Yekunlaşmaqda olan 2025-ci ildə Azərbaycanda neft və qaz hasilatı ahəngdar gedib. Bu, ixracın da fasiləsizliyinə imkan verib. Beləliklə, dünya bazarlarına ölkəmizdə hasil olunan karbohidrogenlərin ixracı davam edib.
Əvvəlcə "qara qızıl"ımızın ixracı barədə. Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 22 ölkəyə 22 milyon 132 min 445,56 ton həcmində neft ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında bildirilir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkə sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya daxil olub. Ötən 11 ayda İtaliyaya 6 milyard 524 milyon 604,65 min dollar dəyərində 12 milyon 670 min 719,72 ton, Çexiyaya 742 milyon 159,08 min dollar dəyərində 1 milyon 59,25 ton, Xorvatiyaya 666 milyon 587,01 min dollar dəyərində 1 milyon 255,21 min ton xam neft ixrac edilib. Rumıniyaya 559 milyon 691,19 min dollar dəyərində 1 milyon 43,111 min ton və Almaniya 502 milyon 18,65 min dollar məbləğində 956 min 716 ton neft göndərilib.
Xatırladaq ki, Azərbaycan neftini əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri nəql edir. 1768 kilometrlik bu kəmər başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürür, Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək Türkiyəyə çatır. Orada da xeyli məsafə qət etdikdən sonra Ceyhan limanında marşrutunu başa vurur. Azərbaycan neftinin dünya bazarlarına yolu da məhz Ceyhandan başlayır.
Ölkəmizin mavi yanacaq ixracı coğrafiyası da ildən-ilə genişlənir. Belə ki, bu il Azərbaycandan 14 ölkə qaz alıb. Bunlar Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyadır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 22 milyard 804 milyon kubmetrdən artıq təbii qaz ixrac edib. Bu rəqəmlər Dövlət Gömrük Komitəsinin məlumatlarına əsaslanır. Göstərilən həcmdə qazın dəyəri 8,1 milyard dolları keçib. Məlumatlarda Avropa bazarına ixracın artdığı göstərilir.
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-sentyabr ayları üzrə ölkənin qaz ixracında əvvəlcə ardıcıl artım, daha sonra isə pik göstəricinin ardınca nisbi sabitləşmə müşahidə olunub.
Son məlumatlara əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının coğrafi bölgüsü əsasən iki ölkənin üzərində cəmləşib. Bu dövrdə ixracın ən böyük payı qardaş Türkiyəyə məxsus olub. Belə ki, Türkiyəyə 6,64 milyard kubmetr təbii qaz satılıb və bu, ümumi ixracın 40,3 faizini təşkil edir.
Azərbaycan qazının ikinci ən iri alıcısı İtaliya olub. Həmin ölkəyə 6,25 milyard kubmetr qaz ixrac edilib və bu göstərici ümumi ixrac strukturunda 38 faiz paya malikdir. Bununla da yalnız Türkiyə və İtaliya birlikdə Azərbaycanın qaz ixracının üçdəikisindən çoxunu formalaşdırıb.
Qaz ixracının qalan hissəsi digər ölkələr arasında paylanıb. Məsələn, Gürcüstana 1,55 milyard kubmetr (9,4 faiz), Bolqarıstana 1,23 milyard kubmetr (7,5 faiz), Yunanıstana isə 0,6 milyard kubmetr (3,6 faiz) qaz göndərilib. Siyahının sonrakı pilləsində Serbiya qərarlaşıb. Bu ölkə 0,18 milyard kubmetr qaz alıb ki, bu da ümumi ixracın cəmi 1,18 faizinə bərabərdir.
Ümumilikdə, statistik göstəricilər Azərbaycanın qaz ixracının əsasən Türkiyə və Avropa İttifaqı ölkələri üzrə cəmləşdiyini, ölkənin regional və qlobal enerji bazarlarında strateji rolunun getdikcə artdığını nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan qazı Gürcüstana 2006-cı ildən Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə çatdırılır. Türkiyə ölkəmizdən qazı 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum xətti, 2018-ci ildən həmçinin TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) alır. Avropaya isə qaz TANAP-a birləşən TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) - "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti ilə ixrac edilir. Yeri gəlmişkən, bu günlərdə ölkəmizin Avropaya qaz ixrac etməsinin 5 ili tamam olacaq.
Flora SADIQLI,
"Azərbaycan"