04 Fevral 2025 08:25
1237
Səhiyyə
A- A+
Akademik Əhliman Əmiraslanov: "Xərçəng müalicə olunan xəstəlikdir"

Akademik Əhliman Əmiraslanov: "Xərçəng müalicə olunan xəstəlikdir"


2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Qəzetimizin müxbiri tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovla görüşüb ölkəmizdə və dünyada xərçəng xəstəliyi ilə mübarizənin necə aparılması ilə bağlı müsahibə alıb.

- Əhliman müəllim, xərçəng həmişə insanların çox qorxduğu xəstəlik olub. Hətta  ardıcıl üç gün kimin başı ağrıyırsa, xərçəngdən şübhələnərək istər-istəməz bu  xəstəliyin əsarəti altına düşür. Bu bir həqiqətdir ki, bəzi ağır xəstəliklərin dərmanları tapılsa da, xərçəng əlacsız dərdlər sırasında uzun illərdir ki, birinciliyini qoruyub saxlayır. Gəlin söhbətimizə xərçəng nədir və onun yaranma səbəblərini izah etməklə başlayaq.

- Xərçəng məfhumu təsadüfən tibbi terminologiyaya daxil olsa da, uzun illərdir ki dilimizdə işlənir. Süd vəzi xərçənginin vaxtı keçmiş mərhələdə yayılmış forması bir qədər xərçəngin xarici görünüşünə bənzəməsi ilə bu xəstəlik belə adlanıb. Bədxassəli şişlərin dünyada sürətli artımı bu gün böyük narahatlıq yaradır. Nəyə görə bu belədir? Xərçəng insanlar arasında ən böyük tələfat verən iki xəstəlikdən biridir. Birinci yerdə urək-damar patologiyası durur. Bütün ölümlərin 60-65 faizi ürək-damar patologiyası ilə bağlıdır. Ondan sonra sayca ən çox insanlar xərçəng xəstəliyindən dünyasını dəyişir.

Xərçəng məfhumu altında böyük xəstəliklər qrupu birləşib. Bəzən insanlar arasında belə fikirlər də yayılır ki, yəqin hansısa bir kəşf olacaq, bütün bədxassəli şişlərin problemləri həll ediləcək. Əlbəttə, bu cür düşünmək yanlış olar. Bədxassəli şişlər adı altında 100-dən çox xəstəlik növü birləşir. Bunların da hər birinin həm  əmələ gəlmə səbəbi, həm onun patofiziologiyası, gedişi, klinikası, hətta proqnozu bir-birindən tamamilə fərqlənir. Deyək ki, ağciyər xərçəngi üçün tamam başqa bir müalicə üsulu, süd vəzi xərçəngi üçün bir başqa, mədə xərçəngi üçün bir ayrı üsul tətbiq olunur. Xərçənglər bircinsli olmadığı üçün onunla mübarizə də fərqlidir. Bu fərqliliklər də öz növbəsində mübarizəni çətinləşdirir. 

İnsanları təbii olaraq narahat edən də bu xəstəliklərin artmasıdır. Bu artımın isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri insanların orta ömür yaşama müddətinin artmasıdır. Adətən, bədxassəli şişlər yaşlı insanların xəstəliyi hesab olunur. Demək olmaz ki, gənclərdə, uşaqlarda bu xəstəliyə təsadüf olunmur. Çox təəssüf ki, o yaş qruplarında da rast gəlinir. Yaşlı insanlarda bu bir neçə dəfə çox müşahidə edilən xəstəlikdir.

Dünyada elə ölkələr var ki, orta yaş 90-a çatıb. Bir çox Avropa ölkələrində orta yaş 80-nin üstündədir. O cümlədən bizdə də orta yaş artdıqca bu xəstəliklərin də sayı artır. Xəstəliklərin digər artım səbəbi ətraf mühitlə bağlıdır. Ətraf mühitin çirklənməsidir, qlobal istiləşmədir, qəbul etdiyimiz içməli sudur, qidalardır, aldığımız havadır. Bunların hamısı, ətraf mühitdə baş verən kataklizmlər birmənalı olaraq insanlar arasında bədxassəli şişlərin əmələ gəlməsini artıran səbəblərdir. İndi statistiklərin belə bir fikri var ki, planetimizdə yaşayan hər 6 nəfərdən birinin bədxassəli şişlərə tutulma ehtimalı var. Bu, çox ciddi bir problemdir. 

