Ulu Öndərin təşəbbüsü ilə 19 avqust 1975-ci ildə Şəmkir SES-in təməli qoyulub
"Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-Elektrik Stansiyasının təməlini qoydum və bunu qurub-yaratdım.
İndi o, Azərbaycan xalqına xidmət edir..."
Heydər ƏLİYEV
Ölkəmizin qərb bölgəsində, xüsusən də Şəmkir rayonunun ictimai-iqtisadi həyatında, insanların sosial həyat şəraitinin yaxşılaşmasında müstəsna əhəmiyyətə malik obyektlərdən biri də Ümummilli Liderin əvəzsiz yadigarlarından olan Şəmkir SES və Yenikənd SES-dir. Hər iki nur selinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub.
Böyük Qafqaz sıra dağlarının ətəklərində, Boz dağın qoynunda, Dəli Kürün üstündə qərar tutan bu qoşa nur seli dünyaşöhrətli siyasətçi, tanınmış dövlət xadimi Heydər Əliyevin təşəbbüsü sayəsində həyata vəsiqə almışdır. Ulu Öndər ölkənin təbii ehtiyatlarının potensialından uzaqgörənliklə istifadə etməklə Azərbaycanda elektrik enerjisi istehsalını önə çəkmiş, ölkənin elektrikləşdirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Kür çayı üzərində ucaldılan silsilə su-elektrik stansiyaları layihəsinin təşəbbüskarı və hamisi olan respublika rəhbəri 50 il bundan əvvəl -1975-ci il avqustun 19-da yayın qızmar günlərində - Şəmkirə gəlmiş, Kür çayının qarşısında möhtəşəm bəndin təməlqoyma məqasimində iştirak etmişdir.
İllərlə insan ayağı dəyməyən bu yerlərə qısa müddətdə maşın-mexanizmlər gətirildi, nəqliyyat vasitələri, vaqon-evlər görünməyə başladı. Aylar bir-birini əvəz etdikcə bənd ucaldı, işlər artdıqca işçilər də çoxaldı. Bənddə görülən işlərin gedişi və problemlərlə yerindəcə tanış olmaq məqsədilə növbəti dəfə Şəmkirə gələn Ulu Öndərin təşəbbüsü ilə burada çalışan fəhlə və mütəxəssislər üçün yeni yaşayış massivinin - Aşağı Bitdili kəndindən yuxarıda energetiklər üçün Kür qəsəbəsinin əsası qoyuldu. Müasir texnika, zəhmətsevər əllər, insan nəfəsi bu yerlərin simasını tədricən dəyişdi. O zaman çoxlarına xəyal kimi görünən Şəmkir SES-in tikintisi SSRİ-nin respublika rəhbərləri sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başladı. Nəhayət, 1982-ci il dekabr ayının 22-də Heydər Əliyevin xeyir-duası ilə SES-in ilk bloku işə salındı. Bir müddət sonra ikinci blok da işə düşdü. Beləliklə, ölkənin enerji sisteminə 380 meqavatlıq dəyərli bir obyekt qoşuldu. Bununla da Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti respublikamızın qərb bölgəsinə, xüsusilə Şəmkir və Samux rayonlarının təsərrüfatlarına məhsul bolluğu, evlərə ruzi-bərəkət gətirdi. Mingəçevirdən üzü Qazaxa kimi yüzlərlə insan burada özünə iş yeri, yeni peşə tapdı, sənət öyrəndi, işlədi, ali təhsil aldı, xoşbəxt ailə həyatı qurdu. Bir sözlə, cəmiyyətə layiq ailə, oğul-qız, ev-eşik sahibi oldular. Uzaq və yaxın şəhərlərdə işləyən neçə-neçə şəmkirli öz dədə-baba kəndinə qayıtdı, əl-qolunu çırmayıb SES-də həvəslə işlədi. Qəsəbə gündən-günə böyüdü və abadlaşdı. Dünyamızın narahat vaxtlarında - 1989-1990-cı illər Fərqanə hadisələri zamanı Özbəkistandan qaçqın düşərək gəlib Kür qəsəbəsində məskunlaşan, məlum hadisələr zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə mənfur erməni snayperinin gülləsinə tuş gələn, göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən topçu İsgəndərin ailəsi də bu qəsəbədə yaşayır.
Özülü qoyulan gündən Şəmkir SES bu yerlərə yeni həyat, iqtisadi rifah gətirdi. SES-də işin səmərəliliyini artırmaq məqsədilə enerjinin ötürülməsi üçün yeni yarımstansiyalar quruldu, maşınlı su kanalı işə salındı. İllərlə əkinçiliyə həsrət qalan torpaq sahələrinə suvarma suyu verildi, yeni təsərrüfat sahələri, müəssisələr, sex və sahələr yaradıldı.
Kür çayının üstündə ucalan Şəmkir SES-də ötən illər ərzində təxminən milyardlarla kilovatsaat ucuz və keyfiyyətli elektrik enerjisi istehsal edilərək Azərbaycan energetika sisteminə ötürülmüşdür ki, bu da milyonlara bərabər əmtəə məhsulu deməkdir. Ümummilli Lider Heydər Əliyevin stansiyanın inzibati binasının həyətində mərmər lövhəyə həkk olunan "Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-elektrik Stansiyasının təməlini qoydum və onu qurub-yaratdım" kəlamı burada çalışan hər bir energetikin qürur mənbəyinə çevrilib.
