Avropada təbii qaz anbarlarının doluluq səviyyəsinin mövsüm üçün aşağı qalması, neft və neft məhsullarının bahalaşması qış ərəfəsində enerji bazarında yeni risklər yaradıb.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Oikonomikos Tachydromos” (OT) nəşrinin məlumatına görə, Avropanın qaz anbarlarının doluluğu təxminən 67 faiz səviyyəsindədir. Nəşr hazırkı vəziyyəti enerji qiymətlərinin kəskin yüksəldiyi 2022-ci ilin böhran dövrü ilə müqayisə edir.
Yaxın Şərqdə davam edən gərginlik, enerji infrastrukturu və daşımalarla bağlı risklər, eləcə də bazarda ehtiyatların azalması qaz, elektrik enerjisi və yanacağın qiymətlərinə əlavə təzyiq göstərir.
Yunanıstanda vəziyyət xüsusilə qış mövsümü ərəfəsində diqqətlə izlənilir. Hazırkı bazar şərtlərinin davam edəcəyi təqdirdə istilik mazutunun yeni mövsümdə bir litr üçün təxminən 1,80 avroya qədər bahalaşa biləcəyi bildirilir. Ötən mövsümün başlanğıcında qiymət təxminən 1,13 avro idi.
Beləliklə, istilik yanacağının qiymətində təxminən 60 faizə çatan artım riski ev təsərrüfatlarının xərclərinə ciddi təsir göstərə bilər. Yunanıstan hökumətinin mümkün əlavə dəstək tədbirlərini nəzərdən keçirdiyi bildirilir.
Avropa üçün qaz anbarlarının vəziyyəti qışa hazırlığın əsas göstəricilərindən biridir. Soyuq hava şəraitində istehlakın sürətlə artması və alternativ tədarük imkanlarının məhdudlaşması qiymət dəyişkənliyini daha da gücləndirə bilər.
Enerji qiymətlərində yeni yüksəliş yalnız istehlakçı xərclərinə deyil, sənaye istehsalına, nəqliyyata və inflyasiyaya da təsir edə bilər. Buna görə Avropa ölkələri qış mövsümünə qədər həm qaz ehtiyatlarının artırılması, həm də alternativ enerji mənbələrinin genişləndirilməsi istiqamətində tədbirləri sürətləndirirlər.