05 Fevral 2025 08:20
905
Təhsil
A- A+
Attestatla xaricdə təhsil bəlası

Attestatla xaricdə təhsil bəlası


Azərbaycanda imtahanlardan yaxşı nəticə qazana bilməyən gənclərin seçimi çox zaman uğursuz olur


Son illərdə gənclər ali təhsil almaq üçün alternativ yol kimi attestatla xaricdə təhsil almağa üz tuturlar. Ölkəmizdə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında istədikləri ixtisaslar üzrə bal toplaya bilməyənlər, bəzən isə, ümumiyyətlə, keçid balını belə keçə bilməyəcəyini düşünən məzunlar çıxış yolunu attestatla təhsil almaqda görürlər. Necə deyərlər, əziyyətsiz, həyəcansız ali məktəbə qəbul... 

Təbii ki, belə asan qazanılan uğurun sonradan "əmma"sı da ortaya çıxır. Bəs attestatla ali təhsil təklif edən xarici universitetlərin tədris keyfiyyəti necədir və bu ali təhsil müəssisələri tələbələrə həmin ixtisas üzrə lazımi bilik və bacarıqları verə bilirmi?

Xaricdə attestatla təhsil alanların əksəriyyətinin ixtisas üzrə sadə biliklərə belə malik olmadığı özünü göstərir. Xaricdə təhsil alanların diplomlarının tanınması üçün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir. Agentlik digər ölkələrin ali təhsil müəssisələrinə hansı yolla qəbul olmalarına baxmayaraq, həmin şəxslərin diplomlarının Azərbaycanda mövcud olan kvalifikasiyaya uyğunluğunu yoxlayır. Kvalifikasiyalar arasında əhəmiyyətli fərq aşkar edildikdə və ya həmin kvalifikasiya Azərbaycanda mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda diplom tanınmır.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün xidmət haqqı 250 manat təşkil edir. Bəs bu prosedur həmin şəxslərin ixtisaslı kadr olub-olmadığını, ümumiyyətlə, bir dəfə olsun dərslərdə iştirak edib-etmədiyini tam təsdiqləyirmi?


Təhsil üçün ən çox bu ölkələrə üz tuturlar


Təhsildə Keyfiyyət Təminatı Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir. 

Akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil verən ölkənin ərazisində təhsilin normativ müddətdən azlığı, saxta diplom, təhsil forması, tədris yükünün normativdən az olması müraciətlə bağlı mənfi qərarın verilməsinə səbəb ola bilər. 

Son 5 il ərzində Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Birləşmiş Krallıq universitetlərində təhsilalanlardan diplomların tanınması ilə bağlı daha çox müraciət daxil olur. İxtisasa gəlincə isə ən çox müraciət hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, menecment, biznesin idarə edilməsi, tibb, stomatologiya, beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, yanğın təhlükəsizliyi mühəndisliyi üzrədir. "Bakalavriat, magistratura və əsas (baza ali) tibb təhsili səviyyələri üzrə müraciət edənlər daha çoxdur. Müraciət edənlərdən 20-25 yaş aralığında olan kişilərin sayı üstünlük təşkil edir", - deyə məlumatda qeyd olunub.

Agentlikdən o da bildirilib ki, diplomların tanınması qaydası ilə bağlı hazırda dəyişikliklər gözlənilmir.

Qeyd edək ki, xaricdə təhsil alan vətəndaşların təhsil aldıqları ali təhsil müəssisəsinə hansı şəkildə qəbul olunduqlarına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyində məlumat mövcud deyil.


Diplom xatirinə təhsil


Milli Məclisin deputatı Ceyhun Məmmədov təəssüflə qeyd edib ki, hər il minlərlə şəxsin attestatla xaricə təhsil almağa getdiyi müşahidə edilir. Attestatla Türkiyədə təhsil alanlar daha çoxdur. Azərbaycanda ali məktəbə qəbul üçün imtahan sisteminin tətbiqi doğru qərardır. 

