ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Birləşmiş Ştatların onlarla beynəlxalq və BMT təşkilatından, o cümlədən əsas iqlim müqaviləsindən, habelə gender bərabərliyini və qadınların səlahiyyətlərini təşviq edən BMT qurumundan çıxacağını açıqlayıb. O qeyd edib ki, bu təşkilatlar “ABŞ-ın milli maraqlarına zidd hərəkət edir”.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Trampın icra sərəncamı bütün ABŞ federal qurumlarından 31 BMT strukturunun, həmçinin digər 35 qurumun fəaliyyətində iştirakını və onların maliyyələşdirilməsini dayandırmağı tələb edir.
Ağ Evin bəyanatında deyilir: “Bu ixtisarlar Amerika vergiödəyicilərinin maliyyələşdirilməsinə, qlobal maraqları ABŞ-ın prioritetləri hesabına inkişaf etdirən və ya vacib məsələləri qeyri-səmərəli şəkildə həll edən təşkilatlarda iştirakına son qoyacaq ki, ABŞ-ın vergiödəyicilərinin pulları müvafiq missiyaları digər vasitələrlə dəstəkləmək üçün daha yaxşı istifadə edilsin”.
Trampın bu addımı onun çoxtərəfli qurumlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatına qarşı uzun müddətdir davam edən ehtiyatlı mövqeyini əks etdirir. O, beynəlxalq təşkilatların effektivliyini, xərclərini və hesabatlılığını dəfələrlə şübhə altına alaraq, onların tez-tez ABŞ maraqlarına xidmət etmədiyini iddia edib.
Tramp ikinci müddətinin əvvəlindən bəri ABŞ-ın BMT-yə maliyyələşdirməsini azaltmağa, BMT İnsan Hüquqları Şurasındakı iştirakını dayandırmağa və BMT-nin mədəniyyət təşkilatı olan UNESCO-dan çıxmağa çalışıb. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını açıqlayıb.
ABŞ-ın siyahısına, həmçinin BMT-nin Ticarət və İnkişaf Konfransı, Beynəlxalq Enerji Forumu, BMT-nin Adi Silahlar Reyestri və Sülh Quruculuğu Komissiyası daxildir.