21 May 2023 10:10
609
Təhsil
A- A+

Amerikadan qızıl medalla qayıtdı

 

İlk dəfə onu görəndə Amerikada keçirilən olimpiadadan yenicə qayıtmışdı. Təhsil aldığı məktəbin müəllim kollektivi, sinif yoldaşları, dostları onu sevinclə qarşılayıb, gül-çiçəyə bülənd etmişdilər. Güllərin arasından zərif bir çiçək kimi boylanan Qəndab "Uğurlarım üçün ilk növbədə müəllimlərimə borcluyam. Bu tək mənim yox, məktəbimizin, valideynlərimin bütövlükdə Azərbaycanımızın uğurudur", - dedi. 
Sadə, zərif, istiqanlı və olduqca səmimi olan bu gənc qızın içində Azərbaycan boyda bir vətən sevgisi olduğunu duymamaq mümkün deyil. İstedadı, biliyi, zəkası ilə Azərbaycanı dünyaya tanıtdıran Qəndab Məmmədova ilə bir qədər yaxından tanış olaq.  
Q.Məmmədova Bakı şəhər 279 saylı məktəbin 11-ci sinif şagirdidir. O, kiçik yaşlarından öyrənməyə və hansısa problemi həll etməyə daha çox meyilli olub. Fizika, astronomiya, riyaziyyat fənlərinə, eləcə də proqramlaşdırma dillərinə böyük həvəs göstərib. O, 9-cu sinifdə ilk dəfə respublika olimpiadasında fizika fənni üzrə qalib oldu. Fizika fənni üzrə olimpiadada iştirak edən qızların sayı az  olsa da, həvəsdən düşmədi, hətta bu, onun üçün bir stimula çevrildi. Qəndab deyir ki, elmdə zəriflik olmur, zəiflik olur. Böyük amallar uğrunda çalışırsansa, zəif olmamalısan. Nəticədə 10-cu sinifdə yenə respublikada riyaziyyat-fizika olimpiadasında (fizika fənni üzrə) gümüş medala sahibləndim. Getdikcə maraq dairəm məni astronomiyaya apardı. Elə həmin il respublika astronomiya olimpiadasından qızıl medal alaraq İOAA-da (Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında) Azərbaycanı təmsil edən 5 üzvdən biri oldum. Daha sonra İPHO 2022-ə (Beynəxalq Fizika Olimpiadasına) seçilən ilk azərbaycanlı qız olaraq daha bir uğura imza atdım.
Qəndab öz üzərində çalışmağı çox sevir. Deyir ki, fizika ilə astronomiya bir ailənin iki üzvü kimi doğma elmlərdir. Bunları yaxşı bilənin üzünə elmin gücü ilə digər qapıları da açmaq olur. Elə Qəndab da bekar durmayıb. Olimpiadada qızıl medala sahib olandan sonra həmin ilin yayında əlavə məşğuliyyət kimi c++ proqramlaşdırma dilini öyrənməyə başlayıb. 
İnsana xas olan bir çox şey fərdidirsə, elm fərdi deyil. Gərək ondan bəhrələnib xalqına, vətəninə pay verəsən. Elmin nuru ilə işıq salmağı bacarasan. Elə bu məqsədlə də fizikanı geniş audiotoriyada uşaqlara sevdirmək üçün "Gələcəyin dahiləri" layihəsi adı altında yutub kanalında fizikaya aid olimpiada suallarının izahlı həllərini paylaşmağa başlayır. Hazırda həmin kanalı (Qəndab & Mehdi) qardaşı Mehdi ilə birlikdə idarə edir. Məqsəd şagirdlərdə texniki fənlərə qarşı marağın artırılması və hər bir azərbaycanlı şagirdə olimpiada dərslərini əlçatan etməkdir. 
Qəndab Məmmədovanın son iştirak etdiyi olimpiada ABŞ-nin Texas ştatı, Hyuston şəhərində Rice Universitetində təşkil olunmuş Global Copernicus Olympiad Amerika olub. Xatırladaq ki, bu mötəbər olimpiadada ölkəmizin yeganə təmsilçisi də Qəndab olub. O deyir ki, olimpiada müddətində NASA və Rice University kimi dünyaca məşhur məkanları görmək, fərqli mədəniyyətlərlə yaxından tanış olmaq, düşünürəm ki, mənə çox şey verdi. Bir həftə ərzində çox təcrübə qazandım, sonda fizika və astronomiya fənləri üzrə imtahan verərək dünya üzrə öz kateqoriyamda top 3-lüyə  (1-ci yer) düşərək qızıl medala layiq görüldüm. Doğrusu, bunu öyrəndiyim an Vətənim üçün az da olsa nə isə etdiyimə görə özümü çox xoşbəxt hiss etdim. İndi düşünürəm ki, əsl uğurlu insan daim araşdıran, sahəsinə sonsuz məhəbbəti olan və hər zaman hər andan faydalanan,  axtarışda olan insanlardır. Məqsəd bircə dəfə nəyi isə əldə etməkdirsə, onun üçün min dəfə cəhd etməkdən qorxmamalıyıq!
Qızıl medal mükafatçısı Qəndab Məmmədova bizimlə söhbətində gələcək planlarından da danışdı: "Hazırda "Gələcəyin dahiləri" layihəsinin inkişafı üçün çalışıram. Eyni zamanda İT sahəsində də müxtəlif layihələrə müraciət edirəm. Bu yaxınlarda Baku American Center-in keçirdiyi "Gələcəyini Proqramlaşdır" proqramı çərçivəsində müraciət etdiyim layihədən müsbət cavab alaraq ödənişsiz dərslərə qoşulmaq imkanı qazanmışam. Onu da deyim ki, "Azercosmos"un dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən "Space Generation"a spiker olaraq dəvət olunmuşam. Bundan sonra isə hər il beynəlxalq səviyyədə keçirilən, bu il isə Bakıda baş tutacaq NASA, SpaceX kimi şirkətlərin iştirak etdiyi İAC-ə  (Beynəlxalq Astronovtika Konqresinə) abstrakt 95 ölkədən 3532 məqalə arasından seçilmiş yazımıza görə dəvət almışıq. İndi atdığımız addımlar gələcəkdə bizim kim olacağımızı müəyyənləşdirir, bu səbəbdən daim "öyrədərək öyrənmək"dir məqsədim".
Qəndabın uğurlarına sevinməmək olmur. Hiss  edirik  ki, bu, hələ uğurların  başlanğıcdır. Ümid edirik ki, daha çox yazılacaq səhifələr hələ qarşıdadır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video