Müsahibimiz qeyd edib ki, hansı yolla daha çox gəncin ali təhsil almasına şərait yarada bilərik deyə düşünməliyik. Attestatla təhsilin məhdudlaşdırılması və ya icazə verilməməsi gündəmə gəlməlidir. "Bu gün təkcə Türkiyədə 50 minə yaxın tələbənin bir hissəsi attestat, digərləri dövlət xətti ilə təhsil alır. Bu da zaman-zaman böyük problemlər yaradır. Təkcə Türkiyədə bu qədər tələbə təhsil alırsa, bu, böyük vəsaitin ölkədən axınıdır. Maliyyə axınının qarşısını almaq üçün müəyyən məsələləri həll etməli, müvafiq normalar müəyyənləşdirilməlidir", - deyə o əlavə edib. 

Attestatla təhsil alanların məqsədlərinin fərqli olduğunu qeyd edən deputat bildirib ki, reallıq odur ki, onların çoxu təhsilini başa vura bilmir. Həmin şəxslər ya oxuya bilmirlər, ya da onlara müəyyən güzəştlər edilsə belə, yenə bacarmayıb təhsillərini yarımçıq qoyub geri qayıdırlar. Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi imtahanlarda düşən sualların çətinliyi də xaricə üz tutanların sayının artmasına səbəb olur. Yəni attestatla xaricdə təhsil almağı seçənlərin əksəriyyəti Azərbaycanda qəbul imtahanlarında uğur qazana bilməyən gənclərdir. 

Attestatla universitetə qəbul olanlarda məsuliyyətin formalaşmasının mümkün olmadığını deyən C.Məmmədov vurğulayıb ki, onların bəziləri hərbi xidmətdən yayınmaq istəyənlər, digərləri isə diplom xatirinə təhsil almağa gedənlərdir: "Burada hansısa yüksək keyfiyyət və məsuliyyətdən söhbət gedə bilməz. Türkiyə bizə dost ölkədir, amma orada 50 minə yaxın azərbaycanlı gəncin təhsil alması özü də sual yaradır. Əksəriyyəti özəl universitetlərə yüksək təhsil haqqı ödəyirlər. Bəzi universitetlər var ki, onların əsas hədəf və məqsədi biznes qurmaqdır. Onlar bu fəaliyyəti pul qazanmaq üçün seçirlər". 

C.Məmmədov sonda vurğulayıb ki, təhlillər bu il xaricə gedən tələbələrin sayının Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olunanlardan daha az olduğunu göstərir.


Fərqli qəbul şərtləri tələbələrin xaricdə təhsil axtarma meylini azalda bilər


Attestatla ali təhsil müəssisələrinə qəbul prosedurunun müxtəlif olduğunu deyən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hazırda V qrup üzrə ali məktəblərə qəbul attestat imtahanının nəticələri ilə həyata keçirilir. Amma hər kəs başqa ölkəyə təhsil sənədi olan attestat ilə qəbul ola bilir. Bunun müsbət tərəflərindən biri tələbələr üçün ali təhsil müəssisələrinə daha əlverişli qəbul yolunun təmin edilməsidir. "Azərbaycanda qəbul imtahanlarında iştirak edib yüksək bal toplaya bilməyən, lakin orta məktəbi müvəffəqiyyətlə başa vuran şagirdlər üçün xaricdə təhsil almaq alternativ ola bilər. Bununla yanaşı, bu prosedur tələbənin hədəflərinə uyğun universiteti, ixtisası seçməsinə imkan yaradır və qəbul stresi yaşamadan təhsilini davam etdirir", - deyə o əlavə edib.

Attestatla qəbulun mənfi tərəflərindən danışan ekspert qeyd edib ki, bəzən tələbənin seçdiyi universitetin keyfiyyəti və tədris səviyyəsi kifayət qədər yüksək olmur. Xarici ölkələrdə attestatla qəbul aparan bəzi ali təhsil müəssisələri keyfiyyətsiz təhsil verməklə və maliyyə gəlirləri üçün bu cür proqramlar təklif etməklə məşğuldurlar. Bundan əlavə, attestatla qəbul olan tələbələr bəzən yüksək akademik standartları olmayan universitetlərdə təhsil alırlar ki, bu da onların həmin sahədə peşəkar bilik və bacarıqlara yiyələnmələrinə mənfi təsir göstərə bilir.

