01 May 2024 09:00
177
SİYASƏT
A- A+

ABŞ Azərbaycanın iradəsi ilə yaranan reallıqları qəbul edir

 

"ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə açıq təması onu göstərir ki, bu ölkənin Azərbaycana diqqəti olduqca böyükdür. Blinkenlə İlham Əliyev arasında aprelin 28-də baş tutan telefon danışığından da bir daha aydın oldu ki, Azərbaycanın atdığı addımlar ABŞ rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Azərbaycan-Ermənistan məsələsində ABŞ-nin bir çox hallarda tərəf tutmasına baxmayaraq, ölkəmizin qətiyyəti və iradəsi qəbul edilir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat qeyd edib ki, Vətən müharibəsindən sonrakı dönəmlərdə Ermənistan, ABŞ və Avropa İttifaqı təmsilçilərinin birgə görüşü elə mənzərə yaradırdı ki, sanki Azərbaycanın mövqelərinin zəiflədilməsi istiqamətində müəyyən addımlar atıla bilər: "Lakin Azərbaycanın mövqeyi, güclü iradəsi, Prezident İlham Əliyevin prinsipiallığı bu məsələnin heç də asan olmadığını sübut etdi. Bütün bunların nəticəsidir ki, bir neçə gün əvvəl baş tutmuş telefon danışığında ABŞ rəsmisinin verdiyi açıqlamalar da təsdiq edir ki, bu ölkə xüsusilə də Ermənistanın Qazaxın 4 kəndini boşaltmasından sonra delimitasiya və demarkasiya prosesinin davam etməsində Azərbaycanın iradəsini qəbul edir. Danışıqlar zamanı bilavasitə bu problemlərə toxunulub, Azərbaycanın obyektiv mövqeyinin, regionda sülhün bərqərar olması üçün atılan addımların təqdirlə qarşılanıldığı aydın olub".
Deputatın sözlərinə görə, telefon danışığı zamanı COP29-la bağlı aparılan müzakirələr olduqca önəmlidir. Bu məsələdə ABŞ və Azərbaycan mütəxəssislərinin əməkdaşlığının da xüsusi vurğulanması onu göstərir ki, ölkəmiz yüksəksəviyyəli tərəfdaş kimi dünya arenasında öz mövqeyini qəbul etdirə bilib. ABŞ rəsmisinin insan haqları məsələsinə vurğu yönəltməsi ilə ölkəmizin mövqeyinin dəyişməz olduğunun şahidi olduq. Azərbaycan onun daxili işlərinə müdaxiləyə imkan vermir və insan haqlarının müdafiəsi məsələsinə başqa ölkələrin marağını və istəyini təminetmə vasitəsi kimi yox, öz vətəndaşının hüquq və azadlığını qoruma vasitəsi kimi baxır. 
"ABŞ Dövlət katibinin də müəyyən şəxslərin həbsdən azad olunması, əfv prosesi, müəyyən şəxslərin ev həbsinə buraxılması kimi məsələləri nəzərdə tutaraq, Azərbaycanda bu mənada irəliləyişlər olduğunu qeyd etməsi bizim üçün önəmlidir. Təbii ki, bu, başqa ölkələrin iradəsi ilə baş vermir. Azərbaycanın hüquq sistemi aidiyyəti məsələləri ədalətlilik və obyektivlik prinsipləri əsasında həll etməyə çalışır", - deyə müsahibimiz söyləyib.
Fazil Mustafa vurğulayıb ki, Azərbaycanın atdığı addımlara təqdiredici formada münasibət bildirilməsi nə qədər doğru yolda olduğumuzu göstərir. Biz bu əlaqələri bütün dövlətlər və aparıcı dünya ölkələri ilə davam etdirməyi hədəfləmişik. Xarici siyasətimizin konturları da onu deməyə əsas verir ki, Azərbaycan üçün müsbət irəliləyişlər qaçılmazdır".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video