26 Iyun 2024 10:05
449
Mədəniyyət
A- A+

Azərbaycan ailə modelini necə qorumalıyıq?

 

İllərin sınağından adlayaraq bu günümüzə gələn və möhkəm təməllərə sahib olan Azərbaycan ailə modeli dünyada da təqdir olunur. Amma son dövrlər ailə modelimizdə müəyyən problemlərin yarandığı və artdığı da danılmaz həqiqətdir. Bu mənfi tendensiyanı boşanma statistikalarının getdikcə artmasından, yeni yetişən nəsillərin bir çox hallarda milli-mənəvi dəyərlərdən uzaq düşərək ailə modelimizdən üz çevirməsindən də müşahidə etmək mümkündür. 
İndiyə qədər Azərbaycan ailə institutunun problemləri ilə bağlı xeyli sayda jurnalist araşdırmaları olub. Amma təəssüf ki, bu sahədə elmi araşdırmalar yox deyiləcək qədər azdır. 
Bu baxımdan Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçısı, hüquq elmləri doktoru, dosent Səidə Həsənzadənin müəllifi olduğu "Ailəlogiya" kitabı sözügedən sahəyə elmi cəhətdən işıq tutan əhəmiyyətli monoqrafiya kimi diqqət cəlb edir. 
Kitabın müəllifi də monoqrafiyada vurğulayır ki, dünyəvi problemlər içərisində, geniş mənada "ailə"nin ən müxtəlif elmlərin köməyi ilə mükəmməl öyrənilməsi artıq zamanın tələblərindən birinə çevrilmişdir. Bu mənada ailənin kompleks öyrənilməsi "Ailəlogiya" elminin əsas predmetini təşkil edir və təqdim olunan monoqrafiya bu sahədə atılan ilk addım olaraq cəmiyyətin marağına səbəb olacaqdır. 
"Ailəlogiya müasir elm sahəsi kimi", "Azərbaycanda ailənin və nikahın hüquqi statusu", "Azərbaycan ailəsinin sosial-siyasi və hüquq mahiyyəti", "Azərbaycan ailəsinin strukturunda təmsil olunan subyektlərin statusu" adlı fəsillərdən ibarət "Ailəlogiya" kitabında  ailənin öyrənilməsinin, tədqiqinin zəruriliyi önə çəkilir. 
Kitabın giriş hissəsində hüquq elmləri doktoru Səidə Həsənzadə yazır ki, apardıqları sosioloji və hüquqi təhlillər birmənalı şəkildə təsdiq edir ki, bir institut olaraq ailənin, öz ictimai-siyasi, sosial və hüquqi əhəmiyyətinə, strukturuna, funksiyalarına, cəmiyyətin inkişafının əsas tendensiyalarının müəyyən edilməsinə, bugünkü müasir inkişafına görə   öyrənilməsi və tədqiqi ən aktual problemlərdən birinə çevrilmişdir: "Ailə - qadın və kişi birliyinin təşkilati-hüquqi əsası kimi bioloji, sosial, iqtisadi, hüquqi, mənəvi, əxlaqi, siyasi və beynəlxalq mahiyyət daşıyır və buna görə də hər bir konkret halda ailənin kompleks elmi tədqiqatların nəticəsi olaraq öyrənilməsi zəruri, müasir və aktualdır". 
Monoqrafiyada bildirilir ki, ailə cəmiyyətdən, dindən, dövlətdən, hüquqdan və digər oxşar təsisatlardan daha erkən və ilkin mərhələdə meydana gələrək, uzun bir təkamül yolu keçmişdir. Buna baxmayaraq o, elmi baxımdan yalnız sonralar tədqiq edilməyə və öyrənilməyə başlanılmış, başqa sözlə, bu, hazırda, sözün əsl mənasında, tarixi zərurətə çevrilmişdir. 
Azərbaycan ailəsinin ənənəvi dəyərlərinin qorunub saxlanması və inkişafı müasir mərhələdə dövlətimiz qarşısında duran ən prioritet vəzifələrdən biridir. S.Həsənzadə  qeyd  edir ki, müstəqillik illərində Ulu Öndər Heydər Əliyev və onun layiqli siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizdə ailənin dinamik inkişafı, ailə münasibətlərinin hüquqi tənzimlənməsi və konstitusiyada təsbit edilməsi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirmiş, bu gün sosial ailə dövlət qayğısı ilə tam əhatə olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ailə, qadın və uşaq problemlərinin uğurlu həllinə daim böyük diqqət yetirmiş, əslində, onun hamisinə çevrilmiş və bu xeyirxah missiya bu gün də davam etdirilməkdədir.
"Ailəlogiya"da vurğulanır ki, ölkəmizdə ailənin kompleks öyrənilməsinə, onun aktual problemlərinin müəyyən olunmasına, bu problemlərin həll edilməsinə və ya aradan qaldırılmasına, onların uğurlu həllinə xüsusi önəm verilir. Bu baxımdan ailəlogiya elminin əhəmiyyəti zaman keçdikcə artmaqdadır. Bir sıra dövlət proqramlarında, xüsusilə elmin inkişafına dair layihələrdə, ailələrin kompleks elmi-nəzəri və təcrübi tədqiqi milli elmimizin qarşısında duran vacib prioritetlərdən biri kimi qiymətləndirilib. Bütün bunlara görə də Azərbaycan ailəsinin və nikahının məhz xüsusi bir elm - "Ailəlogiya" elmi tərəfindən kompleks tədqiqi, müasir dövrümüz üçün aktual və əhəmiyyətli hesab olunmalıdır.