K.Əsədov vurğulayıb ki, attestatla xaricdə təhsil seçimi ilə bağlı əsas məsələlərdən biri də xarici universitetlərə maliyyə axınının artmasıdır: "Hər il minlərlə tələbə xaricdə təhsil almağa gedir, bu da ölkədən kənara əhəmiyyətli miqdarda maliyyə vəsaitlərinin axınına səbəb olur. Azərbaycan universitetlərində belə bir sistemin tətbiqi hələ geniş müzakirə olunmayıb, lakin yerli ali təhsil müəssisələrində daha çevik qəbul modellərinin tətbiqi bu maliyyə axınının qarşısını qismən ala bilər. Yerli universitetlərdə daha fərqli qəbul şərtləri və prosedurların tətbiqi tələbələrin xaricdə təhsil axtarma meylini azalda bilər. Azərbaycan universitetlərində qəbul prosedurlarının müxtəlifləşdirilməsi, xüsusilə beynəlxalq təhsil modellərinə uyğunlaşdırılması bu istiqamətdə yeni addım olar. Lakin bu təşəbbüslər hələ ki, geniş yayılmayıb və rəsmi olaraq tətbiq olunmayıb".


Xaricdə təhsilə tələbat DİM-in imtahan sisteminin çətinliyi ilə bağlıdır


Attestatla xaricdə təhsil alıb qayıdanların peşə bacarıqları və akademik səviyyələri arasında bəzən ciddi fərqlər olduğunu deyən ekspert qeyd edib ki, onların bir qismi yüksəkixtisaslı mütəxəssis olaraq geri qayıdır və öz sahələrində uğurlu karyeraya başlayırlar. Lakin digər qrup tədris keyfiyyətinin aşağı olduğu universitetlərdə təhsil alır və onların peşəkar bacarıqları Azərbaycanda təhsilli mütəxəssislərlə müqayisədə zəif olur. Burada tədris prosesinin keyfiyyəti və tələbənin şəxsi inkişaf səviyyəsi vacib rol oynayır. "Həmin şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahan sisteminin tətbiqi mümkündür. Həm nəzəri, həm də praktiki qiymətləndirmə ilə onların real potensialı üzə çıxarıla bilər. Amma bir imtahan bütün bacarıq və bilikləri tam əhatə etməyə də bilər. Bütünlüklə, işəgötürənlər həm nəzəri bilikləri, həm də praktiki təcrübələri dəyərləndirərək daha geniş qiymətləndirmə aparmalıdırlar", - deyə o bildirib.

K.Əsədov vurğulayıb ki, attestatla xaricdə təhsilə yönələn tələbələrin artmasının səbəblərindən biri Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi imtahan sisteminin guya çətinliyi ilə bağlıdır. Bəzi abituriyentlər yüksək bal toplamağın çətinliyindən çəkinib xaricdə təhsili daha asan və əlverişli bir yol kimi görürlər. DİM imtahanlarında yüksək ballar tələb olunur, bu isə müəyyən qrup tələbələr üçün ciddi bir baryerə çevrilir. Statistik göstəricilər də hər il DİM imtahanlarında tələbələrin bir hissəsinin uğur qazana bilmədiyi üçün xaricdə ali təhsil almaq üçün alternativ yollar axtardığını göstərir.

Xarici universitetlər attestatla daha asan qəbul prosedurları təklif etdikləri üçün bu yol tələbələr arasında populyarlıq qazanır və bu, bir növ təhsil turizminin inkişafına səbəb olur və xarici ali məktəblərin Azərbaycan bazarına girişi üçün fürsətlər yaradır.


Belə qəbul tələbənin üzərinə düşən məsuliyyəti azalda bilər


"İmtahansız, əziyyətsiz, həyəcansız qəbul həmin şəxsin dərslərinə qarşı hansı məsuliyyəti formalaşdıra bilər" sualını isə ekspert belə cavablandırır: "Asanlıqla hədəfə çatmaq tələbədə kifayət qədər məsuliyyət hissi oyatmır. İmtahanların və qəbul proseslərinin çətinliyi onlarda səylə işləmə və öz peşələrinə ciddi yanaşma vərdişini inkişaf etdirir. Xaricdə attestatla təhsil alan bəzi tələbələr prosesin asan olması səbəbindən təhsillərinə ciddi yanaşmaya bilərlər. Bu da onların ixtisaslarının səviyyəsinə  və gələcək karyeralarına təsir göstərər.