Şəmkir SES silsiləsinin davamı olan Yenikənd SES də qərb bölgəsində camaatın qəlbində, ən mötəbər məclislərdə Ulu Öndər Heydər Əliyevin əvəzsiz yadigarları sırasında daim xatırlanır. Şəmkir SES-in ikinci pilləsi olan Yenikənd SES-in təməli 1984-cü ildə qoyulub. Bu zaman Heydər Əliyev artıq Moskvada, SSRİ rəhbərliyində yüksək dövlət vəzifəsində çalışırdı. O dövrdə Azərbaycanda yaranan ictimai-siyasi hadisələrin gərginliyindən tikinti işləri çox zəif getdi, bəzən fasilələrə yol verildi. 1990-1991-ci illərdə, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxtlarda burada sahibsizlik və özbaşınalıq yarandı, işlər tamamilə dayandırıldı. Sonralar bu zaman kəsiyini təəssüflə yada salan Ümummilli Lider demişdir: "...Biz o illərdə, 70-ci illərdə Kür çayı üzərində tikiləcək Yenikənd Su-elektrik Stansiyasının layihəsini hazırladıq, təsdiq etdik.
Biz Şəmkir Su-Elektrik Stansiyasından sonra bu su elektrik stansiyasının tikintisinə başlamalı idik. Ancaq təəssüflər olsun ki, bu məsələ hələ SSRİ mövcud olduğu zamanda - 80-ci illərin sonunda - SSRİ dağılandan sonra da şübhəsiz ki, bunlara heç fikir verən olmadı".
Acı da olsa, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə bərbad vəziyyətə düşmüş bu mühüm obyektdə əsl həqiqət belə idi. Etiraf etməliyik ki, yalnız xalqımızın təkidli tələbi ilə yenidən respublikada hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və tükənməz qayğısı sayəsində yarımçıq tikilinin üzünə gün düşdü, Yenikəndin yeni günləri başlandı. Ölkə rəhbəri o ağır illərdə yenidən bu sahəyə diqqət yönəltdi. Şəxsi nüfuzu və aparılan ciddi danışıqlar sayəsində Avropa Yenidənqurma və İnkşaf Bankından lazımi maliyyə dəstəyi alındı. Həmçinin respublikanın daxili imkanları bu sahəyə cəlb olundu, stansiyada tikinti-quraşdırma işləri canlandırıldı, əvvəl ikinövbəli, sonra da üçnövbəli iş rejimi yaradıldı. Nəhayət, Ulu Öndərin şəxsi əlaqələri, diqqət və qayğısı sayəsində tikinti keyfiyyətlə başa çatdırıldı. 2000-ci il mayın 23-də hər biri 37,5 meqavat gücündə üç hidroaqreqat işə salındı.
Açılış mərasimində Heydər Əliyev dördüncü hidroaqreqat üçün nəzərdə tutulmuş yerlə maraqlandı. Bu məsələ neçə vaxt idi ki, ləngiyirdi. Dövlət başçısı hidroaqreqatın alınmasına və quraşdırılmasına xeyir-dua verdi, işə tezliklə başlamaq üçün əməli yardım göstərdi. Bu operativ köməyin sayəsində gücü 37,5 meqavat olan dördüncü hidroaqreqat tez bir zamanda enerji sisteminə qoşuldu.
Ulu Öndərin bu sahədəki ideya və ənənələri uğurla davam edir. Ölkəmizdə sabitliyin və tərəqqinin qarantı olan Prezident İlham Əliyev nəinki Şəmkirdə, ümumiyyətlə, respublikada energetika sisteminin inkişafına müntəzəm diqqət və qayğı göstərirdi. 2013-cü il iyulun 19-da Şabran rayonunun ərazisində istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su-Elektrik Stansiyası və Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan su kanalı, Naxçıvanda, Ordubadda, Füzulidə və digər bölgələrdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yaradılan su-elektrik stansiyaları buna bariz nümunədir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin 14 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən, Kiçik Qafqaz sıra dağlarının qoynunda, Qaraqocalı kəndindən yuxarıda üzü Şəmkir SES və Yenikənd SES-ə baxan əzəmətli Şəmkir dəryaçasının əsası qoyulub. Respublikamızda həyata keçirilən ən böyük layihələrdən olan Şəmkirçay dəryaçası və ildə azı 56 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək su-elektrik stansiyası istifadəyə verilib. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr, su səthinin sahəsi 504 hektardan artıq, maksimum dərinliyi 122 metr olan bu dəryaça istismara verildikdən sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunub. 6 ədəd hidroturbin quraşdırılıb ki, bunlardan 49 meqavat elektrik enerjisi alınır. Dəryaçanın sağ və sol sahillərində yaradılmış kanalların qarşısında 5 meqavat gücündə hidroturbin quraşdırılıb. Dəryaçadan Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su verilir. Prezident İlham Əliyevin xeyir-duası ilə ərsəyə gələn dəryaçanı şəmkirlilər bolluq-bərəkət təknəsi, iqtisadi dirçəliş, işıq və nur mənbəyi, bir sözlə, yeni həyat simvolu kimi dəyərləndirirlər.
Azərbaycanın müstəqillik tarixində öz yeri, öz töhfəsi olan Şəmkir SES və Yenikənd SES Ulu Öndərin əvəzsiz yadigarları kimi həmişə ehtiramla xatırlanır.
Rəhman SALMANLI,
"Azərbaycan"