Azərbaycana qarşı sistemli və davamlı böhtan kampaniyası bir mərkəzdən idarə olunur
"Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti kağız parçası mənə qədim Roma parlamentarisi, natiqi və filosofu Siseronun məşhur deyimini xatırladır. Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən Siseron "Heyif ki, kağız qızarmır" deyirdi və bildirirdi ki, əgər Roma parlamentarilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı".
Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli "Azərbaycan" qəzetinə Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib. O qeyd edib ki, qoca qitənin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çirkli pul müqabilində Ermənistan və erməni diasporu da daxil olmaqla, ayrı-ayrı ölkələrin, təsisatların nüfuz müvəkkilliyini yerinə yetirən parlamentarilərin "meydan suladığı" Avropa Parlamenti öz nüfuzunu çoxdan itirib və parlamentarizm prinsipləri ilə deyil, maraqlarla idarə olunur. Əgər belə olmasaydı, Avropa parlamentariləri ləyaqət hissləri kimi Əsas hüquqlar haqqında Avropa Xartiyasının tələblərini unutmaz və Ermənistan tərəfindən öz evlərindən zorla qovulmuş 300 min azərbaycanlının hüquqlarının müdafiəsi, onların ləyaqətlə geriyə qayıdışının təmin edilməsi ilə bağlı da qətnamə qəbul edərdilər. "Qayıdış hüququ insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətənə qayıtmaq hüququnu təmin edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Beynəlxalq hüququn bu prinsipi, eləcə də insan hüquq və azadlıqları ilə bağlı digər beynəlxalq normalar Ermənistanda konstitusiya səviyyəsində kobud şəkildə pozulub. Belə ki, Ermənistan Respublikasının Konstitusiyasının 11.3-cü maddəsində dolayısıyla və imperativ hüquqi formada yalnız erməni millətindən olan şəxslərə geriyə qayıdış hüququ verilir. Bu, Ermənistanda konstitusion müstəvidə BMT Nizamnaməsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi Konvensiyasının, həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır. Təəssüf ki, Avropa Parlamenti, digər Qərb təsisatları bu günədək Ermənistanın irqçi davranışlarına münasibətdə hər hansı bir mövqe bildirməyiblər", - deyə o əlavə edib.
Deputat deyib ki, Azərbaycana qarşı sistemli və davamlı böhtan, qarayaxma və təzyiq kampaniyalarına gəldikdə isə bu prosesin eyni mərkəzdən idarə olunduğu göz qabağındadır. Proses sinxron şəkildə, ABŞ Dövlət Departamenti, Senatı və Konqresi, həmçinin onların geosiyasi təzyiq elementi və "bəhanə generatorları" kimi ayrı-ayrı sahələr üzrə formalaşdırdıqları "beynəlxalq təşkilatlar", eləcə də Avropa Parlamenti də daxil olmaqla, bir sıra Qərb təsisatlarının iştirakı ilə həyata keçirilir. Əsas məqsəd də 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan və Azərbaycan Ordusunun rüsvayçı məğlubiyyətə uğratdığı təcavüzkar, irqçi Ermənistanı sivilizasiyaların qarşıdurması konsepsiyasına uyğun olaraq, Qərbin forpostu kimi gücləndirməkdən və daim münaqişə yaratmaq, təxribat törətmək potensialına malik olmasını təmin etməkdən ibarətdir. Başqa bir amil isə Ermənistanın öz fundamental öhdəliklərini təmin etmədən, onun istədiyi və gələcəkdə xarici müdaxilə, təzyiqlər üçün imkan yarada biləcək yarımçıq sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Bu həm də xarici siyasətdə rüsvayçı məğlubiyyətlərə imza atan "demokratlar"ın seçki kampaniyasında "uğur" kimi təqdim edə biləcəkləri təbliğat elementi kimi onlara lazımdır.
E.Mirzəbəyli vurğulayıb ki, digər bir məsələ isə Azərbaycanın COP29-un təşkilindən əldə edəcəyi yüksək dividendlərin üzərinə öncədən kölgə salmaq istəyi ilə bağlıdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"