Kibertəhlükəsizlik müasir rəqəmsal cəmiyyətin ən vacib təhlükəsizlik istiqamətlərindən birinə çevrilib. Rəqəmsal texnologiyaların və süni intellektin sürətli inkişafı fonunda fərdlərin, təşkilatların və dövlət qurumlarının kibertəhlükələrdən qorunması strateji əhəmiyyət daşıyır.
AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlamasında rəqəmsallaşma şəraitində kibertəhlükəsizliyin aktuallığı, əsas təhdidlər və vətəndaşların bu sahədə məsuliyyəti barədə danışıb. O bildirib ki, rəqəmsallaşma həyatın bütün sahələrini əhatə etdiyindən kibertəhlükəsizlik məsələləri də getdikcə aktuallaşır. Mobil telefonlardan, kompüterlərdən, elektron xidmətlərdən və rəqəmsal dövlət platformalarından geniş istifadə artıq müasir dövrün reallığıdır. Süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi cəmiyyətə mühüm üstünlüklər qazandırmaqla yanaşı, yeni risklər də yaradır.
Akademik qeyd edib ki, insanlar, müxtəlif təşkilatlar, banklar, dövlət qurumları kibercinayətkarların hədəfinə çevrilə bilir. Bu sahənin inkişafı kibertəhlükəsizliyin ayrıca fəaliyyət sahəsi kimi formalaşmasına səbəb olub. Kibertəhlükələrin arxasında yüksəkixtisaslı proqramçılar dayanır və onlar təkcə texniki üsullardan deyil, həm də sosial mühəndislik metodlarından istifadə edərək insanların və təşkilatların zəif tərəflərini müəyyənləşdirirlər.
R.Əliquliyev bildirib ki, kibercinayətkarlar biometrik məlumatları ələ keçirməyə, bank kartlarına müdaxilə etməyə, şəxslərin adından qanunsuz əməliyyatlar həyata keçirməyə, onların şəxsi məlumatlarından və rəqəmsal kimliyindən sui-istifadə etməyə çalışırlar. Bu baxımdan kibertəhlükəsizlik cəmiyyətin ümumi təhlükəsizlik sisteminin dayaqlarından birinə çevrilir.
Akademikin sözlərinə görə, kibertəhlükəsizliyin qarşısında duran vəzifələr fərdlər, təşkilatlar və dövlət qurumları üçün fərqlidir. Lakin ümumi məqsəd dövlətin, müxtəlif təşkilatların, biznes subyektlərinin və vətəndaşların şəxsi məlumatlarının etibarlı şəkildə qorunmasını təmin etməkdir.
O vurğulayıb ki, digər mühüm vəzifələrdən biri dövlət qurumları və təşkilatlar tərəfindən yayılan məlumatların saxtalaşdırılmasının qarşısının alınmasıdır. Bundan əlavə, açıq informasiya mühitində dezinformasiyanın yayılması, xüsusilə uşaqlara və cəmiyyətə mənfi təsir göstərən məzmunun qarşısının alınması kibertəhlükəsizliyin prioritet istiqamətlərindəndir.
R.Əliquliyev qeyd edib ki, kibertəhlükəsizliyin təmin edilməsində vətəndaşların da üzərinə mühüm məsuliyyət düşür. Onun sözlərinə görə, hər bir şəxs kompüterini və mobil telefonunu kibertəhdidlərdən qorumaq üçün zəruri təhlükəsizlik tətbiqlərindən istifadə etməyi bacarmalıdır.
Akademik əlavə edib ki, məktəblərdə və ali təhsil müəssisələrində bu sahədə müəyyən biliklər tədris olunsa da, vətəndaşların kütləvi şəkildə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal savadlılığın əsas dayaqlarından biri məhz kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların formalaşdırılmasıdır.