Ömrün gənclik çağları sağlamlıq, fiziki və zehni güc-qüvvət, cəsarət, qorxmazlıq, dözümlülük, vətənpərvərlik kimi ali dəyərlər, hisslər, xarakterik cizgilərlə mətinləşir.
Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra yeniyetmə və gənclərimizdə daha bir xüsusiyyət - könüllülük nəzərəçarpacaq şəkildə özünü göstərməyə başladı. Fərdi və kollektiv fəaliyyətdə, mülki və hərbi sahələrdə, fövqəladə vəziyyətlərdə, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının təşkilində, ümumxalq bayramları və digər əlamətdar günlərdə könüllülər daim öndə oldu.
Könüllülük - öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Müasir Azərbaycanda bu sahədə real inkişaf Ulu Öndərin hakimiyyətə qayıdışından sonra başlayıb. 1998-ci ildə ölkədə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Könüllülər Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.
XXI əsrin əvvəllərindən respublikamızda yüksək neft gəlirləri ilə müşayiət olunan yeni dövrdə Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün önəmi danılmaz idi. 2009-cu il iyunun 9-da "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu imzalandı. Bu qanun hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində münasibətlərini tənzimlədi. 2013-cü il fevralın 22-də "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi. Burada məsələyə hüquqi münasibət bir qədər də təkmilləşdirildi.
Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nda və 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ bacarıqlarının üzə çıxarılmasını dəstəkləmək və eyni zamanda könüllülük hərəkatının inkişafı vəzifəsi qoyulmuşdur. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verilir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsətidir.
Ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. 1 saylı "ASAN kommunal" mərkəzinin açılışında Prezident İlham Əliyev könüllülərin rolunu yüksək qiymətləndirdi: "Əlbəttə ki, biz "ASAN xidmət"i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN" yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq "könüllülər hərəkatı nədir?" - onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır. Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi "ASAN xidmət" mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir".
Müxtəlif vaxtlarda evsahibliyi etdiyimiz "Avroviziya-2012" Mahnı Müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və digər mötəbər, irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində ölkəmizdə beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanım Əliyevanın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.
Əlbəttə, nailiyyətlərimiz və könüllülük hərəkatı barədə danışarkən biz heç zaman işğaldakı torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpası üğrunda mücadilələri, gənclərimizin ölüm-dirim savaşlarındakı şücaətlərini unuda bilmərik. Bu gün isə könüllü gənclərimiz bütün Azərbaycan kimi qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşırlar və bu məsul vəzifənin öhdəsindən də yüksək səviyyədə gələcəklərinə heç bir şübhə yoxdur.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"