“AnewZ” telekanalı “Frontline” sənədli filmlər silsiləsindən regionun ən mürəkkəb, eyni zamanda, az öyrənilmiş ölkələrindən birində siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr olunmuş yeni “Liviya: Qəddafinin devrilməsindən 15 il sonra” sənədli filmini təqdim edib.
Bu barədə AZƏRTAC-a sənədli filmin yaradıcıları məlumat veriblər.
Qeyd olunub ki, 2011-ci il hadisələrindən 15 il sonra Liviya strateji resurslar və dövlətin gələcəyi uğrunda mübarizənin davam etdiyi rəqabətli güc mərkəzlərinin, silahlı qrupların və xarici təsirlərin məkanı olaraq qalır. Əsas geosiyasi əhəmiyyətinə baxmayaraq, orada baş verənlərin çoxu beynəlxalq medianın diqqətindən kənardadır.
Çəkiliş qrupu strateji obyektlərə, qapalı məkanlara və xarici jurnalistlərin bir qayda olaraq yaxınına buraxılmadığı əsas qərar qəbul edən fiqurlara unikal giriş əldə edib. Bəzi hallarda jurnalistlər rəsmi icazə olmadan, riskə gedərək kadr arxasında tez-tez gizlənənləri göstərmək üçün çalışıblar və məhz bu epizodlar filmin vacib, prinsipial hissəsini təşkil edir.
Jurnalist Anastasiya Lavrina və rejissor Bəhruz Qədirovun rəhbərliyi ilə çəkilən filmdə eksklüziv süjetlər, hökumət rəsmiləri, ekspertlər və yerli sakinlərlə müsahibələr yer alır.
Anastasiya Lavrina qeyd edir: “Bizim üçün vacib olan Liviyanı “uğursuz dövlət” kimi standart başlıqlar ilə göstərmək deyil, baş verənlərin mahiyyətinə nəzər salmaq idi. Ölkəyə real bərpa cəhdləri, sabitlik və gələcək uğrunda mübarizə aparan liviyalıların prizmasından baxmaq istəyirdik. Bəzən bu, yüksək riskli şəraitdə işləməyi tələb edirdi, amma əsl hekayə də elə məhz buradadır”.
Sənədli tədqiqatın mərkəzində duran əsas sual bundan ibarətdir: Müəmmər Qəddafinin devrilməsindən ötən 15 il sonra Liviyada vəziyyət necədir və onun gələcəyini hansı güclər formalaşdırır?
Layihə telekanalın regionlardan dərinməzmunlu, yerində çəkilən reportajların yaradılması missiyasını davam etdirir.
Sənədli film artıq “AnewZ” telekanalının platformalarında yerləşdirilib.