Məlum olub ki, ekologiyadan başqa hüceyrələrin mutasiyası da bədxassəli şişlərin artmasında çox vacib rol oynayır. Onu da qeyd etməliyəm ki, çox böyük olmasa da, bədxassəli şişlərin yaranmasında irsiyyət faktorunun da rolu  var. 

Mən siqaret çəkmək faktorunu da xüsusi olaraq vurğulamaq istəyirəm: "Ən çox təsadüf olunan ağciyər xərçənginin yaranma səbəbi bilavasitə siqaretçəkmə amili ilə  bağlıdır. Siqaret çəkənlərlə çəkməyənləri müqayisə etsək görərik ki, siqaret çəkənlərin bu xəstəliyə tutulma təhlükəsi çəkməyənlərdən 10-15 qat artıqdır. Bir çox şişlərin əmələ gəlməsində alkoqolun rolu da artıq təsdiqlənib. Piylənmə faktoru da bədxassəli şişlərin yaranmasına səbəb olur. Bütövlükdə götürəndə bunların hamısı son dövrdə bədxassəli şişlərin artımına gətirib çıxarıb.

Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü ilin əlimizdə dəqiq hesabatı yoxdur. 2023-cü ilin hesabatına görə, bir ildə planetimizdə 20 milyon insan bu xəstəliyə mübtəla olub. Əgər belə davam edərsə, 2050-ci ildə bu rəqəmin artaraq 35 milyon olacağı proqnozlaşdırılır.

- İnsanlarda daha çox hansı şişlərə təsadüf olunur? 

- Bütövlükdə götürəndə insanlar arasında  ən çox təsadüf olunan xərçəng forması ağciyər xərçəngidir. Bütün bədxassəli şişlərin 12,6 faizdən çoxunu ağciyər xərçəngi təşkil edir. Ondan sonra qadınlarda olan süd vəzi xərçəngidir. Hər il dünyada 2 milyon 300 minə yaxın qadına süd vəzi xərçəngi diaqnozu qoyulur ki, bu da dünyada bədxassəli şişlərə yoluxanların ümumilikdə 11,6 faizi deməkdir. Sonra gələn yoğun bağırsaq və prostat xərçəngidir. Dediklərimi yekunlaşdırsaq, ən çox təsadüf olunan xərçəng forması ilk beş yerdə ağciyər xərçəngi, süd vəzi xərçəngi, yoğun bağırsaq, prostat vəzinin xərçəngi və mədə xərçəngi gəlir. Bu, əsas 5 nazoloji forma bədxassəli şişlərin tam əksəriyyətini təşkil edir.

- Əhliman müəllim, dünyada və Azərbaycanda xərçəngə qarşı mübarizə sizi qane edirmi? Xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan üsullar ümidvericidir?

- Bədxassəli şişlərin müalicəsi ilə bağlı müxtəlif fikirlər var. Ümumiyyətlə, xərçəng müalicə olunan xəstəlikdir. Əhali arasında çox yanlış bir fikir formalaşıb ki, bədxassəli şiş diaqnozu qoyuldusa, demək, xəstənin taleyi həll olunub. Bu belə deyil. Bu gün onkologiyanın imkanları kifayət qədər genişdir. Bu xəstəliklərə düçar olan insanların  müalicə olunaraq tamamilə sağalıb ailəyə, cəmiyyətə, həyata qayıtmaları  üçün çox böyük şans yaranıb.

