18 Sentyabr 2026 12:02
192
SİYASƏT
A- A+
Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ

Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ


Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, bütövlükdə milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcəyə baxışın mühüm tərkib hissəsinə çevrilir. 20 Sentyabr da məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının rəmzi kimi müasir tariximizin ən mühüm səhifələrindən birini təşkil edir.

Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın dövlətçilik tarixində baş vermiş mühüm hadisələrin siyasi və mənəvi əhəmiyyətinin nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd edilən Dövlət Suverenliyi Günü xalqımızın uzun illər ərzində müstəqillik, ərazi bütövlüyü və dövlətçilik uğrunda apardığı mübarizənin tarixi nəticəsini özündə əks etdirir.

Azərbaycan xalqı üçün dövlət müstəqilliyi və suverenlik heç zaman yalnız hüquqi və siyasi anlayışlar olmayıb. Bu anlayışlar milli kimliyin, tarixi yaddaşın, dövlətçilik ənənələrinin və gələcək nəsillər qarşısında məsuliyyətin ayrılmaz hissəsi kimi qəbul edilib. Tarixin müxtəlif mərhələlərində xalqımız xarici müdaxilələrlə, işğalla, siyasi təzyiqlərlə və digər çətinliklərlə üzləşsə də, dövlətçilik iradəsini qoruyub saxlayıb. Məhz bu iradə Azərbaycanın müasir dövlətçilik tarixində də mühüm rol oynayıb.

Azərbaycanın dövlət müstəqilliyinin 1991-ci ildə bərpa edilməsi xalqımızın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Lakin müstəqil dövlətin yaradılması ilə yanaşı, onun ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi məsələsi qarşıda duran ən mühüm vəzifələrdən birinə çevrildi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal edilməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, yaşayış məntəqələrinin dağıdılması və Azərbaycanın tarixi-mədəni irsinə ciddi zərər vurulması dövlət müstəqilliyimizin qarşısında böyük çağırışlar yaratdı.

Bütün bunlara baxmayaraq, beynəlxalq hüquq baxımından Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç zaman aradan qalxmadı. İşğal faktı Azərbaycanın həmin ərazilər üzərində suveren hüquqlarını dəyişdirmədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri də Azərbaycanın ərazi bütövlüyünə və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına dair mövqeyi təsdiq edən mühüm beynəlxalq hüquqi-siyasi sənədlər idi.

Lakin uzun illər ərzində aparılan danışıqlar münaqişənin həllinə gətirib çıxarmadı. İşğalın davam etməsi, status-kvonun qorunub saxlanılması və beynəlxalq vasitəçilik səylərinin nəticəsiz qalması Azərbaycan üçün qəbuledilməz vəziyyət idi. Ölkəmiz bütün dövrlərdə problemin sülh yolu ilə həllinə üstünlük verdiyini nümayiş etdirsə də, danışıqlar prosesinin sonsuzadək uzadılmasına razı ola bilməzdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu böyük hərbi-strateji üstünlük əldə etdi, işğal altında olan ərazilərin mühüm hissəsi azad edildi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin olundu.

Vətən müharibəsində qazanılmış Zəfər yalnız hərbi qələbə deyildi. Bu Zəfər Azərbaycan xalqının uzun illər ərzində pozulmuş ədalətin bərpasına olan inamını möhkəmləndirdi, işğalın yaratdığı reallığı dəyişdirdi və regionda yeni siyasi şərait formalaşdırdı. Azərbaycan öz hərbi gücü ilə yanaşı, diplomatik iradəsini və milli həmrəyliyini də nümayiş etdirdi.

Lakin 2020-ci ildən sonra Azərbaycanın qarşısında daha bir mühüm vəzifə qalırdı: dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət hakimiyyətinin tam şəkildə bərqərar olması istiqamətində atılan mühüm addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın öz sərhədləri üzərində nəzarət hüququnu həyata keçirməsinin təzahürü idi.

Dövlətin suverenliyinin mühüm göstəricilərindən biri onun öz ərazisində qanunvericiliyini, dövlət idarəçiliyini və təhlükəsizlik mexanizmlərini həyata keçirə bilməsidir. Bu baxımdan Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması mühüm siyasi və hüquqi əhəmiyyət daşıyırdı.

2023-cü il sentyabrın 19-da baş vermiş genişmiqyaslı təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla həyata keçirdiyi tədbirlər cəmi 23 saat 43 dəqiqə davam etdi. Sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü.

Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisəni qiymətləndirərək bildirmişdi ki, bir il əvvəl Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib və həmin hadisə beynəlxalq hüququn zəfər çalması ilə nəticələnib.

Bu fikir 20 Sentyabrın mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət suverenliyi dövlətin yalnız formal hüquqi statusu deyil. Suverenlik dövlət hakimiyyətinin ərazi daxilində aliliyini, müstəqil qərarvermə imkanını, konstitusion quruluşun və dövlət institutlarının fəaliyyətini təmin edən əsas prinsipdir. Azərbaycanın suverenliyinin tam bərpası bu baxımdan uzunmüddətli dövlətçilik mübarizəsinin mühüm nəticəsi oldu.

Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi əhəmiyyətin dövlət səviyyəsində təsdiqidir. Bu gün həm şəhidlərimizin xatirəsinə ehtiram, həm qəhrəman hərbçilərimizin şücaətinə verilən yüksək qiymət, həm də gələcək nəsillərə ötürülən mühüm dövlətçilik mesajıdır.

Azərbaycan Prezidenti tərəfindən Sərəncamda qeyd edildiyi kimi, xalqın öz taleyinə sahib olması, müstəqil dövlətini yaradaraq inkişaf etdirməsi ən böyük nailiyyətlərdəndir. Bu baxımdan suverenlik xalqımızın milli sərvəti kimi dəyərləndirilir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu prosesin məntiqi davamı oldu. Dövlət suverenliyi ilə Konstitusiya arasında üzvi bağlılıq mövcuddur. Konstitusiya dövlətin hüquqi əsaslarını, hakimiyyət sistemini, vətəndaşların hüquq və azadlıqlarını və dövlət-vətəndaş münasibətlərinin fundamental prinsiplərini müəyyən edir. Suveren dövlət isə həmin konstitusion sistemin öz ərazisində tam və səmərəli şəkildə fəaliyyət göstərməsini təmin edən siyasi-hüquqi məkandır.

Azərbaycanın bütün ərazisində suverenliyin bərpa edilməsi ölkənin inkişaf gündəliyinə də yeni imkanlar gətirib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, yeni infrastruktur layihələrinin reallaşdırılması dövlət suverenliyinin yalnız siyasi deyil, sosial-iqtisadi nəticələrini də nümayiş etdirir.

Bu gün Qarabağda həyatın yenidən canlanması, insanların öz doğma yurdlarına qayıtması və həmin ərazilərdə dövlət qurumlarının fəaliyyət göstərməsi suverenliyin real məzmununu nümayiş etdirən mühüm göstəricilərdir.

20 Sentyabrın Azərbaycan təqviminə daxil edilməsi həm də milli yaddaşın qorunmasına xidmət edir. Tarixi hadisələrin dövlət səviyyəsində qeyd edilməsi cəmiyyətin həmin hadisələrin mahiyyətini daha dərindən dərk etməsinə, gənc nəslin dövlətçilik düşüncəsinin formalaşmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Bu gün Azərbaycan qarşısında yeni vəzifələr dayanır. Dövlət suverenliyinin təmin olunması tarixi mübarizənin mühüm nəticəsi olsa da, suveren dövlətin qarşısında dayanan məsuliyyətlər bununla bitmir. Əksinə, tam suverenlik ölkənin siyasi, iqtisadi, sosial, hüquqi və institusional inkişafı üçün daha geniş imkanlar yaradır.

Suverenlik həm də məsuliyyətdir. Onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü dövlət şəklində ötürmək hər bir vətəndaşın ümumi vəzifəsidir. Bu baxımdan 20 Sentyabr yalnız keçmişə nəzər salmaq üçün deyil, gələcəyə baxmaq üçün də mühüm tarixdir. Bu tarix Azərbaycan xalqına göstərir ki, dövlətçilik əzmi, milli birlik, güclü dövlət institutları və ardıcıl siyasi iradə qarşıya qoyulan ən mürəkkəb məqsədlərin həyata keçirilməsinə imkan verir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müstəqil dövlətçilik yolunun, milli iradəsinin və ərazi bütövlüyünün rəmzidir. Bu tarix Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq əzminin, qəhrəman şəhidlərimizin və qazilərimizin fədakarlığının, Azərbaycan Ordusunun şücaətinin və dövlətimizin qətiyyətinin tarixi ifadəsidir.

Bu günün ən mühüm mesajı isə bundan ibarətdir: Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, qarşısında yeni inkişaf mərhələsi açılmış müstəqil dövlətdir. Bu suverenliyi qorumaq və daha da möhkəmləndirmək gələcək nəsillər qarşısında ən mühüm dövlətçilik məsuliyyətlərindən biridir.

Şahin SEYİDZADƏ

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

12:22
18 Sentyabr

Hörmüz boğazında gəmi vurulub

12:21
18 Sentyabr

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  

12:20
18 Sentyabr

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb  

12:12
18 Sentyabr

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib 

12:05
18 Sentyabr

Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ

12:02
18 Sentyabr

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  

12:02
18 Sentyabr

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb  

11:52
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

11:50
18 Sentyabr

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:40
18 Sentyabr

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

11:18
18 Sentyabr

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

11:16
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir  

11:14
18 Sentyabr

Qızıl və gümüş bahalaşıb 

11:12
18 Sentyabr

Birjalarda neft ucuzlaşıb 

11:11
18 Sentyabr

Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir  

11:07
18 Sentyabr

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var

11:02
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb  

10:59
18 Sentyabr

Azərbaycan nefti 121 dollara satılır

10:23
18 Sentyabr

Tariximizlə müasirliyin musiqi vəhdəti

10:10
18 Sentyabr

Saqqallı yetimlər

10:00
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!