"Ailəlogiya" kitabında diqqət çəkən əsas məqamlardan biri də tədqiqatlar vasitəsilə ailə ilə bağlı problemlərin üzə çıxarılması və həlli yollarının təklif olunmasıdır. Monoqrafiyada bildirilir ki, milli ailə modelimizin daha da təkmilləşdirilməsi, ailə və ailə münasibətlərində boşluq kimi qiymətləndirilə bilən bir sıra ziddiyyətlərin aradan qaldırılması vacibdir: "Əvvəllər boşanmalara fövqəladə bir hadisə, ailə və onun təmsil olunduğu nəsil üçün çox ağır, əskildici bir təzahür kimi baxılırdı. Bu gün isə belə hallar çox təəssüf ki, adi bir təzahürə çevrilmişdir. Tərəflərin boşanma haqqı və onun reallaşdırılmasına, guya insan hüquqlarının ifadəsi kimi baxılır, qadının və uşağın taleyinə isə faktiki olaraq biganəlik göstərilir. Məhz buna görə son illər ölkədə boşanma halları xeyli dərəcədə asanlaşmış, həm də çoxalmışdır. Ailənin qorunub saxlanılması üçün mümkün olan bütün tədbirləri təmin etmək üçün Ailə Məcəlləsinin bəzi maddələrində dəyişikliklər təklif olunub". 
O da qeyd olunur ki, Elmi Müstəqil ailə məhkəmələrinin yaradılması da vacib və aktual səciyyə daşıyır. Ailə və ailədaxili münasibətlərin qorunması, ailə sirlərinin mühafizəsi, təcrübəli və ixtisaslı hakimlər tərəfindən, ailə və uşaq münasibətləri ilə əlaqədar olan mülki işlərə ixtisaslaşmış məhkəmələrdə baxılması, problemin həlli, ailə münasibətlərinin möhkəmləndirilməsinə, ailələrin qorunmasına əhəmiyyətli təsir göstərə bilər. 
"Müasir ailənin strukturunda valideynlərin və uşaqların yeri və rolu nəzərə alınaraq, onların hər biri haqqında hüquqmüəyyənedici normaların hazırlanmasına və qəbuluna zərurət yaranmışdır", - hüquq elmləri doktoru Səidə Həsənzadə bu məsələlərə kitabda diqqət çəkir. Bu gün Azərbaycan ailəsində uşaqların sayının azalması, ailələrin dağılması, uşaqların dövlət himayəsinə verilməsi, münaqişələrin və ailə zorakılığının, yetkinlik yaşına çatmamışlar və qadınlar tərəfindən törədilən cinayətlərin artması bu sahədə problemlərin hələ də qaldığını təsdiq edir. Dünyada natamam ailələrin artması, tək analar institutunun çoxalması ciddi narahatçılıq doğurduğu halda, bu rəqəm Azərbaycanda ildən-ilə azalmaqdadır. Bu baxımdan ənənəvi Azərbaycan ailəsinin qorunub saxlanması, gənc ailələrin inkişafı hazırda dövlət siyasətinin əsas prioritetləri sırasında yer tutur.
"Ailəlogiya"da göstərilir ki, ailədə tərəflərin bir-birini başa düşməməsi, güzəştə getməməsi, sosial rollarını düzgün dərk etməməsi, məsuliyyətin əsaslarına laqeyd münasibəti, bütün bunların kimin xeyrinə həll ediləcəyi barədə tərəfləri dilemma qarşısında qoyur. Ailə münasibətlərində adətlərlə, ənənələrlə, vərdişlərlə həll edilə bilməyən mübahisələr, münaqişələr ailə zorakılığının hüquq müstəvisində, cinayət-hüquqi vasitələrlə həll edilməsinə gətirib çıxarır. Lakin bunun təzahürü onunla yadda qalır ki, münaqişə tərəflərindən kimsə, təqsirli şəxs məsuliyyətə cəlb edilir, ailələr dağılır və uşaqların taleyi arzuedilməz, ümidsiz bir vəziyyətə düşür. Budur, ailədaxili zorakılığın sosial-siyasi və psixoloji təhlilinin yekun nəticələri. Ailə zorakılığının sosial, siyasi və hüquqi təhlili əsasında, hər şeydən əvvəl, törədilmiş hərəkətlərin cinayət və ya inzibati xəta olub-olmamasını fərqləndirmək məsələsi, işin nəticəsi kimi özünü göstərir.
Buna görə də ailə zorakılığının sosial, siyasi və hüquqi təhlilinin obyektiv, tam və hərtərəfli aparılmasının mühim sosial-siyasi və hüquqi əhəmiyyəti vardır. Onun nəticələri, ailə zorakılığının təhlili, onun nəticələrinin aradan qaldırılması və profilaktikasının gücləndirilməsi üçün mühim elmi-nəzəri və təcrübi əhəmiyyət daşıyır. Hüquq elmləri doktoru Səidə Həsənzadə əminliklə bildirir ki, "Ailəlogiya" problemlərinin elmi-nəzəri təhlilinə və tədqiqinə həsr olunmuş monoqrafiya müasir elm tariximizdə ilk dəfə olaraq müraciət edilən mövzulardan biri olmaqla, müasir Azərbaycan cəmiyyəti, dövləti, ailəsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video