Bədxassəli şişlərin müalicəsində üç əsas üsul tətbiq edilir: cərrahi müalicə, şüa müalicəsi və dərman müalicəsi. Bu müalicə üsullarının hər biri get-gedə təkmilləşir və imkanları genişlənir. Cərrahi əməliyyatlar geniş miqyasda həyata keçirilir. Bir çox şişlərin cərrahi müalicəsində son vaxtlar hətta robotik-cərrahi üsullardan da uğurla istifadə edilir. Digər cərrahi müalicə də get-gedə təkmilləşir. Şüa müalicəsində də son zamanlar çox böyük uğurlar var. Ən müasir şüa müalicəsi üçün aparatlardan istifadə olunur. Əvvəllər biz "Kobalt" deyilən aparatdan istifadə edirdik. Bu, şiş toxumasına təsir etməklə bərabər orqanizmin sağlam toxumalarına mənfi təsir edirdi. Sözsüz ki, bu da bir çox ağırlaşmalara səbəb olurdu. İndi müasir tələblərə cavab verən avadanlıqlar var ki, onlarla biz ətraf toxumaları zədələmədən sırf şişi müalicə edə bilirik. Artıq bu avadanlıqlardan Azərbaycana da gətirilib və şüa müalicəsi bu avadanlıqlardan istifadə etməklə həyata keçirilir. Hesab edirəm ki, onkologiya sahəsində dərman müalicəsi sahəsində də çox ciddi uğur əldə olunub. Bildiyiniz kimi, kimyəvi dərman müalicəsindən uzun illərdir ki, istifadə olunurdu. Onların çeşidi də get-gedə artır. Ancaq son illər bədxassəli şişlərin müalicəsində "Hədəf terapiyası" deyilən müalicə üsulundan da istifadə edirik. Deyim ki, bu üsul son dərəcə uğur qazanıb. İndi nəinki şişlərin ilkin mərhələsində xəstələri müalicə edir, bu, son tətbiq olunan "Hədəf terapiyası"nın və immun müalicəsinin təsiri ilə hətta yayılmış şişlər ilə də xəstələri uzun müddət yaşada bilirik. Bunlar bu  gün onkologiyanın inkişaf etmiş sahələridir. Bu və ya digər şiş növlərinin vaksinlərinin yaradılması istiqamətində də çox ciddi tədqiqatlar aparılır.

Əminəm ki, vaxt gələcək, biz necə ki insanları peyvənd etməklə yoluxucu xəstəliklərin qarşısını alırıq, bu və ya digər formada insanlarda təsadüf olunan şiş formalarına qarşı da vaksinlər olacaq və biz xəstələri peyvənd etməklə onların  gələcəkdə şiş xəstəliklərindən qorunmasına nail ola biləcəyik.

- Əhlman müəllim, çox maraqlı bir məqamın üstünə gəldik. Müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə bəzən belə məlumatlara rast gəlirik ki, dünyada olan hansısa güc sahibləri, dərman mafiyası daha çox pul qazanmaları üçün biznes maraqları naminə bədxassəli şişlərin vaksinini tapan alimləri hansısa yolla aradan götürürlər.

- Bu cür söhbətlər, yazılar həmişə olub. Belə məlumatlar tək bədxassəli şişlərlə bağlı olmayıb, bütövlükdə digər xəstəliklərlə də bağlı olub. Multimedia sistemində, sosial platformalarda belə fikirlərə rast gəlinir. İlkin olaraq qeyd edim ki, bunu ciddiyə almaq lazım deyil. Onların böyük əksəriyyəti həqiqətə uyğun deyil. Əgər biz yazılanların hamısına inansaq, ümumiyyətlə, insanların xəstələnmə və ölüm göstəriciləri sıfıra düşərdi. Sosial mediada rast gəlirik ki, hansısa ölkədə xərçəngi tam müalicə edirlər. Hansısa ölkədə bunu insanlardan gizlin saxlayırlar, heç kimə demirlər. Mən sizə səmimi deyirəm, bu gün dünyada olan onkoloqların bir-birindən gizli heç bir sirri yoxdur. Amerikada, Avropanın inkişaf etmiş ölkələrində onkoloji xəstələr hansı protokolla  müalicə olunursa, eyni protokolla da bizim ölkədə müalicə aparılır. Deyilənlərin heç birinin əsası yoxdur. Ancaq mən hesab edirəm ki, "İmmun terapiyası", "Hədəf terapiyası"nın perspektivi kimi peyvəndlərin də bədxassəli şişlərin profilaktikasında böyük perspektivi var.

