03 Sentyabr 2024 22:07
68
Elm və texnika
A- A+

ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

 

ADA Universitetində ilk dəfə olaraq 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə tələbə qəbulu həyata keçirilib. ADA Universitetində yeni tədris ilinin başlanması münasibətilə “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə qəbul olunan tələbələr və onların valideynləri ilə görüş təşkil olunub. Görüşdə ADA-nın rektoru, səfir Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazirliyin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olduğunu deyən rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, müasir dövrdə aqrar sahədə rəqabətədavamlı kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təsis edilən “Kənd təsərrüfatı və qida elmləri” fakültəsində yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin yetişdiriləcəyini deyən Hafiz Paşayev əlavə edib ki, İtaliyanın Bolonya Universiteti ilə əməkdaşlıq bu sahədə təhsil alan gənclərə beynəlxalq səviyyəli təhsil və bacarıq qazandıracaq.

Sonda rektor vurğulayıb ki, sözügedən fakültənin bu il qəbul edilən ilk tələbələri ADA Universitetindən ölkəmizin inkişafına dəstək ola biləcək peşəkar kimi məzun olacaqlar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, nazirliyin fəaliyyəti, həyata keçirilən innovativ layihələr barədə tələbələrə ətraflı məlumat verib. Aqrar sahədə innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verildiyini deyən nazir tələbələrin bu sahədəki yenilikləri mənimsəməsinin və gələcək fəaliyyətlərində tətbiq etməsinin cəmiyyət üçün faydalı olacağını vurğulayıb.

Yeni açılmış fakültənin dekanı Matteo Vittuari rəqabətədavamlı kadr hazırlığı, tədris prosesinin təşkili, ADA-Bolonya Universiteti arasında əməkdaşlıq, aqrar sahədə təcrübə mübadiləsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. ADA Universitetinin aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumlarla sıx əməkdaşlıq etdiyini deyən Matteo Vittuari bildirib ki, Bolonya Universiteti ilə qarşılıqlı bilik və təcrübə mübadiləsinin aparılması tələbələrin peşəkar kadr kimi yetişməsinə zəmin yaradır.

Təbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli kənd təsərrüfatını strateji və unikal sahə adlandırıb. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edildiyini deyən Azad Cəfərli bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artdığını bildirib. Aqrar sahənin inkişafının peşəkar kadrlardan asılı olduğunu deyən Aparat rəhbəri tələbələrin zəruri bilik və bacarıqlara yiyələnəcəklərinə və ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Kənd təsərrüfatı və qida elmləri fakültəsinə qəbul olunan tələbələr və onların valideynlərinin sualları cavablandırılıb, tədris prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Kənd təsərrüfatı və qida elmləri fakültəsi İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlıq nəticəsində təsis edilib. Bu ildən fakültə üzrə bakalavr və magistr ixtisasları ADA Universitetinin Bakı kampusunda, Qazax və Gəncədəki regional mərkəzlərində tədris olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video