr Azərbaycan Respublikası ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu auditoriyasi üçün nəzərdə tutulub, o cumlədən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində istifadə oluna bilər.