- Əhliman müəllim, bu bir həqiqətdir ki, xərçəng xəstəliyi aşkarlanan xəstələrin əksəriyyəti 6 aydan sonra dünyalarını dəyişir. Bunun sirri nədədir? Xəstənin sağalmaz xəstəliyə düçar olduğunu bilib qorxu hissi keçirməsi, yoxsa xəstənin vaxtında  həkimə  müraciət etməməsidir?

- Ümumiyyətlə, onkoloji xəstələrin müalicələrinin nəticələrinin proqnozu beşillik müddətlərlə hesablanır. Buna beşillik yaşama müddəti də deyilir. Bilirsiniz, bu niyə belədir? Adətən, onkoloji xəstələrin müalicəsindən sonra xəstələrdə beş il müddətində xərçəngin residivi baş vermirsə, o insanlarda böyük şans yaranır ki, gələcəkdə xəstəliyi geri qayıtmasın. Ona görə də biz bu və ya digər müalicənin nəticələrini qiymətləndirəndə beşillik yaşam müddətini əsas götürürük. Bu dövrü keçəndən sonra xəstəliyin geri qayıtma şansı kifayət qədər aşağı olur. Digər vacib problem bədxassəli şişlərin müalicəsi ilə bağlı ilkin diaqnostikadır. Çox təəssüflər olsun ki, bir çox bədxassəli şişlər insan orqanizminin qapalı nahiyəsində olur. Onların isə əlamətləri uzun müddət hiss olunmur. Adətən, şişlərin əlaməti o vaxt meydana çıxır ki, onlar yayılmış mərhələdə olur. Ona görə erkən diaqnostika kifayət qədər o xəstələrin taleyini həll edir.

Əgər xərçəngin müxtəlif formalarına yoluxmuş insanlar xəstəliyin birinci, ikinci mərhələsində bizə müraciət edirlərsə, onların 99 faizi sağalır. Lakin vaxtı keçmiş, başqa orqanlara da sirayət etmiş, metastaz vermiş xəstələrə kömək etmək imkanı xeyli məhdudlaşır. Bu o demək deyil ki, heç bir şey edə bilmirik. Məsələ burasındadır ki, belə xəstələrin istər-istəməz yaşama müddəti az olur.

İlkin diaqnostika çox vacibdir. Sovet İttifaqı dönəmində buna dispanserizasiya deyilirdi. SSRİ dövründə mütəmadi olaraq insanlar işlədiyi müəssisədə hökmən məzuniyyət qabağı məcburi qaydada rentgendən keçib ağciyərini yoxlatdırırdı. İndi dünyada "skrininq" deyilən uğurlu müayinələr aparılır. Ümumiyyətlə, hər bir insan mütəmadi olaraq öz sağlamlığı ilə bağlı müayinədən keçməlidir. 

Düzdür, bunun üçün vəsait tələb olunur. Ancaq mən hesab edirəm ki, İcbari Tibbi Sığortanın tətbiqi bu məsələni xeyli yüngülləşdirəcək.

- Amma xərcəng xəstəliyinin müalicəsi İcbari Tibbi Sığortaya salınmayıb.

- Bu  isitiqamətdə çox ciddi iş gedir. Mən əminəm ki, bu məsələ də həllini tapacaq. Biz bilirik ki, xərçəng xəstələrinin müalicəsi  səhiyyənin ən  böyük maliyyə vəsaiti tələb edən sahəsidir. Xüsusilə şiş əleyhinə olan dərmanlar, "İmmun terapiya"da, "Hədəf terapiya"sında, kimyəvi üsulla müalicədə istifadə olunan dərmanlar böyük maliyyə tutumludur. Bu məsələləri mən dəfələrlə Milli Məclisdə qaldırmışam. Bu günlərdə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığortanın nümayəndələri ilə birgə dinləmə keçirildi. Dinləmədə də bu məsələ müzakirə olundu. Bu məsələ hökmən öz həllini tapmalıdır. Müayinələr, müayinələr, müayinələr...  

- Bir zamanlar həkimlər xəstənin xərçəng olmasını xəstədən gizlədirdilər? İndi həkimlər hətta dəqiq diaqnoz müəyyənləşmədən xəstəyə xərçəngdən "şübhələndikləri"ni deyirlər. Sizin buna münasibətiniz necədir? Xəstənin hər şeyi bilməsi vacibdir?

