İnvestisiya qoyuluşu iqtisadi inkişafın təmin edilməsində ən önəmli vasitədir. Təsadüfi deyil ki, mütəxəssislər inkişaf etmiş ölkələrin iqtisadiyyatının bu səviyyəyə çatmasında başlıca səbəb kimi investisiya qoyuluşlarındakı fəallığı qeyd edirlər.
Azərbaycanda da bu istiqamətdə strategiya hazırlanıb və həyata keçirilir. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. Bu gün Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) iqtisadi artımı dəstəkləmək, məşğulluq imkanları yaratmaq və qeyri-neft sənayesinin rəqabət qabiliyyətliliyini artırmaq istiqamətində ardıcıl işlər aparır.
Son 5 il isə iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü kimi xarakterizə edilə bilər. İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin dövrdə AİŞ ümumi dəyəri 1,7 milyard manat olan layihələrə vəsait qoyub. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir. Əlavə olaraq 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb edilib. Cəlb edilmiş həmin investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına hesablanıb.
AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusən də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə də iştirak edir. Qurumun dəstəyi ilə qida və əczaçılıq sənayesi, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların istehsalı həyata keçirilir. Hazırda xüsusi diqqət ayrılan sahələrdən biri də səhiyyə sistemidir. Səhiyyə infrastrukturunu gücləndirməklə yanaşı, həm də ölkə daxilində ən üstün beynəlxalq standartlara cavab verən yüksəkkeyfiyyətli tibbi ləvazimatların və dərman preparatlarının istehsalına imkan yaradan əczaçılıq layihələrinə investisiyalar ayrılır. Fakt olaraq "Diamed" şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində müəssisələrin istifadəyə verilməsi layihələrini qeyd etmək olar. Müəssisələrdən biri birdəfəlik şprislərin, digəri isə "Natrium xlorid", "Ringer laktat" və "Qlükoza" kimi həyati əhəmiyyət kəsb edən venadaxili infuziya məhlullarının istehsalı üzrə ixtisaslaşıb.
Regionlar da AİŞ-in həyata keçirdiyi layihələrdən kənarda qalmır. Bu gün Balakən rayonunda "Balkhoorma" və "Balacans Agro Food" zavodlarında quru meyvələr istehsal olunur. AİŞ-in layihələri hər iki şirkətdə istehsalçılara dəstək verir, istehsal edilən məhsullar isə regionun, o cümlədən bütünlükdə ölkənin ixrac potensialını artırır. Yevlaxda isə illik 22 milyon ədəd damazlıq yumurta istehsal gücünə malik zavodun birinci fazasının tikintisi başa çatıb. Bu layihə yüksəkkeyfiyyətli və münasib qiymətə damazlıq yumurtaların istehsalı ilə ölkənin idxaldan asılılığının azaldılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. AİŞ Ağdam Sənaye Parkında müxtəlif sənaye sahələrində çalışan işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin edən işçi ayaqqabı istehsal edən "Bafco" fabrikinə də sərmayə yatırıb. Bu sırada habelə son beş il ərzində həyata keçirilən əsas layihələr arasında Ağdam rayonunun Şahbulaq kəndində daş karxanasını və Xocalıda bərpa edilmiş sement zavodunu qeyd etmək olar. Bu müəssisələrdə istehsal edilən tikinti daşı və sement işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərində istifadə edilir. Qəbələ rayonunda isə gürcüstanlı tərəfdaşlarla birlikdə spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutulur ki, bu da qida sənayesinin inkişafında mühüm addım olacaq. Bundan başqa, Gəncədə "Azərbazalt" MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.
Məlumdur ki, işğaldan azad edilmiş torpaqlar "yaşıl zona" elan edilmişdir. Qarabağ və Şərqi Zəngəzurda isə bərpaolunan enerji istehsalı üçün geniş imkanlar var. Mütəxəssislərin son hesablamalarına görə, regionda 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Təkcə Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən "yaşıl enerji" kimi istifadə olunması imkanları daha çox diqqət çəkir.
Bütün bunları nəzərə alan AİŞ işğaldan azad edilmiş ərazilərdə "yaşıl layihə"lərin həyata keçirilməsinə fəal şəkildə investisiya yatırır. İqtisadiyyat Nazirliyinin bununla bağlı məlumatında bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 4 layihənin inkişafına və regionun dirçəldilməsinə dəstək çərçivəsində AİŞ 44,8 milyon manat investisiya yatırır. Şirkətin portfelində Türkiyənin "Demirören Holding"i ilə birgə həyata keçirilən 5 kiçik su-elektrik stansiyasının bərpası layihəsinin də xüsusi yeri var. Bundan əlavə, AİŞ Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" günəş-elektrik stansiyasının tikintisi layihəsində iştirak edir.
AİŞ-in planlarına gəldikdə, şirkətin gələcək investisiya layihələrindən biri Macarıstanın "HELL Energy" şirkəti ilə birlikdə Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisənin inşasında iştirak etməsidir. Zavod Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə yanaşı, ölkəmizin ixrac potensialını da artıracaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"