Təhsil sistemində tələbənin öz əziyyəti və səyi ilə nəticə əldə etməsi çox vacibdir. Attestatla qəbul yalnız bu hədəfə çatmaq üçün tələbənin üzərinə düşən məsuliyyəti azalda bilər. Lakin bütün hallarda belə bir yanaşmanı ümumiləşdirmək olmaz, çünki tələbələrin motivasiya dəyərləri və şəxsi hədəfləri fərqlidir, bu da onların təhsil uğurlarına təsir edir.

Onun sözlərinə görə, attestatla təhsil alanların öz sahələrində necə inkişaf etdiyi yalnız onların fərdi səylərinə və seçdikləri təhsil müəssisələrinin keyfiyyətinə bağlıdır. Azərbaycanda təhsil sahəsində qarşıda duran əsas problemlərdən biri tələbələrdə motivasiyanı artırmaq və onlara akademik məsuliyyət hissi aşılamaqdır. Buna görə qəbul sisteminin həm ali təhsil müəssisələri, həm də tələbələr üçün daha uyğun və tələbəyönümlü olması vacibdir.


Xaricdə təhsillə öyünən "ixtisaslı kadr"lar


Deyilənlərdən, apardığımız müşahidələrdən, həmçinin attestatla xaricdə təhsil alanlarla söhbətimizdən də aydın olur ki, bu cür təhsil almaq seçimində əsas məqsəd asan çıxış yolu olmasıdır. Yəni Azərbaycanda qəbul imtahanlarına əziyyət çəkib hazırlaşmaq istəməyən və ya hazırlaşdığı halda öz biliyinə, lazımi balı toplaya bilməyəcəyinə güvənməyən, həmçinin diplom qarşılığında iş vəd edilənlər xaricdə attestatla ya əyani, ya da qiyabi təhsili seçirlər. Bu zaman bəzən seçilən universitetin yüksək təhsil standartlarına nə dərəcədə cavab verdiyi nəzərə alınmır. 

Bəzən isə yaxşı təhsil verən ali təhsil müəssisələrinə qəbul olanlar dərslərin çətinliyi qarşısında tab gətirə bilməyib universiteti yarımçıq qoyaraq geri dönürlər. Keyfiyyətsiz təhsil verən universitetlər isə hansı yolla olursa-olsun, təhsil haqqını vaxtlı-vaxtında ödəyən tələbəni diplom ilə təmin edir. Beləliklə, həmin "ixtisaslı kadr"lar Azərbaycana geri dönərək xaricdə təhsilləri ilə öyünürlər. Onların diplomlarının tanınıb-tanınmaması isə məsələnin digər tərəfidir. Bəzən əziyyət çəkmədən, ixtisasına yiyələnmədən aldığı kağız parçasının ölkəmizdə tanınmasının da, əslində, o qədər önəmi olmur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub  

10:59
20 Mart

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

10:57
20 Mart

KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir

09:20
20 Mart

Novruz bayramı rənglər dünyasında

09:15
20 Mart

Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi

09:10
20 Mart

Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü

09:05
20 Mart

İrəvan çıxılmaz durumdadır

09:00
20 Mart

Zəfər coşqulu Novruz

08:55
20 Mart

Ermənistan sülh prosesinə təxribatla cavab verir

08:50
20 Mart

Ermənistan sülhlə yox, odla oynayır

08:45
20 Mart

Hayastana etibar yoxdur

08:40
20 Mart

Novruz ənənələrində hər bölgənin izi var

08:35
20 Mart

Ağdamda bayram tonqalları şölələndi

08:30
20 Mart

Tərtərdə bayram sevinci yaşandı

08:25
20 Mart

Maskalar yırtılır, həqiqətlər üzə çıxır

08:20
20 Mart

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiqli sonu

08:15
20 Mart

USAID casus şəbəkəsi ifşa olundu

08:10
20 Mart

USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 

08:05
20 Mart

Son 5 ilin Novruzu

08:00
20 Mart

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 

01:51
20 Mart

"Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında

01:50
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!