- Bu məsələ həmişə müzakirə mövzusu olub. Bununla bağlı dünyanın bir çox ölkəsində hələ uzun illər əvvəl mübahisələr gedibdir. Təxminən bir 20-30 il əvvəl biz Amerikaya gedəndə görürdük ki, xəstələrin özlərinə, yaxınlarına açıq deyirdilər ki, onlarda xərçəng xəstəliyi var. Avropada da onun kimi. Biz SSRİ dövründə bunu xəstələrdən gizlədirdik. Deyirlər ki, bunun psixoloji tərəfi var. Düzdür, xəstələr eşidəndə onda xərçəng xəstəliyi var, bunu normal qəbul etməyənlər, hətta intihar edənlər də olub. Mən Moskvada işləyəndə belə hallarla rastlaşmışam. Niyə bəzi ölkələrdə xəstələrə açıq deyilir ki, sizdə xərçəng xəstəliyi var? Çünki o ölkələrin əhalisi xərçəng müalicəsi haqqında məlumatlıdırlar. Bizdə hələ bu gün də bu tendensiya qalmaqdadır. Xəstənin qohumları bizə deyir ki, xəstəliyi bizə deyin, xəstələrə deməyin... 

Xəstə müalicə olub sağalır, xəbəri olmur ki, bu xərcəngdən müalicə olunub. 

Mənim fikrimcə, onkoloqların, həkimlərin əsas vəzifəsi ondan ibarətdir ki, həqiqi olaraq xəstəliklərin müalicəsinin nəticələrini, proqnozlarını insanlara bildirsinlər. Süd vəzi xərçənginə tutulmuş qadın bilməlidir ki, bu xəstəlik müalicə olunan xəstəlikdir. 

Artıq 33 ildir ki, Azərbaycandayam. 20 il də Moskvada çalışmışam. Kifayət qədər çox xəstələri əməliyyat etmişəm. Təsəvvür edirsiniz, 35 - 40 il bundan əvvəl əməliyyat etdiyim xəstələr, Rusiyada, keçmiş sovetlər birliyinin başqa respublikalarında yaşayanlar mənimlə bu gün də əlaqə saxlayırlar. Əməliyyat etdiyim xəstələrdən  qeyri-onkoloji xəstəlikdən dünyasını dəyişənlər də var. Onu demək istəyirəm ki, bu xəstəliklər müalicə olunan xəstəliklərdir. Keçən əsrin ortalarında olan nəticə ilə bu günü heç cür müqayisə etmək olmaz. Vaxt olub ki, bədxassəli şişlərdən bütövlükdə sağalananların sayı 10 faiz də olmayıb. Bu gün dünya üzrə bu xəstəliklərdən sağalanların sayı 60 faizi keçib. Ancaq burada bir faktor da var: dünyanın heç də bütün ölkələrində əhali bədxassəli şişlərdən adekvat müalicə ala bilmir. Az inkişaf etmiş ölkələrin, kasıb ölkələrin vətəndaşlarının müalicə almaq imkanları yoxdur. Bu xəstələrin müalicəsi üçün avadanlıqların alınması böyük maliyyətutumludur. Çox şükür ki, bizdə bütün xəstəxanalarda ən müasir avadanlıqlar quraşdırılıb. Nəinki Bakıda, bölgələrimizdəki xəstəxanalar belə avadanlıqlarla təmin olunub. Elə ölkələr var ki, onlarda bu imkanlar yoxdur. Şübhəsiz ki, belə olan halda o ölkələrdə bu cür xəstəliklərin müalicəsinin nəticəsi də aşağı səviyyədə olacaq. Statistika göstərir ki, Amerikada bütün bədxassəli şişlərdən sağalma artıq 70 faizə çatıb. Elə bədxassəli şişlər var ki, bu rəqəm 99 faiz təşkil edir. Süd vəzi xərçəngi, prostat vəzi xərçəngi, xayanın xərçəngi, dəri xərçəngi, qalxanvari vəzin xərçənglərinin bir çox formalarından tamamilə müalicə olunub sağalırlar.

