08 Yanvar 2025 08:15
1179
SİYASƏT
A- A+
2025-ci ilin prioritetləri

2025-ci ilin prioritetləri


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində ordumuzun torpaqlarımızın beynəlxalq hüquqa zidd hərbi işğalına son qoyması region dövlətlərinin mənafeyinə xidmət edən və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait yaratmışdır. Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərini möhkəmləndirir. Hazırda Azərbaycanın 22 dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.


Məharətli hərbi və siyasi-diplomatik strategiya


Vətən müharibəsindən sonra beynəlxalq nüfuzu yüksələn Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir.  Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır, vaxtilə mövcud olmadığımız bölgələrlə indi ciddi təmaslar qurulur. Bunun üçün əsas meyarlar prinsipial olaraq dəyişməz qalır: Azərbaycan dövlətinin suverenliyinin tam bərpasına olan münasibət, iki və çoxtərəfli formatda bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafı. Ənənəvi dost dövlətlərlə isə əlaqələr daha da gücləndirilir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir. 

2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədilə dövlət büdcəsindən 754,2 milyon manat məbləğində vəsait ayrılması bu sahənin də prioritet istiqamətlərdən olduğunu göstərir. Belə ki, vəsaitin 238 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili üçün planlaşdırılır ki, bu da ötən illə müqayisədə 37,1 milyon manatlıq artım deməkdir. 

2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində regionda yaranmış yeni siyasi reallıqlara uyğun olmayan və əməkdaşlığa mane olan bəzi məsələlərin yaxın zamanda həlli isə davamlı sabitliyə ciddi töhfə verə bilər. 


Şərti dövlət sərhədi ilə əlaqəli məsələlərin həlli


Dövlətimizin cəbhədə beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə əldə etdiklərinin diplomatik müstəvidə təsdiqinin davamı əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərindən olacaqdır. 1990-cı illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə sülh yolu ilə Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır. 

Həmçinin ümid edək ki, Polşanın rotasiya prinsipi üzrə sədrliyə başladığı Avropa İttifaqı müddəti 2025-ci ilin fevral ayında başa çatacaq Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv etmək təklifi ilə çıxış edəcək. Prezident Andjey Duda hələ ötən ilin noyabrında missiyanın olduğu sərhəd bölgəsinə etdiyi skandallı səfərində bu missiyanın lüzumsuz olduğuna, etiraf etməsə də, şəxsən şahid olmuşdur. Bu missiya patrulluq müddətində Azərbaycan tərəfinin bir dəfə də olsun hansısa ciddi sərhəd pozuntusu etməsini qeydə almamışdır. 

Şərqlə Qərb arasında birləşdirici halqa rolunu oynayan Azərbaycan 2025-ci ildə də regional və qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırmaqda davam edəcəkdir. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırkı de-fakto sülhün davamlı sülhə çevrilməsinə çox böyük töhfə verə bilər.


ATƏT-in Minsk qrupunun buraxılması


Xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun ləğvi öndə dayanır. Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıq diktə edir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxmışdır. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. Baş nazir Nikol Paşinyanın Prezident İlham Əliyevin Minsk qrupunun ləğvi ilə bağlı yanaşmasını "konstruktiv yanaşma" adlandırması və ötən ilin dekabrında "1994-cü ildən (ATƏT çərçivəsində - R.N.) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı" barədə açıqlaması da Minsk qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər.


Ermənistanın silahlanması sülhə təhlükədir


Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan hərbi xərclərini 8,4 milyard manat səviyyəsinə qaldırmaqla yeni rekord hərbi büdcəni planlamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistanın başlatdığı silahlanma yarışı Azərbaycan hökumətini bu addımı atmağa məcbur edir". Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdursa, təkcə 2024-2025-ci fiskal ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il postsovet məkanında ümumi daxili məhsulda hərbi xərclərin ən yüksək göstəricisi olan ölkə də məhz Ermənistan oldu (4.2 faiz). 

Prezident İlham Əliyevin xalqa Yeni il müraciətində bu mövzuda etdiyi xəbərdarlıq ciddi təhdidlərdən xəbər verir: "Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər".

İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan və dünya hərb tarixində yenilik hesab edilən döyüş taktikasının dünyanın müvafiq ali hərbi məktəbləri, o cümlədən ABŞ Hərbi Akademiyasında öyrənilməsi ordumuzun malik olduğu gücün beynəlxalq müstəvidə təsdiqidir. 


İdeoloji təhlükəsizliyin təmini


Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycana qarşı ideoloji təxribatlar artmağa başlamışdır. Bu təxribatlar müxtəlif platformalar - mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının ötən il dekabrın 21-də yaydığı hesabatında bildirilir ki, xüsusilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeydə alınmışdır.

Ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə kompleks yanaşma tələb edir. Hesab edirəm ki, qarayaxmalar ilk növbədə ölkənin imicinə, beynəlxalq mövqelərinə zərbə vurmağa hesablandığından qarayaxmalarla mübarizədə başlıca yol həm də ictimai diplomatiya sahəsində fəaliyyətin genişləndirilməsidir.

Prezidentin xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrikində "ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda ümidlər böyükdür" mesajı dövlətimizin bu istiqamətdə də dəyişikliklər tələbini və gözləntisini ifadə edir. 


"Konstitusiya və Suverenlik İli"


Perspektivli xarici siyasət uğurlu daxili siyasət kursundan qaynaqlanır və onu tamamlayır. Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan etdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında mühüm baza funksiyasına malikdir. Azərbaycan Prezidentinin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi "Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir" fikri qalib dövlətimizin hər bir dövlət qurumunu və vətəndaşını yeni çağırışların öhdəsindən gəlmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir. 

Postmünaqişə dövrünün prioritet məsələlərindən olan minatəmizləmə, bərpa-quruculuq işləri və məcburi köçkünlərin geri qayıdışı paralel olaraq və əlaqələndirilmiş şəkildə 2025-ci ildə davam etdiriləcək. Ermənistanın barbar işğalı nəticəsində Azərbaycanın 12 faiz ərazisi 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş vəziyyətdədir. Keçmiş işğal edilmiş ərazilərdən güc tətbiq edilərək qovulan və iztirablar yaşamış yüzminlərlə azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara geri qayıtmaqda çətinlik çəkir. Bununla belə, 2021-2025-ci illər üçün bərpasına 23 milyard manatdan çox vəsait ayrılan Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davam etdiriləcək. Paralel olaraq məcburi köçkünlərin geri qayıdışının davamı üçün Böyük qayıdış proqramının icra edilməsi dövlətimiz üçün prioritet məsələ olacaqdır. 

Azərbaycan Prezidenti   İlham Əliyevin sözləri ilə ifadə etsək, "artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq".


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!