Mən xəstələrə xərçəng olub-olmamağın deyilməsinə bu cür yanaşmanın tərəfdarıyam ki, həkimlə üzbəüz oturan xəstənin intellektual səviyyəsinə, savadına, psixoloji durumuna  baxıb ona bu xəstəlik haqqında məlumat verilməlidir. Ondan sonra ona deyilməlidir. Xəstəlik haqqında nisbətən məlumatı olmayan, psixoloji durumu qənaətbəxş olmayan insanların isə yaxınlarına məlumat vermək lazımdır. Ancaq deməmək də böyük bir problemdir. Bəzən digər faktorlar da olur. İnsanların varislik məsələsi və bir çox hüquqi məsələlər var ki, insanlar bunları bilib həll etməlidirlər. Ona görə də mən tərəfdarıyam ki, xəstə ilə söhbət edib başa saldıqdan sonra ona xəstəliklə bağlı məlumat verməliyik.

- Əhliman müəllim, bəzi mətbuat orqanlarında, televiziya kanallarında  xərçəngi qeyri-peşəkar üsullarla müalicə edən "həkim"lərə, məlumatlara rast gəlirik. Bədxassəli şişlərin qeyri-peşəkar üsulla "müalicə"sinə nə dərəcədə inanmaq olar?

- Çox təəssüflər olsun ki, belə hallar həmişə olub, indi də var. Hələ sovetlər dönəmində də belə "həkim"lərə rast gəlmişik. Bunları dəqiq yoxlayıb araşdıranda görürsən ki, avantüradan başqa bir iş deyil.

Mən Moskvada çalışanda Tbilisidə çox səs-küy doğuran bir hadisə baş vermişdi. Hətta "Pravda" qəzeti o vaxt yazmışdı ki, Qara dəniz akulasının qara ciyərindən hansısa bir veterinar həkim xərçəng əleyhinə dərman hazırlayıb. O, bütün xərçəng xəstələrini, fərqi yoxdur, vaxtı keçmiş, ya xəstəliyin ilkin mərhələsində olsun, müalicə edir. O zaman SSRİ-də xeyli xərçəng xəstələrinin Tbilisiyə axını baş verdi. SSRİ səhiyyə naziri akademik Çazov bir komissiya yaratdı ki, "gedin, yoxlayın". Mən də Moskvada Onkoloji Mərkəzin işçisi kimi o komissiyanın üzvü idim. Məlum oldu ki, onların bəzisində heç bədxassəli şiş olmayıb. Yüzlərlə belə şeyə rast gəlmişik. Rusiyada, Orta Asiyada da belə hallar olub.

Kimya sahəsinin mütəxəssislərinin belə "ixtiraları" da çox olub. Hansısa xəstə sağalıbsa, onda xərçəng olmayıb. Xəstələrin  bütövlükdə hər hansı xəstəliyə şübhəsi olduğu vaxt hökmən o sahənin mütəxəssisinə müraciət etməlidilər. Mətbuatla, sosial media məlumatları ilə xəstəlik müalicə etmək olmaz. Distant müalicə olmur. Sonradan əsl mütəxəssisə müraciət edəndə də çox gec olur. 

Qeyd etdiyim kimi, bədxassəli şişlər digər xəstəliklər kimi insan orqanizmində əmələ gələn dəyişikliklər nəticəsində baş verən bir prosesdir. Bu gün bizi çətinə salan odur ki, birincisi, bədxassəli şişlərin tam əmələgəlmə səbəblərini dəqiq bilmirik. İkincisi, çox təəssüflər olsun ki, onları ilkin mərhələdə aşkara çıxarmaq da hələ o qədər asan  deyil. 


Müsahibəni apardı:

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

11:19
19 Fevral

Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur

11:13
19 Fevral

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

10:43
19 Fevral

Ramiz Teymurov: Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik  

10:42
19 Fevral

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

10:39
19 Fevral

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

10:38
19 Fevral

İqdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

10:21
19 Fevral

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

10:09
19 Fevral

Çempionlar Liqası: "Bavariya" 1/8 finalda, "Milan" və "Atalanta" mübarizəni dayandırıb

09:57
19 Fevral

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

09:37
19 Fevral

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  

09:18
19 Fevral

Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur

09:15
19 Fevral

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!